Vasif Talıbovun oğlu Rza Talıbov atası vəzifəsindən uzaqlaşdırılandan sonra Batumidə satdığı lüks oteli yenidən geri alıb.
“OCCRP” yazır ki, oğul Talıbov 2025-ci ilin mayında “Divan Suites” oteli üçün 8 milyon 600 min dollar ödəyib. Sonra oteli “London 1889” adı altında yenidən brendləşdirib.
Talıbov otelin aid olduğu “B-Pearl Turizm” MMC-də 100 faiz paya sahibdir. O, iyul ayında bu şirkət vasitəsilə Batuminin kənarında 730 min dollara 2 082 kv.m torpaq sahəsi də alıb.
43 yaşlı Rza Talıbov Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun oğlu olmaqla yanaşı, həm də Dövlət Miqrasiya Xidmətinin yüksək rütbəli məmurudur.
Rza Talıbov “OCCRP”yə deyib ki, Batumidəki oteli Azərbaycan və Gürcüstan banklarından götürdüyü kreditlərlə alıb. Əlavə edib ki, Azərbaycan qanunvericiliyi dövlət məmurlarına şirkətlərdə paya sahib olmağı qadağan etmir.
“OCCRP”nin 2022-ci ildə dərc etdiyi araşdırmada Rza və Seymur Talıbov qardaşlarının balıqqulağı şirkətlər vasitəsilə 20 milyon dollar həcmində şübhəli pul köçürmələri həyata keçirdiyini aşkarlamışdı. Həmin şirkətlərin adı həm də “Azərbaycan pulyuyan maşını” və “Troyka” kimi geniş miqyaslı çirkli pulların yuyulması əməliyyatlarında çəkilirdi.
Talıbov qardaşları Birləşmiş Ərəb Əmirliklərində və Gürcüstanda 63 milyon dollar dəyərində daşınmaz əmlaka sahibdirlər.
Vasif Talıbovun məmur oğlu Batumidə satdığı lüks oteli 8.6 milyon dollara geri alıb
