Alena Əliyevanın piarı maliyyə mənbəri şəffaf olmayan fond və ictimai birlik vasitəsilə aparılır

Prezidentin qızı Leyla Əliyeva və gəlini Alyona Əliyeva Gəncədə 37 saylı orta məktəbin açılışında olublar.

Prezidentin qızı Leyla Əliyeva və gəlini Alyona Əliyeva Gəncədə 37 saylı orta məktəbin açılışında olublar. Heydər Əliyev Fondunun dəstəyilə təmir olunan bu məktəbdə oxuyan şagirdlərə Azərbaycan Velosiped İdman Federasiyası İctimai Birliyinin dəstəyilə velosipedlər hədiyyə olunub.

Söhbət Əliyevaların elm və təhsil naziri Emin Əmrullayev və prezidentin köməkçisi, eləcə də Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovun müşayiəti ilə fevralın 8-də ictimailəşdirilən Gəncə səfərindən gedir.

Gəlir mənbələri qaranlıq olan fond və ictimai birlik tərəfindən həyata keçirilən məktəb təmiri və sosial aksiya birinci ailəyə bağlı sosial media hesabları və hökumətyönümlü media tərəfindən Alena Əliyevanın piarı kimi yayıldı.

2022-ci ildə Heydər Əliyevin evləndiyinə dair foto yayılsa da, onun kiminlə ailə qurduğuna dair rəsmi məlumat verilmədi. Cütlük ancaq 2023-cü il mayın 10-da ictimaiyyət arasına çıxarıldı. İndi Alena Əliyevanın piarı vaxtilə evləndiyinə dair məlumatların gizlədildiyinin əksinə, daha sürətlə aparılır.

Gəncə səfərindən yazan hökumətyönümlü saytları “Alena Əliyeva uşaqlara 50 velosiped hədiyyə etdi” başlıqlı yazılar “bəzəyirdi”. Amma həmin velosipedləri məktəbə Azərbaycan Velosiped İdman Federasiyası hədiyyə edib.

Federasiyanın yaydığı rəsmi məlumatda bildirilir ki, velosiped və təhlükəsizlik ləvazimatları şəhid və qazi ailələrinə təqdim edilib. Bu sosial aksiyanı həyata keçirməkdə əsas məqsəd, regionlarda yaşayan uşaqlara asudə vaxtlarını səmərəli keçirməyə şərait yaratmaq, sağlam həyat tərzinə maraq oyatmaq və ekoloji təmizliyi təşviq etməkdir.

“Velosiped İdman Federasiyası ictimai birlik olduğundan ianə və sponsorlar vasitəsilə maliyyələşdirilir, dövlət büdcəsindən hər hansı dəstək göstərilmir. Biz idman federasiyasıyıq. Əsas məqsədimiz velosiped sürməyi idman növü kimi inkişaf etdirməkdir. Bunun ekoloji tərəfləri də var amma, əsas məqsəd daha çox insanın velosiped sürməyinə dəstək olmaqdır”, – deyə Federasiyadan Qəzetçi-yə bildirilib.

Federasiya bu tipli sosial aksiyaları yeddi il əvvəl Təhsil Nazirliyi ilə imzaladığı memorandum əsasında həyata keçirir. Oxşar layihələr Gənclər və İdman Nazirliyi ilə əməkdaşlıq çərçivəsində də baş tutub.

Velosipedlərin qiymətlərinə gəlincə, Federasiyadan ümumi şəkildə bildirildi ki, „onlar elə də bahalı velosipedlər deyillər“. Qiymətlərin aydınlaşdırılması üçün yarım saat vaxt istənilsə də, gün ərzində Federasiyaya etdiyimiz telefon zənglərinə cavab verilmədi.

Amma Azərbaycanda olan velosiped mağazalarında apardığımız araşdırma zamanı məlum oldu ki, hədiyyə edilən markadan olan birinci əl velosipedlərin qiyməti 300 manatdan çox deyil. Beləliklə, 50 velosipedi təxminən 15 min manata almaq mümkün görünür.

Bununla belə, heç Heydər Əliyev Fondu da məktəbin təmirinə xərclənən vəsaitin məbləğini açıqlamayıb. Hər iki fond və ictimai birliyin idarəçiləri isə 1-ci ailəyə çox yaxın, eləcə də onların bizneslərini idarə edən şəxslərdir.

Velosiped İdman Federasiyasının prezidenti Zaur Axundov hava yükdaşıma şirkəti “Silk Way Group”un prezidenti və icraçı direktorudur. Beynəlxalq və yerli jurnalistlərin araşdırmalarına görə, bu şirkət prezident İlham Əliyevin qızlarına aiddir.

Federasiyanın icraçı vitse-prezidenti Fikrət Hüseynov isə 2021-ci ildən bu aviaşirkətin müşahidə şurasının idman məsələləri üzrə müşaviridir.

Federasiyanın üçüncü vitse-prezidenti isə Robert Eyyubovdur. O, „Silkway“ şirkətinin prezidentinin müşaviri vəzifəsində çalışır. Robert Eyyubovun prezidentin mühafizə xidmətinin keçmiş rəisi Bəylər Əyyubovun qardaşı oğlu olduğu bildirilir.

Velosiped İdman Federasiyasının birinci vitse-prezidenti isə Sahib Ələkbərovdur. O, iqtisadiyyat nazirinin müavini olmaqla yanaşı, həm də Əliyevaları Gəncədə müşayiət edən Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovun atasıdır.

Federasiyanın saytında maliyyə hesabatına dair hər hansı məlumata rast gəlinmir. 2004-cü ildə yaradılan Heydər Əliyev fondu da bugünədək bir dəfə də olsun maliyyə hesabatı yaymayıb.