2019-cu ildən bəri Azərbaycanda neft ixracının həcmi 25 faiz azalıb. Hasilatın pay bölgüsü sazişlərinə uyğun olaraq, Dövlət Neft Fondunun neftdən əldə edilən gəlirlər də iki dəfədən çox aşağı düşüb.
Dövlət Gömrük Komitəsi bildirir ki, 2019-cu ilin yanvar-aprel aylarında 12 milyon ton neft ixrac edildiyi halda, 2026-cı ilin eyni dövründə bu göstərici 7,9 milyon ton təşkil edib. Beləliklə, son yeddi ildə ixrac olunan “qara qızıl”ın həcmi 4,1 milyon ton azalıb.
İxracın yüksək olduğu 2019-cu ilin yanvar-aprel aylarında neftin 1 barelinin orta ixrac qiyməti 64,2 dollar təşkil edib. Cari ilin yanvar-aprel ayları üzrə 1 barel neftin gömrük qiyməti isə 75 dollar olub.
ABŞ-İsrail və İran arasında yaranan hərbi münaqişə nəticəsində Hörmüz boğazında yaranan gərginlik dünya bazarında neftin qiymətinin kəskin bahalaşmasına səbəb olub. Nəticədə Azərbaycanın “Azərilayt” markalı neftin 1 barelinin qiymətinin, hətta 128 dollara qədər yüksəldiyi müşahidə olunub.
Lakin mart-aprel aylarında qiymətlərin yüksək olması neftin dörd aylıq orta satış qiymətinə və ölkənin gəlirlərinə ciddi təsir göstərməyib. Dövlət Gömrük Komitəsinin aylıq bülleteninə əsasən, bu ilin ilk dörd ayında neft ixracından 4,3 milyard dollar vəsait daxil olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə gəlirlərin 4,3 faiz azalması deməkdir.
Dövlət Neft Fondunun cari ilin birinci rübünə dair məlumatına görə, Azərbaycanın mənfəət nefti və qaz satışından gəlirləri 1,8 milyard manat təşkil edib. Bu göstərici ötən ilin birinci rübündə 2,6 milyard manat, 2019-cu ilin birinci rübündə isə 3,8 milyard manat olub.
