Avropa Birliyinin Rusiyaya qarşı tətbiq etdiyi 20-ci sanksiyalar paketinə Sumqayıtda qeydiyyatdan keçən “Global Ship Solutions” MMC ilə yanaşı azərbaycanlı iş adamı Tahir Qarayevin adı da daxil edilib.
İyunun 15-də qəbul edilən sənəddə qeyd edilir ki, əvvəllər “Coral Energy” kimi tanınan ”2Rivers Group”un təsisçisi Tahir Qarayev geniş şəbəkə vasitəsilə Rusiyadan, əsasən də Rosneft şirkətindən aldığı və mənbəyini gizlətdiyi neftin daşınması və ixracı ilə məşğuldur.
Rusiyanın kölgə donanmasına xidmət edən neft tankerlərinin əhəmiyyətli hissəsinə nəzarət edən “2Rivers” buna qədər Avropa Birliyinin, Böyük Britaniyanın və ABŞ-nin sanksiyalar siyahısına daxil edilib.
1980-ci il təvəllüdlü Tahir Qarayev rəsmi olaraq İsveçrənin Cenevrə şəhərində qeydiyyatdadır. Onun adı Böyük Britaniyanın da sanksiyalar paketinə salınıb.
Qarayevin həmçinin Krımın işğalında və Ukraynadakı qeyri-stabilliyə görə məsul olan Rusiya hökumətinə əhəmiyyətli gəlir mənbəyi təmin edən iqtisadi sektorlarla da əlaqəli olduğu bildirilir.
“Financial Times” qəzeti bu ilin fevralında yazırdı ki, Tahir Qarayevin təsis etdiyi “Coral Energy” ilə əlaqəli treyderlərin yer aldığı şəbəkə dəyəri 90 milyard dollardan çox olan Rusiya neftinin qanunsuz satışını həyata keçirib.
Qarayevin kölgə donanmasına bağlılığını domen qeydiyyat məlumatları da təsdiqləyib. Jurnalistlər şəbəkəyə daxil olan 48 şirkətin istifadə etdiyi 442 domen arasında Tahir Qarayevin də adına rast gəliblər.
Sanksiyalar paketinə daxil edilən “Global Ship Solutions” MMC Sumqayıt şəhəri, 4-cü mikrorayon, 5 saylı bina, mənzil 28-də qeydiyyatdan keçən və texniki dəstək xidmətləri üzrə ixtisaslaşmış gəmiçilik şirkətidir.
Azərbaycanda fəaliyyətdə olan bu şirkətin Rusiya neftinin aktiv şəkildə daşınmasını həyata keçirən “Fulger”, “Deneb” və “Odune” tankerlərinə texniki xidmət göstərdiyi bildirilir.
Vergilər Nazirliyinin rəsmi reyestr məlumatlarına görə, “Global Ship Solutions” MMC 2024-cü il iyulun 3-də qeydiyyatdan keçib. Şirkətin rəsmi nümayəndəsi kimi Natia Varşanidze göstərilib.
Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsilə (OCCRP) “iFact”in araşdırmaları zamanı məlum olub ki, Rusiya neftinin sanksiyalardan yayınması məqsədilə Gürcüstan vətəndaşlarının adına Azərbaycanda 31 şirkət qeydiyyatdan keçirilib.
Avropa Birliyinin ötən gün sanksiyalar siyahısına daxil etdiyi “Global Ship Solutions” MMC də həmin şirkətlərdən biridir.
Gürcüstan vətəndaşlarının adına rəsmiləşdirilmiş 31 şirkətin Rusiyanın kölgə donanmasına məxsus 75 tankerə beynəlxalq təhlükəsizlik menecmenti xidməti göstərib.
Jurnalist araşdırması zamanı həmçinin məlum olub ki, adlarına şirkətlər təsis edilən şəxslərin əksəriyyəti məsələdən xəbərsizdir.
