Martın 27-30-u aralığında respublika ərazisində yağan güclü yağışlardan sonra əhalinin əmlakına dəyən zərərlə bağlı hökumət tərəfindən dəqiq statistika təqdim olunmasa da, bəzi sığorta şirkətləri ilkin göstəriciləri açıqlayıb.
Azərbaycan Sığortaçılar Assosiasiyasından bildirilib ki, şiddətli yağışlar 3 milyon manata yaxın sığortalı zərərə səbəb olub. Aprelin 1-nə 8 sığorta şirkətinə ümumilikdə 1649 sığortalı tərəfindən müraciət daxil olub. Müraciətlər üzrə hadisələrin 77 faizi və ya 1269-u paytaxt Bakı şəhərinin, 23 faizi və ya 380-i isə respublikanın digər bölgələrinin, xüsusilə şimal rayonlarının payına düşür.
Müraciətlərdən 1421-nə sığorta şirkətləri tərəfindən müsbət qiymət verilib və zərərlər qiymətləndirilib. 15 zərərçəkənin sığortası olmadığı üçün onların müraciətləri təmin olunmayıb. Qiymətləndirmə prosesi isə davam edir.
Hazırda sığorta hadisələri üzrə ehtimal olunan ümumi zərər məbləği 2 milyon 472 min 480 manat səviyyəsində qiymətləndirilir və bu rəqəmin 4 milyon manata yaxınlaşacağı gözlənilir.
Qəzetçi-nin sığorta şirkətlərinin açıqladığı rəqəmlərə əsasən apardığı hesablamalara görə, bir zərərçəkənə düşən orta sığorta ödənişi 1740 manat təşkil edir ki, bunun da təxminən 85 faizi avtomobillərlə bağlı sığorta ödənişlərinin payına düşür.
Müraciətlərin 1261-i icbari avtosığorta, 136-sı isə “Kasko” sığortası üzrə qeydə alınıb. İcbari sığorta ilə müqayisədə “Kasko” ödənişlərinin daha yüksək olduğunu nəzərə alsaq, digər əmlaklar üzrə ödəniş məbləğlərinin daha aşağı olacağı ehtimal edilir.
Daşınmaz əmlaka dəyən zərərlərin qarşılanması üçün isə cəmi 253 sığortalı müraciət edib. Onlardan 190-ı “Daşınmaz əmlakın icbari sığortası”, 63-ü isə “Əmlakın yanğından və digər risklərdən sığortası” növləri üzrə baş vermiş hadisələrlə bağlıdır.
Halbuki, güclü yağışlardan sonra paytaxtda və digər şəhər və rayonlarda ziyan dəyən daşınar və daşınmaz əmlakların sayı bu statustikada oluduğundan dəfələrlə çoxdur.
Bakı, Abşeron və Xırdalanda bir çox yaşayış evlərinin çıxarışlarının olmaması yüzlərlə evin kompensasiyadan, həmçinin sığortadan kənarda qalmasına səbəb olur.
