“Avroviziya” və milli komplekslər

Avstriyada keçirilən “Avroviziya 2026” mahnı müsabiqəsinin 70-ci yubiley yarışı arxada qaldı. Yarışın qalibi “Bangaranga” mahnısıyla Dara oldu. Bu, Bolqarıstanın “Avroviziya”da ilk qələbəsi idi. 

Azərbaycanı müsabiqədə “Just Go” mahnısı ilə təmsil edən JİVA — Cəmilə Həşimova isə finala keçə bilmədi. Onun çıxışından əvvəl  cəmiyyətimizdə gözlənti, məğlubiyyətindən sonra isə məyusluq duyulmadı. 

“Avroviziya”qələbəsindən sonrakı Bolqarıstan

Bolqarıstanlı jurnalist Nikola Krastev “Bangaranga” mahnısının qələbəsindən sonra ölkəsində sensasion, içi kef, sərxoş eyforiya və ekzistensial böhran qarışıq bir ajiotaj yaşandığını yazıb. 

Sofiyanın mərkəzi meydanında vur-çatlasının səsi kəsilməmiş, iqtisadçılar 2027-ci ildə Bolqarıstanın növbəti “Avroviziya”ya ev sahibliyinə görə büdcəyə axacaq xəyali milyonları saymağa başladılar. 

“Bangaranga” adlı üç dəqiqəlik melodi bir Balkan xalqının sağalmaz yarasını – köhnə natamamlıq kompleksinin qaysağını necə qoparıb göstərməsinin hekayətidir”.

Elə bu məqam üzərində gəzişək. 

Milli zəmində natamamlıq kompleksi yalnız bolqarlara xas olan psixoloji anomaliya deyil. Bu halı müxtəlif zamanlarda ən müxtəlif xalqlar yaşayıb. Məsələn, alman, ingilis, şotland, gürcü, erməni və azərbaycanlılar.

40-45 il əvvəl İspaniyada keçirilən futbol matçında Şotlandiya yığması ingilisləri məğlub edəndən sonra qələbədən vəcdə gələn azarkeşlər qədim milli bayraqlarla futbol meydançasına yüyürüb “Məgər biz millət deyilik?” deyə bağırmağa başlayıblar. Millət olduğuna şübhə etməyən millətin nə özünü bu sayaq təsdiq etməyə, nə də bu sualı verməyə ehtiyacı olmaz. Bu milli natamamlıq kompleksi deyilsə, nədir?

Hava limanında isterika, efirdə göz yaşları

Krastev yazır ki, çoxlarının ucuz şöhrət və düşük zövqün təcəssümü saydığı bir müsabiqədə qələbə niyə Bolqarıstanda belə böyük rezonans doğurdu? Səbəb yəqin ki, bolqarların dərin, az qala xəsətəlik səviyyəsinə çatmış tanınmaq ehtirasıdır.

“Avropa Birliyində hələ də ucuz içkili kurort zonası sayılan Bolqarıstan üçün Daranın qələbəsi sadəcə musiqi yarışında birincilik deyil. Bu, keyfiyyət sertifikatı, “Biz də varıq”, “Biz də bacardıq!” fikrinin təsdiqi və sübutudur. Sanki ölkənin yeni siması yaranıb və bu sima hər şeydən əvvəl çağdaş, cəsarətli görünmək istəyir və, – Allah eləməmiş, – əyalət kimi görünmək istəmir”.

“Lakin Daranı hava limanında qarşılayanların isterikaları, baş nazirin təmtəraqlı qəbulu, teleaparıcıların göz yaşları və hər üçüncü kafe adının dəyişdirilib “Bangaranga” qoyulması həmin gizlədilən, ört-basdır edilən kompleksləri üzə çıxarır. Ölkə orta səviyyəli musiqi yarışındakı qələbəsini geosiyasi uğur kimi bayram edəndə aydın olur ki, milli ləyaqət çatışmazlığı var və onu hələ də süni bəzək-düzək, parıltı və sintezator ritmləri hesabına doldurmaq lazımdır”.

“Avroviziya” qələbəsindən sonrakı Azərbaycan

Azərbaycanda Eurovision üzərindən tanınmaq ehtirasını hakimiyyət 2005-ci ildən sonra körükləyirdi. Vətənimiz ilk və son dəfə Eurovision 2011-də Ell & Nikki duetinin “Running Scared” mahnısı ilə qalib oldu və Bakı növbəti müsabiqəyə ev sahibliyini qazandı.

