Bakı və Abşeron rayonu istisna olmaqla, ölkənin digər şəhər və rayonlarında sahibkarlıq fəaliyyəti göstərən şəxslərin banklardan götürdükləri kreditlər üzrə faizlərin 50 faizi dövlət büdcəsi hesabına ödəniləcək.
Prezident İlham Əliyevin iyunun 9-da imzaladığı fərmana görə, nəzərdə tutulmuş təminat və faiz subsidiyası mexanizmləri ilkin olaraq pilot layihə kimi tətbiq ediləcək və 2030-cu il dekabrın 31-dək qüvvədə olacaq.
Əvvəllər belə bir güzəşt yalnız Qarabağda və Şərqi Zəngəzurdakı sahibkarlıq fəaliyyətinə şamil edilirdi. 2023-cü ildə qəbul edilən “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması” Qaydalarına əsasən bu öhdəlik İpoteka və Kredit Zəmanət Fondu tərəfindən icra olunurdu.
Amma yeni fərmanda qeyd edilir ki, bu səlahiyyətlər İpoteka və Kredit Zəmanət Fondundan alınaraq İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərbaycan Biznesinin İnkişafı Fondu” ASC-yə ötürülüb.
Qəbul edilən qaydalara görə, sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat verilməsi və həmin kreditlər üzrə faizlərə subsidiya tətbiqi mexanizmindən Bakı və Abşeron rayonu istisna olmaqla digər regionlar da faydalana biləcək.
Yeni şərtlərə görə, banklardan illik faiz dərəcəsi 13 faizə qədər olan sahibkarlıq kreditlərinin hesablanan faizlərinin 50 faizi dövlət tərəfindən subsidiyalaşdırılacaq.
Əvvəlki qaydalarda işğaldan azad olunmuş ərazilər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 15 faiz idi. Bunun 10 faizi dövlət, 5 faizi isə sahibkar tərəfindən ödənilirdi. Yeni qaydalara əsasən, illik 13 faizlə götürülən kreditlərdə faizlərin yarısı – 6,5 faizi dövlət tərəfindən subsidiyalaşdırılacaq.
Bundan əlavə, işğaldan azad olunmuş ərazilərdə sahibkarlıq subyekti kredit üzrə öhdəliyini yerinə yetirmədikdə, əsas borcun 90 faizə qədəri Fond tərəfindən müvəkkil banka ödənilirdi. Yeni fərmanla burada diferensial yanaşma tətbiq ediləcək. Belə ki, işğaldan azad edilmiş ərazilərdə 90 faizədək, digər regionlarda isə 50 faizədək dövlət zəmanəti nəzərdə tutulur.
Bununla yanaşı, kreditlərin gecikmə müddətinə dair qaydalar sərtləşdirilir. Mövcud qaydalara əsasən, sahibkarın kredit ödənişlərini 60 gündən artıq gecikdirməsi onun dövlət zəmanətli kredit alma imkanını itirir. Yeni qaydalarda bu müddət 30 günə endirilib.
Dövlət zəmanəti verilən kreditin maksimum həddi 5 milyon manatdır. Bir-biri ilə əlaqəli borcalanlar qrupu üçün isə bu limit 10 milyon manat olaraq müəyyən edilib.
İşğaldan azad olunmuş ərazilərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektlər üçün kreditlərin dövlət büdcəsi hesabına subsidiyalaşdırılmasından sonra bu bölgələrdə kredit qoyuluşu sürətlə artıb. 2026-cı ilin aprel ayına olan məlumata görə, Qarabağ iqtisadi rayonu üzrə kredit qoyuluşu 566,4 milyon manat, Şərqi Zəngəzur iqtisadi rayonu üzrə isə 33 milyon manat təşkil edib. Qarabağa yönəldilən kreditlərin həcmi qısa müddətdə sürətlə artaraq Mil-Muğan, Naxçıvan, Dağlıq Şirvan və Şirvan-Salyan kimi iqtisadi rayonları da geridə qoyub.
Jurnalist araşdırmalarından məlum olur ki, Qarabağ və Şərqi Zəngəzurda sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektlərin əksəriyyəti prezident İlham Əliyevin ailəsinə, bəzi nazirlərə və digər yüksək vəzifəli məmurlara məxsus şirkətlərə məxsusdur.
Bu şirkətlər regionda aqrar, tikinti, mehmanxana və iaşə sektorlarında monopol vəziyyət yaradıblar. Yerli sakinlərin isə sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına süni maneələr mövcuddur.
Bu regionda hotelçilik sektoru Prezident İlham Əliyevin ailəsinə məxsus şirkətlər tərəfindən idarə olunur. Azad olunmuş ərazilərə köçürülən məcburi köçkünlərin isə məmur şirkətlərə məxsus obyektlərdə aşağı maaşla çalışmağa məcbur edilir.
Həmçinin, həmin ərazilərdə bu şirkətlər üçün “vergi cənnəti” də yaradılıb. Belə ki, Qarabağ və Şərqi Zəngəzurdakı rezidentlər 2023-cü ildən etibarən on il müddətinə mənfəət, əmlak, torpaq və sadələşdirilmiş vergilərdən azaddır. Bu güzəştlər həmin ərazilərdə fəaliyyət göstərən şirkətlərin satışdankənar gəlirlərinə də şamil edilir.
Həmçinin, işğaldan azad edilmiş ərazilərdə ƏDV ödəyicisi olan rezidentlər tərəfindən iqtisadi fəaliyyət sahələri üzrə texnika, texnoloji avadanlıqlar və qurğular, eləcə də xammal və materialların idxalı 2023-cü ildən etibarən on il müddətinə ƏDV-dən azad edilir.
İşğaldan azad olunmuş ərazilərdə biznes fəaliyyətlərinə göstərilən dövlət dəstəyindən daha çox prezidentin ailəsi və hakimiyyətə yaxın məmur şirkətləri faydalanıb. Bu baxımdan, sahibkarlıq kreditlərinin bir hissəsinin dövlət büdcəsi hesabına subsidiyalaşdırılmasının əhatə dairəsinin genişləndirilməsi bir sıra suallar yaradır.
Beynəlxalq Korrupsiya Qavrayışı İndeksinə görə, ən çox korrupsiyalaşmış ölkələrdən olan, İqtisadi Azadlıq İndeksinə görə isə Gürcüstan və Ermənistandan geri qalan Azərbaycanda iqtisadiyyatın durumu “orta dərəcədə azad” kimi qiymətləndir. Belə bir mühitdə sahibkarlar üçün dövlət dəstəkli kreditlərə çıxışın şəffaf olacağını demək çətindir.
