2022-2024-cü illərdə Azərbaycandan Gürcüstana qaçaq yolla 59 milyard Rusiya rublu keçirilib. Bu haqda Azadlıq Radiosu-nun Gürcüstan bürosu məlumat yayıb.
Ötən həftə Tbilisi Şəhər Məhkəməsi bu vəsaitlərin yuyulmasında ittiham olunan 49 yaşlı Gürcüstan vətəndaşı Kaxa Kotoraşvili barəsində həbs-qətimkan tədbiri seçib.
İlkin istintaq zamanı məlum olub ki, Kotoraşvili Azərbaycandan qaçaq yolla Gürcüstana keçirilən vəsaitləri ona məxsus valyutadəyişmə məntəqəsində 665 milyon ABŞ dollarına və 36 milyon avroya çevirib.
Çirkli pulların yuyulmasında Kotoraşvili ilə yanaşı Eldar Hüseynov adlı daha bir şəxsin də adı çəkilib. İttihama görə, Hüseynov Kotoraşvili ilə əlbir olaraq külli miqdarda Rusiya rublunu “yuyublar”.
Pul vəsaitləri Gürcüstana gömrükdən keçən avtomobillərin xüsusi gizlin yerlərində gətirilib. Cavabdeh pulun mənşəyi barədə banklara saxta sənədlər təqdim edib.
Pullar Gürcüstan banklarında konvertasiya olunub və müxtəlif hesablara köçürülüb. Bu vəsaitlərlə müxtəlif şəxslərin adlarına daşınmaz əmlak alınıb.
Kaxa Kotoraşvili ittihamların ona aydın olduğunu və susmaq hüququndan istifadə etdiyni bildirib.
Gürcüstanın hüquq-mühafizə orqanları faktla bağlı araşdırmalara ötən il başlayıb. Azərbaycan tərəf bugünədək ittihamlarla bağlı rəsmi açıqlama verməyib.
Azərbaycandan Gürcüstana qaçaq yolla 59 milyard rubl keçirən dəstə üzvü həbs edilib
