Azərbaycanda bank hesablarına kütləvi hücumlar qeydə alınıb. Vəkil Aqil Layıc iyunun 24-də sosial media hesabında yazıb ki, “bank kartlarına dünəndən (iyunun 23-dən) etibarən güclü kiber hücumlar var. Kartlarda məbləğlər azalır və kiber hücum nəticəsində kreditlər rəsmiləşdirilərək naməlum yönlərə göndərilir”.
Bəzi bankların müştəriləri sosial mediada bank kartlarının şəkillərini paylaşaraq hesablarından müxtəlif məbləğlərin silindiyini qeyd ediblər. Anonimlik şərtilə Qəzetçi-yə Azərbaycan Beynəlxalq Bankının (ABB) müştərilərindən biri bildirib ki, mobil tətbiqinə giriş etməkdə çətinlik yaşayır.
“Hesabıma baxıram ki, bir neçə gün bundan öncə etdiyim ödənişlər geri qayıdıb. Elə bilirəm ki, hesabda pul artıb ancaq baxdım ki, 68 manat olan hesabımda hazırda 40 manat pul qalıb”, – deyə vətəndaş bildirib.
ABB müştərilərinə ismarıc göndərərək “yaranmış narahatlığa görə təəssüf etdiyini” və bankdan asılı olmayan texniki çətinliklərin mövcud olduğunu bildirib.
“Qısa müddət ərzində aradan qaldırılması üçün müvafiq işlər aparılır”, – bankın ismarıcında deyilir.
Gün ərzində problemlər ABB ilə yanaşı Rabitə bank, Access Bank, Express Bank və digər banklarda da yaranıb.
Azərbaycan bank sektorunda ödəniş kartları üzrə xidmətlər göstərən prosessinq mərkəzi olan Azeri Card məsələ ilə bağlı açıqlama yayaraq “bəzi müştərilərinin bank hesablarında” problemlər yarandığının qeyd edib.
“Bu hal banklararası hesablaşma fayllarının emalı zamanı Azərikard-dan asılı olmayan texniki səbəbdən baş vermiş təkrarlanmalarla bağlı yaranıb. Təkrarlanmış əməliyyatlar ləğv edilərək hesablar tədricən bərpa olunmaqdadır”.
Azərikartın sosial media hesabındakı açıqlamasını şərh edən müxtəlif bankların müştəriləri bildirib ki, problem kütləvi hal alıb və onların hesabından silinən vəsait tanımadıqları şəxslərin Leo Bank hesabına yüklənir.
Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Assosiasiyasının idarə heyətinin sədri Elvin Abbasov sosial media hesabında yazıb ki, bankla prossesinq mərkəzinin verdiyi açıqlama üst-üstə düşmür.
“Hazırda əməliyyatların ləğv edildiyi və balansların bərpa olunduğu bildirilsə də, bu rəqəmsal məsuliyyətsizliyin real müəllifinin kim olduğu sualı açıq qalır”, – deyə Elvin Abbasov vurğulayıb.
Azərbaycan Mərkəzi Bankı və hüquq mühafizə orqanları məsələ ilə bağlı açıqlama verməyiblər.
