Dövlətin resursları prezident İlham Əliyevin nəvələrinin şəxsi maraqları üçün istifadə edilir. Söhbət Emin Ağalarovla Leyla Əliyevanın övladları Əli və Mikayıl Ağalarovdan gedir.
Həm 2025-ci ilin oktyabrında, həm də bu ilin iyulunda Ağalarov qardaşları Bakıdakı özəl biznes obyektlərinin açılışına Prezident Administrasiyasının xidməti avtomobillərində gəliblər.
Bunlar “10-PA-028”, “10-PM-086” və “10-PA-031” nömrə nişanlı minik avromobilləri olublar. Həmin avtomobillərinin sahibi isə Xüsusi Dövlət Mühafizə Ximətidir.
Bəs xüsusi mühafizə xidməti Prezident və Birinci Vitse-prezidentin nəvələrinin də təhlükəszliyini təmin etməlidirmi?
23 ildir fasiləsiz olaraq Azərbaycanın prezidenti olan İlham Əliyev 2019-cu ildə həyat yoldaşı Mehriban Əliyevanı ölkənin Birinci Vitse-prezidenti təyin edib. Konstitusiyanın 108-ci maddəsində qeyd edilir ki, Prezident və Vitse-prezidentin ailəsinin təhlükəsizliyini xüsusi mühafizə xidməti təmin edir.
Hüquqşünas Səməd Rəhimli deyir ki, Azərbaycanda fəaliyyətdə olan prezidentin təminatı ilə bağlı ayrıca bir qanunvericilik aktı mövcud deyil. Amma “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Konstitusiya Qanununda Prezidentin ailəsi dedikdə onun həyat yoldaşı və yaşı 18-ə çatmamış və öhdəsində olan uşağı, o cümlədən övladlığa götürülmüş uşağı və ya ögey uşağı nəzərdə tutulur.
“Bu baxımdan Konstitusiyanın 108-ci maddəsində prezidentin ailə üzvləri dedikdə, prezidentin özü, həyat yoldaşı və yaşı 18-dən az olan övladları nəzərdə tutulmalıdır. Qanunvericiliyə görə heç bir halda prezidentin nəvələri və yaxud digər qohumları “ailə üzvü” kateqoriyasına daxil edilə bilməz. Onlar prezidentə aid edilən dövlət əmlakından və digər imtiyazlardan yararlana bilməzlər”, – deyə Səməd Rəhimli vurğulayıb.
Prezidentin nəvələrinin xidmətinə tək Prezident Administrasiyanın maşınları və mühafizə xidmətinin əməkdaşları verilməyib. Mikayıl və Əli özəl biznes obyektlərinin açılışına gedərkən onları Dövlət Yol Polisi maşını da müşaiyət edib. Bu hal əsasən prezidentin kortejini müşaiyət edərkən müşahidə olunur.
Uzun illər Dövlət Yol Polisində işləmiş polis mayoru Emin Əhmədbəyov Qəzetçi-yə bildirib ki, qanunvericiliyə əsasən, kortejlə hərəkət etmək və DYP avtomobili ilə müşayiət yalnız prezident və 1-ci vitse-prezident üçün nəzərdə tutulur.
“O cümlədən prezidentin ailə üzvləri və nəvələrinin kortejlə hərəkət etməsi və DYP avtomobilinin onların önündə gedərək yolu açması qanun pozuntusudur”.
Qəzetçi bu mövzu ilə bağlı Prezident Administrasiyasına sorğu göndərsə də, material dərc olunanadək suallara cavab ala bilməyib.
Müəllif: Əfqan Muxtarlı
