Avropa İttifaqı qaçaq yolla Rusiya nefti satan azərbaycanlı biznesmenlərə sanksiya tətbiq edib

Dekabrın 15-də Avropa İttifaqı Rusiya neftini satan azərbaycanlı iş adamları – Anar Mədətli, Tələt Səfərov və Etibar Eyyubua sanksiya tətbiq edib.

Birləşmiş Ərəb Əmirliklərində qeydiyyatdan keçən və əvvəllər “Coral Energy” adlandırılan “2Rivers Group” şirkətinin payçıları olan bu şəxslər “Rosneft”dən aldıqları Rusiya neftinin mənbəyini gizlədərk satmaqda ittiham olunurlar. 

“2Rivers Group” şirkəti Rusiya neftini satan “kölgə donanması”nın əhəmiyyətli hissəsinə nəzarət edir. Qeyd edilir ki, adı və sahibləri dəyişdirilsə də, şirkətlər qrupu əvvəlki şəbəkə ilə “Nord Axis” və “Bellatrix” şirkətləri ilə işləməkdə davam edib.

Beləliklə, də hər üç iş adamı 2014-cü ildə Krımı işğal edən və Ukraniyada destabilliyə səbəb olan Rusiya hökumətinin əsas gəlir mənbəyi olan neft ticarətinə töhvə verməkdə və rəsmi Moskvanı sanksiyalardan yayındırmaqda ittiham olunurlar. Onların adları Britanya hökumətinin də sanksiya siyahısına daxil edilib.

Avropa İttifaqının sanksiya paketinə daxil etdiyi fiziki şəxslər arasında Pakistan əsilli binesmen Murtaza Əli Lakani ilə Valeri Kildiyarovun adı da yer alır. Hazırkı sanksiyalar azərbaycanlı iş adamları da daxil olmaqla beş fiziki şəxsin Avropa Birliyi dövlətləri ilə ticarət əlaqələrinə qadağa qoyur.