Tarif Şurası Şuşa şəhərini birləşdirən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun ödənişli hissəsi üzrə tariflər açıqlanıb.
İyunun 2-dən uzunluğu 81,7 km olan yolun ödənişli hissəsinə düşən 81,3 km-lik məsafə üçün aşağıdakı tariflər müəyyən edilib:
- Minik avtomobilləri və icazə verilən maksimum kütləsi 3,5 tona (3,5 ton daxil olmaqla) qədər olan yük avtomobilləri – 7 manat
- İcazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri və digər maşın-mexanizmlər – 8,6 manat
- Avtobuslar – 5,8 manat
- Qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələri (3 və daha çox oxlu) – 14,4 manat
- Motosikletlər – 3,7 manat.
2025-ci ilin iyulunda istifadəyə verilən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun ödənişli olması ilə bağlı qərarı Nazirlər Kabineti bu il aprelin 1-də qəbul edib.
Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolundan istifadəyə görə ödəniş məbləğlərinin təsdiq edilməsi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Tarif Şurasına müraciət edib.
Qeyd edək ki, Şuşa şəhərinə aparan yeni yolla yanaşı, uzunluğu 101 km olan “Zəfər yolu” da mövcuddur. Hazırda yeni yoldan 19,3 km daha uzun olan bu yol ödənişsizdir.
Hökumət hər iki yolun tikintisinə çəkilən xərclərlə bağlı ictimaiyyətə hər hansı məlumat təqdim etməyib.
