Azərbaycan hökuməti 2016-cı ilin aprel döyüşlərində separatçı “Dağlıq Qarabağ Respublikası” ordusunun mayoru Hayk Vaqani Toroyanın ölümü ilə bağlı ailəsinə 104 min avro məbləğində cərimə ödəyəcək.
Məhkəmə sənədlərində Totoyanın qəddarlıqla öldürüldüyü qeyd olunur. 104 min avronun 90 mini onun atasına, anasına və bacısına mənəvi zərərə görə təyin edilib. Yerdə qalan məbləğ isə vəkil xərcləri üçün nəzərdə tutulub.
Avropa İnsan Haqları Məhkəməsinin iyunun 18-də verdiyi hökmdə qeyd edilir ki, Toroyan 2016-cı il aprelin 1-dən 5-dək Azərbaycanla təmas xəttinin yaxınlığında baş verən hərbi toqquşmalar zamanı həlak olub. Onun cəsədi Talış kəndindən 500 metr aralıda tapılıb.
Azərbaycan Müdafiə Nazirliyi aprelin 2-də və 6 da verdiyi açıqlamalardaı hərbi qüvvələrin Talış kəndində olması faktını təsdiqləyib, eləcə də hərbi mövqelərin və ətraf yüksəkliklərin “düşmən qüvvələrindən tamamilə təmizləndiyini” bildirib.
Talış kəndində yaşayan sakinlərdən biri istintaqa ifadəsində aprelin 2-də atışma olduğunu, təxminən Azərbaycan dilində danışan tünd yaşıl rəngdə hərbi paltarda olan 20-dək əsgərin kəndə daxil olduğunu və yaşayış evlərinə atəş açdığını deyib.
Erməni mənbələri yazır ki, Toroyan Matagisdəki N saylı hərbi hissənin raket və artilleriya silahları xidmətinin rəisi olub. O, aprelin 2-də sürücüsü Hrant Qaribiyanla Talış kəndindən təxminən 2 km şimalda yerləşən başqa bir komandanlıq məntəqəsinə sursat çatdırmaq üçün hərbi hissədən çıxıb.
Aprelin 5-də tərtib edilmiş cinayət işi materiallarına əsasən, onların getdiyi yük maşını Talış kəndindən təxminən 1 km məsafədə Azərbaycan hərbi qüvvələri tərəfindən pusquya salınaraq intensiv atəşə tutulub.
Hrant Qaribiyanın cəsədi aprelin 2-də saat 16:00 radələrində nəqliyyat vasitəsindən təxminən on beş metr aralıda DQR əsgərləri tərəfindən aşkarlanıb. Onun başı tapılmayıb. Ekspertiza sürücünün başının ölümündən sonra kəsildiyi qənaətinə gəlib.
Mayor Hayk Toroyan isə yaralanıb. O, saat 11.45 radələrində başqa bir hərbi xidmət yoldaşına “məni vurdular” deyə mesaj yazıb. Ailə üzvləri bildiriblər ki, Toroyan ağır yaralı olub, maşından çıxarılıb və Azərbaycan əsgərləri tərəfindən əlləri və başı kəsilməklə öldürülüb.
Onun cəsədi aprelin 3-də yük maşınından təxminən 30 metr aralıda, Talış kəndi istiqamətindəki dərənin yaxınlığında, Ermənistan hərbi birləşmələri tərəfindən tapılıb.
Məhkəmə tibbi ekspertizasının rəyində yazılıb ki, Totoyan yarım saatla 2 saat arasında sağ olub. Onun əvvəlcə sağ, sonra da sol əli ölümündən bir neçə saniə əvvəl kəsilib. Amma ölüm səbəbi əllərinin kəsilməsi yox, sağ olduğu halda boynunun bədənindən travmatik şəkildə ayrılması olub.
Ərizəçilər bildiriblər ki, Hayk Toroyan 2016-cı il aprelin 7-də kəsilmiş bədən hissələri olmadan dəfn edilib. 2017-ci il iyulun 9-da R.A. adlı Facebook istifadəçisi Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin Facebook səhifəsində yerləşdirilən “DQR” ordusunun ölən əsgərinin fotoşəklinə şərh yazıb. O, kəsilmiş baş və əl fotoşəklini paylaşaraq azərbaycan dilində “Məndə biri var” yazıb.
2017-ci il dekabrın 5-də Ermənistan Milli Məhkəmə Ekspertizası Bürosu (Kompüter Kriminalistikası Departamenti) Hayk Toroyanın sağlığında çəkilmiş müxtəlif fotoşəkillərini R.A. tərəfindən yerləşdirilən fotoşəkil ilə müqayisə edib. Ekspertlər R.A.-nın paylaşdığı fotodakı üzün Hayk Toroyanın olub-olmadığını analiz edib və nəticə müsbət olub.
Azərbaycan hökuməti iddia ilə bağlı AİHM-ə bildirib ki, hadisənin baş verdiyi deyilən yer həmin vaxt Ermənistan Silahlı Qüvvələrin işğalı altında olub, buna görə də Azərbaycanın hadisəni araşdırmaq imkanı olmayıb.
Məhkəmə Azərbaycanın “inandırıcı əks arqumentlər irəli sürmədiyinə görə ərizəçilərin iddialarının mahiyyət etibarilə doğru hesab edilməli olduğu qənaətinə gəlib”. Qərara əsasən hökumətə təzminatı ödəmək üçün qərarın qüvvəyə mindiyi gündən 3 ay müddətinə vaxt verilib.
2016-cı ilin aprelində baş verən və “Aprel döyüşləri” kimi xatırlanan gərgin savaş Azərbaycanla təmas xəttində baş verib. Rəsmi məlumatlara görə, 1-4 aprel tarixlərində hər iki tərəfdən 100-dək şəxs həyatını itirib. Ölənlər əsasən hərbçilər olsa da, həyatını itirənlər arasında mülki vətəndaşlar da olub.
Aprelin 5-də olan atəşkəsdən sonra tərəflər döyüş bölgəsində olan əsgərlərin cəsədlərini humanitar təşkilatların vasitəçiliyilə ailələrinə təhvil verilib.
Avropa İnsan Haqları Məhkəməsinə Toroyan işinə oxşar 21 müraciət göndərilib. Şikayətlərdə hərbçilərin baş, əl, qulaq və digər orqanlarının kəsildiyi bildirilir. Məhkəmə bununla bağlı Azərbaycan hökumətini 2016-cı ilin noyabrında məlumatlandırıb.
