İyunun 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda hüquq müdafiəçisi, “Müdafiə Xətti” hüquq müdafiə təşkilatının rəhbəri Rüfət Səfərova hökm oxunub.
Təşkilatın həmtəsisçisi Zəfər Əhmədov Qəzetçi-yə deyib ki, dələduzluqda və xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma maddələrilə təqsirli bilinən Səfərov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Rüfət Səfərov 2024-ün ilin dekabrında Amerika Birləşmiş Ştatlarına (ABŞ) səfərindən az öncə həbs olunub. Həmin il dekabrın 10-da o, ABŞ Dövlət Departamentinin nüfuzlu İnsan Hüquqları Müdafiəçisi Mükafatına layiq görülmüşdü.
Rüfət Səfərov ona qarşı elan olunan ittihamları qəbul etmir, həbsini hüquq müdafiəsi işi ilə məşğul olmasiyla əlaqələndirir. Bu, Səfərovun sayca ikinci həbsidir. 2019-cu ilin martında o, prezident İlham Əliyevin imzaladığı əfv sərəncamından sonra azadlığa buraxılmışdı.
Beynəlxalq insan haqları təşkilatları hüquq müdafiəçisinin siyasi motivlərlə həbs edildiyini vurğulayıb, Azərbaycan hökumətindən onun azadlığa buarxılmasını tələb ediblər.
