Əliyevlərə qazanc gətirən Qarabağ məscidləri

Sentyabrın 14-də Xocavənd rayonunun Hadrud qəsəbəsində inşa edilmiş məscidin açılışı olub. 2021-ci ildə təməli qoyulan ikimərtəbəli məsciddə 300-dən çox insan ibadət edə biləcək. Məscidin 1-ci mərtəbəsi kişilər, 2-ci mərtəbəsi qadınlar üçün nəzərdə utulub.

Açılışda iştirak edən Prezident İlham Əliyevə bildirilib ki, Hadrud məscidini “PMD Projects” MMC inşa edib. Bu şirkət elə Prezidentin yaxın ailə üzvlərinə məxsusdur. “PMD Projects” İlham Əliyevin qızlarına məxsus “Pasha Holding”lə eyni hüquqi ünvanda qeydiyyatdan keçib.

Suqovuşan və Daşaltı məscidlərinin tikintisini də “PMD Projects” MMC həyata keçirib. Şirkətin Şuşa və Laçında inşa etdiyi məscidlərin tikintisi hələ başa çatmayıb. 

Qarabağda məscidlərin tikintisini Heydər Əliyev Fondu maliyyələşdirir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2020-ci il dekabrın 8-də Fondun işğaldan azad edilən ərazilərdəki mədəni-dini abidələrin, məscidlərin bərpası üzrə layihəyə başladığını bəyan etmişdi.

Hazırkı prezidentin atası mərhum Heydər Əliyevin irsini daşıyan bu fond şəffaf fəaliyyət göstərmədiyinə görə tənqid olunur. Fond fəaliyyətə başladığı 2004-cü ildən etibarən bir dəfə də olsun maliyyə hesabatı açıqlamayıb.