İqtidaryönlü media, deputat və müxtəlif “ekspertlər” özlərinə əl qatmışdı. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ell & Nikki – Eldar Qasımov və Nigar Camala zəng edib təbrik etdilər. Əliyev vurğuladı ki, bu qələbə eyni zamanda “dövlətimizin və xalqımızın böyük uğurudur”. Milli Məclisin deputatı, rəhmətlik Qənirə Paşayeva dedi ki, Azərbaycanın “Avroviziya 2011” qələbəsi azərbaycanlıların və bütün türk dünyasının bayramına çevrilib.

İqtidar “Avroviyiza 2012”-ni böyük dövlət layihəsi kimi görürdü – “Baku Crystal Hall” konsert sarayının tikintisi, Bakının beynəlxalq imici, modern Azərbaycanın “avropalılığı”nın nümayişi yaxşı siyasi və maliyyə qazancı vəd edirdi. Prezident Əliyev o illərdə dəfələrlə “biz müasir və uğurlu dövlətik”, “Avropanın bir hissəsiyik və beynəlxalq tədbirlər keçirməyə qadirik” kimi bəyanatlar verdi.

“Crystal Hall”ın işığı və Bakının qaranlığı

Ancaq Bakıdakı “Avroviziya-2012” yarışı beynəlxalq tədbir olmaqla yanaşı ölkə daxilində və xaricində tək musiqiylə deyil, siyasət, insan haqları və korrupsiya ilə bağlı çoxsaylı yazılara səbəb oldu. Bu tənqidi silsilə dünyaya az qala “Avroviziya”nın özü qədər səs saldı. O zaman hələ tam məhv edilməmiş müstəqil və müxalif Azərbaycan mətbuatı gündəmə uyğun, amma başqa baxış bucağından xeyli yazı çap etdi. Əsas tənqid “Crystal Hall” tikilən ərazidə sakinlərinin zorla köçürülməsi, evlərin sökülməsi, sarayın inşasında korrupsiya, jurnalistlərə təzyiq və əslində prezidentin “Avroviyiza”dan “imicinin ağardılması” üçün istifadə etməsilə bağlı idi.

Milli Bayraq meydanı və “Crystal Hall” ərazisində və ətrafda abadlıq adı altında qanunsuz söküntü, sakinlərin cüzi kompensasiya ilə zorla köçürülməsi haqqında Azadlıq Radiosunun sanballı araşdırmaları rezonans doğurmuşdu. Azərbaycan mətbuatı tək deyildi. “The Guardian”, “The New York Times”, “Reuters”, BBC, “The Wall Street Journal” kimi tanınmış qərb mediası, “Human Rights Watch”, “Amnesty International” təşkilatları avtoritarizm, zülm və işgəncələr haqqında yazdı.

“Crystal Hall”un inşası xüsusilə böyük rezonans yaratdı. Dünya mətbuatı “Müsabiqənin hazırlığına ayrılan pullar kimə çatdı?”,  “Bu layihə hakim ailəyə necə bağlıdır?” kimi suallar qaldırdı.  Britaniyalı rejissor Mermin isə insan haqları haqqında “Möhtəşəm Azərbaycan” adlı bir saatlıq sənədli film çəkdi. BBC-də, onacan Avropa ölkəsində nümayiş etdirilən film qərb yatırımları və nəhəng neft gəlirlərinin yaratdığı varlı Azərbaycan görüntüsü arxasında insan haqlarının tapdandığını göstərirdi. 

Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi

2012-ci il mayın 24-də, Bakıda “Avroviziya” finalı ərəfəsində Avropa Parlamenti ölkədə insan haqları ilə bağlı xüsusi qətnamə qəbul etdi. Bu sənəddə Azərbaycan hakimiyyəti o dövr üçün sərt tənqid edilirdi.  

Avropa Parlamenti jurnalistlərin, müxalifətçi və fəalların həbslərini, vətəndaş cəmiyyətinə təzyiqləri pisləyir, söz və toplaşma azadlığının boğulmasının dayandırılmasını tələb edirdi. Qətnamədə həmçinin “Crystal Hall” naminə sakinlərin zorla köçürülməsi, mülkiyyətlərinin isə müsadirəsi haqqında ayrıca bənd var idi. 

