Foto:dpa/Malin Wunderlich
Almaniya parlamentinin AŞPA-dakı nümayəndə heyətinin keçmiş üzvü Aksel Fişer Azərbaycan hökumətindən rüşvət aldığına görə cəzalandırılıb. Münhen Ali Reguonal Məhkəməsi Fişerə 14 ay həbs cəzası verib. Hökm şərti azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənib. 3 illik probasiya dövründə o qanunun tələblərinə əməl edəcəyi halda həbsxanaya göndərilməyəcək.
Hökmə görə, sabiq deputat həm də xeyriyyə fondlarından birinə 12 000 avro bağışlamalı, 20 000 avrosu isə müsadirə olunmalıdır. Siyasətçi 2 il ərzində seçkili vəzifələrdə təmsil olunmaq hüququndan da məhrum edilib.
Hakim Joxen Bösl deyib ki, 26 məhkəmə prosesi zamanı 50-dən çox vəsatət qaldırılıb. O, bildirib ki, Fişer dəfələrlə məhkəmədən yayınıb, ittihamın qüvvədən düşməsi üçün vaxtı uzatmağa çalışıb. Aksel Fişer iddia müddətinin keçməsinə nail olmaq üçün bütün vasitələrə əl atıb. Bunun qarşısını almaq üçün təqsirləndirilən həbs olunub və məcburi şəkildə məhkəməyə gətirilib.
Əslində, Fişerin məhkəmə prosesi də eyni cinayət işi üzrə ittiham olunan keçmiş deputat Eduard Lintnerin işi ilə birlikdə aparılırdı. Lakin Fişer səhhətindəki problemləri əsas gətirdiyindən məhkəmə prosesi ancaq 2025-ci ilin oktyabrında başlaya bildi.
Tibbi ekspertiza onun prosesdə iştirak edə biləcəyinə dair müsbət rəy verəndən sonra keçmiş deputat müalicə üçün yerləşdirildiyi klinikadan məcburi şəkildə müşaiyət altında məhkəməyə gətirilib.
“Hər kəs qanunun icazə verdiyi imkanlar daxilində özünü müdafiə edə bilər. Üzrlü səbəb olmadan məhkəmədən yayınmaq qanunun çərçivələrini aşır. Kimsə sistemi aldatmağa çalışaraq mühakimə olunmaqdan yayına bilməz. Hər kəs qaydalara riayət etməlidir. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsəydi, bu gün hökm çıxarmaq mümkün olmayacaqdı”, – deyə hakim vurğulayıb.
Fişer 1998-ci ildən 2021-ci ilə qədər Almaniya Bundestaqında Xristian Demokratlar İttifaqı/Xristian Sosialist Birliyi parlament qrupunun üzvü olub və bu səbəbdən də Avropa Şurası Parlament Assambleyasına (AŞPA) nümayəndə təyin edilib.
Məhkəmə istintaqı zamanı müəyyən edilib ki, cavabdeh 2011-ci ilin əvvəlində Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin iki üzvü – Müslüm Məmmədov və Elxan Suleymanovla sövdələşməyə girib. Onların göstərişlərinə əsasən, Azərbaycan hökumətinin xeyrinə çıxış etmək, sənədləri vaxtında onlara təqdim etmək və Azərbaycan hökumətinin xeyrinə səs vermək tapşırığı alıb.
Bu sövdələşmənin müqabilində tərəflər arasında nağd ödənişlər barədə razılıq əldə olunub. 2011-ci ildən 2014-cü ilin avqust ayına qədər cavabdeh cəmi 79 000 avro nağd pul alıb. Bu, cinayət əməli sayılmayıb. Çünki AŞPA Almaniya Cinayət Məcəlləsinin rüşvətlə ələ alma maddəsinin əhatə dairəsinə 2014-cü il sentyabrın 1-dən daxil edilib.
Amma Fişer üçün sövdələşmə bu dəyişiklikdən sonra da qüvvəsində qalıb. Keçmiş deputat bu qərardan sonra 4500 avro, 2016-cı ilin yanvarında isə qarşı tərəfdən 20.000 avro əldə edib.
AŞPA üzvü kimi Fişer Azərbaycan hökuməti üçün müxtəlif işlər görüb. Xüsusilə, 2015-ci ildə o, deputat olan Elxan Suleymanov və Mürsəl Məmmədova hesabat layihəsi göndərib.
Fişer ittihamları rədd edib, Azərbaycandan heç vaxt pul almadığını iddia edib. O, hesabına şübhəli nağd pul yatırımlarını əvvəl külli miqdarda pul çıxarıb seyfdə saxlaması, sonra yenidən hesabına yatırması ilə izah edib. O bununla bağlı məhkəməyə çoxsaylı dəlillərə əsaslanan sübutlar təqdim edib.
Xüsusilə əhəmiyyətli olan iki hesabatda Fişerin adına köçürmələrə rast gəlinir. Ödəniş tarixləri cavabdehin işgüzar səfərlərilə üst-üstə düşür. Həmin dövrdə AŞPA-da Fişer soyadını daşıyan deputat ancaq Aksel Fişer olub.
Cavabdeh Azərbaycanla bağlı hesabatlarda sənədləşdirildiyi kimi, müəyyən məbləğdə nağd pul aldıqdan təxminən dörd gün sonra müvafiq məbləği bank hesabına yatırıb. Məhkəmə onun bu vəsaitlərin mənbəyi ilə bağlı ifadələrini etibarlı hesab etməyib. Fişerin həyat yoldaşının nağd pulun mənşəyi ilə bağlı ifadəsi isə o qədər ziddiyyətli olub ki, məhkəmə onun dediklərinə inanmayıb.
Bundan başqa, AŞPA-nın sessiyaları zamanı çoxsaylı nağd pul yatırımları da qeydə alınb. Məhkəmə cavabdehin seyfdə saxladığı 80 000 avronu hissə-hissə hesabına yatırdığına dair verdiyi ifadəyə də inanmayıb. Onun Avropa Şurası ilə bağlı səyahət xərcləri üçün ödənişləri nağd şəkildə aldığı və sonra bu vəsaiti öz hesabına yatırdığına dair iddiası əsassız hesab olunub.
Fişer bu şübhəli əməliyyatlara aydınlıq gətirə bilməyib. Nəticədə, onun mənşəyilə bağlı heç bir ağlabatan izahı olmayan ümumilikdə 100 000 avrodan çox ödəniş əldə etdiyi müəyyənləşdirilib. Həmin məbləğlər Fişerin bank hesabına AŞPA-nın iclaslarının keçirildiyi ərəfələrdə yatırılıb. Məhkəmədən bildirilib ki, pulun müxtəlif hesablar arasında bölüşdürülməsi də anlaşılan olmayıb.
Qeyd edək ki, Fişer barəsində verilən bu hökm hələ hüquqi qüvvəyə minməyib. Müdafiə tərəfi və Münhen Dövlət Prokurorluğu bu gündən etibarən bir həftə ərzində Federal Ədalət Məhkəməsinə apelyasiya şikayəti vermək hüququna malikdir.
