SOCAR Rusiyaya bağlı Macarıstan şirkətinə neft yatağı verib

Azərbaycan Dövlət Neft Şirkəti ilə Macarıstanın “MOL Group” şirkəti arasında Şamaxı-Qobustan sahəsində kəşfiyyat və hasilat üzrə pay bölgüsü sazişi imzalanıb.

SOCAR-ın yaydığı məlumata görə, sazişi SOCAR-ın prezidenti Rövşən Nəcəflə “MOL Group”un İdarə Heyətinin sədri və baş icraçı direktoru Zsolt Hernádi imzalayıb. Layihənin operatoru olan “MOL Group” birgə kəşfiyyat layihəsində 65%, SOCAR isə 35% paya malikdir.

“MOL Group” həm də Rusiyaya məxsus “Drujba” neft kəməri vasitəsilə Macarıstan və Slovakiyaya nəql edilən xam neftin tədarükçüsü və operatorudur. “MOL Group”un rəsmi internet səhifəsində yer alan məlumatlara görə, şirkət Rusiyada “BaiTex LLC” şirkəti ilə birgə neft quyularının təmiri, istismarı, kəşfiyyat işləri və neft hasilatı ilə məşğul olur.

Avropa İttifaqı 2022-ci ildən etibarən Rusiya neftinə və qazına embarqolar tətbiq edir. Lakin Macarıstan və Slovakiyanın Rusiya neftindən asılılığı nəzərə alınaraq istisnalar tətbiq edilib. 

“Reuters” dekabrın 4-də yazırdı ki, “MOL” Lukoil şirkətinin Avropa ölkələrində yerləşən neft emalı zavodları ilə yanacaqdoldurma məntəqələrini eləcə də, Qazaxıstan və Azərbaycandakı hissələrini almağı planlaşdırır.

Avropa İttifaqı rəsmiləri, müstəqil analitiklər və media Macarıstan hökumətini və “MOL Group”u Rusiyadan asılılığı aradan qaldırmamaqda və sanksiyaların effektivliyini aşağı salmaqda ittiham edirlər.