Qətnamədə deyilirdi ki, “Avroviziya”nın keçirilməsi yalnız ölkənin xarici imicinin nümayişi deyil, demokratiya və insan haqlarına hörmət və sədaqətin sübutu və nümayişi olmalıdır. Rəsmi Bakı üçün bu, xüsusilə xoşagəlməz oldu, çünki o “Avroviziyanı” modern və zəngin “avropa ölkəsi” Azərbaycanın beynəlxalq uğuru kimi təqdim edirdi. 

Azərbaycanlıların natamamlıq kompleksi və “Avroviziya-2012” 

Xalqımızın milli natamamlıq kompleksi haqqında 1992-ci ildə Xocalı soyqırımından sonra yazıram. Azərbaycan hakimiyyətinin təbliğatı, Bolqarıstanda olduğu kimi, bizim cəmiyyətin müəyyən kəsimində də “Avroviziya” vasitəsilə tanınmaq həvəsi doğurmuşdu. Əsas səbəb təbliğat, sadəcə insan şöhrətpərəstliyi, aşağı savad və ictimai-siyasi şüur olsa da, səbəblərdən biri yenə də milli natamamlıq kompleksi idi. Hətta, “Avroviziya”nın varlığından xəbərsiz, pop-musiqi ilə maraqlanmayan, hətta bəyənməyən adamlar belə həvəsə düşmüşdülər. 

Niyə? Ona görə ki, söhbət artıq musiqidən və pop-mədəniyyətdən getmirdi. Söhbət yenə də məğlub, Qarabağ müharibəsinin və itkilərin travmasını yaşayan, o travmanı bizə yaşadan qonşuların sovet kino və idman uğurlarına həsədlə baxan bir xalqın qələbəyə, milli və beynəlxalq çaplı hər hansı uğura psixoloji ehtiyacından gedirdi. 

Fikrimi bir misalla daha aydın göstərim.  2001-də “Türk yıldızları” aviaeskadrilyasının Bakıya gəlişini xatırlayırsınız? Prezident Heydər Əliyev “yıldızlar”ın gəlməsini  Azərbaycanla İran arasında Xəzər neft yataqları üstündə gərginlik yaranan vaxt Türkiyədən xahiş etmişdi. Mediada geniş işıqlandırılan aviaşou avqustda keçirildi və bir milyon tamaşaçı topladı.

Azadlıq Radiosunun “Bu qədər böyük ajiotajın səbəbi nədir?” sualına cavabımda demişdim ki, biz – azərbaycanlılar uduzmaqdan və təzyiqlərə boyun əyməkdən yorulmuşuq – Ermənistana, Rusiyaya, İrana, öz hakimiyyətimizə. İnsanlar bezib, uğur və qələbəyə susayıb və “Türk yıldızları” şousunu böyük uğur sayır. Doğrudan da, azərbaycanlıların vətənpərvərlik duyğularını coşduran, Azərbaycanın güclü, təhlükəli və aqressiv İran qarşısında tək olmadığını göstərən gözəl bir aviaşou qardaş köməyi, İrana anlayacağı dildə diplomatik-hərbi mesaj, sərt cavab və psixoloji qələbə idi. Açar sözlər – qardaş köməyi və qələbə. Ona görə, Azadlıq meydanına Azərbaycan və Türkiyə bayraqlarıyla axışan insanlar sevinir, bayraqlarını dalğalandırır, doğma kmi qucaqlaşırdılar. 

“Biz də varıq!

Beləliklə,  “Avroviziya 2011”-də qələbə ilahəsi nəhayət azərbaycanlıların da üzünə güldü, uğur və qələbə arzularını az da olsa təmin etdi. İnsanların yaralı qəlbində “Qarabağ müharibəsində qalib gələ bilməsək də, Avropa musiqi yarışında qalib gəldik! Qələbə göstərdi ki, biz torpaqları əlindən alınmış keçmiş sovet əyalətində yaşayan, yalnız neft və korrupsiya ilə tanınan bədbəxt xalq deyilik. Biz Avropa mədəni məkanında qalib gələ bilən çağdaş millət və dövlətik!” kimi fikirlər dolaşırdı.

Məhz buna görə Ell & Nikki-nin qələbəsi çox adam  tərəfindən dövləti və milləti təmsil edən iki ifaçının uğuru kimi yox, yığılmış tarixi komplekslərin kollektiv kompensasiyası – bədəli kimi qəbul edilirdi. 2020-ci ildə 44 günlük müharibədə qazandığı zəfər sevinci kimi… 

Bu mənada bolqarların Daranın qələbəsinə reaksiyası 2011-ci ildə azərbaycanlıların reaksiyasını çox xatırladır. Həm orada, həm də burada musiqi zəminində yaranmış eyforiyanın arxasında müxtəlif mənbələrdən qaynaqlanan, amma eyni ağrılı formul gizlənir – nəhayət ki qalib gəldik! 

SSRİ dağılandan, Qarabağ müharibəsinin ilk böyük məğlubiyyəti – Xocalı qətliamı, sosial-iqtisadi problem və psixoloji sarsıntılardan sonra Azərbaycan toplumunun böyük kəsimi ağır kollektiv depressiya yaşadı. Burada ağır xəyal qırıqlığı, dərd-kədər, peşmançılıq, yazıqlıq, mağmınlıq hissləri bir-birinə qarışmışdı. Elə həmin dövrdə Azərbaycanda sovet vaxtından mövcud olan söhbətlər -“Biz fərli adam deyilik, zəif xalqıq, ermənilər kimi birləşə bilmirik, intriqantıq, bizdən heç nə alınmayacaq” kimi söhbətlər artmışdı. 

Hələ o vaxt yazmışdım ki, belə yazıqlıq ovqatı “pis millətin” xüsusiyyəti deyil, müxtəlif  tarixi, siyasi, iqtisadi, sosial, mədəni və psixoloji yaranma səbəbləri olan milli-psixoloji travma və yaraların simptomudur. Milli natamamlıq kompleksi tək azərbaycanlıların xüsusiyyəti deyil, bir çox xalqda məğlubiyyət və böhrandan sonra müşahidə olunur.

1945-də dəhşətli atom bombardmanından sonra məğlub olan Yaponiya illərlə çəkən dərin psixoloji böhrana düşmüşdü. Psixoloji sağalmanın, dönüşün əsas səbəbi Akira Kurosavanın “Rasömon” filminin 1951-ci ildə Venesiya Kino Festivalında baş mükafatı – Qran-prini qazanması oldu. Az sonra film ABŞ-da “Oskar”a da layiq görüldü. 

Yaponlar bunu yalnız kino uğuru deyil, məğlubiyyətə baxmayaraq Yaponiyanın məhv olmadığı, ayaq üstə qaldığının əlaməti kimi qəbul etmişdilər. Dünya müharibəsində darmadağın edilən dövlət və millətin kinosu dünya çaplı nüfuzlu mükafata layiq görülübsə, millət elə də pis deyil…

Yaponiya və Azərbaycan

Burada Azərbaycan üçün prinsipial önəm daşıyan başqa məqam var. Yaponiya bizdən fərqli olaraq, öz filminin uğurunda, tanınmasında ilişib qalmadı, dayanmayıb irəli getdi, inkişaf etdi, gücünü və ağlını iqtisadiyyata, demokratik institutlara, təhsilin və texnologiyanın inkişafına, çağdaş vətəndaş cəmiyyətinin formalaşmasına yönəltdi. 

Rəmzi uğur inkişafı əvəz edib adamları aldatmadı, əksinə, inkişafa psixoloji təkan oldu.

Məhz burada milli natamamlıq kompleksinin dəf edilməsi, ona qalib gəlmə və sağalma, normal vəziyyətə qayıtma ilə onun siyasi istismarı arasındakı prinsipial fərq ortaya çıxır. Bizimlə Yaponiya arasında olan fərq. 

Sağlam millət də müğənni, film və ya idmançısının qələbəsinə sevinir, amma bunu öz həyatının, tarixi varlığının bəraəti və sübutuna çevirmir. Güclü kompleks və psixoloji problemləri olan millət isə “Avroviziya”, futbol çempionatı və s. kimi beynəlxalq qələbələri öz varlığının və heç kimdən əskik olmamasının, başqalarına bənzər normal millət olduğunun təsdiqi, bir təsəlli kimi qəbul edir. 

Məhz buna görə, avtoritar rejimlər belə simvolik uğur və qələbələri çox sevir, faydalanmağa çalışır. Olmayan yerdə isə özləri yaratmağa. Ən azı ona görə ki, bu üsul müvəqqəti də olsa, ağrılı daxili problemləri zahiri bər-bəzək və parıltı ilə pərdələməyə, əvəzləməyə imkan verir, cəmiyyətin ağır və ciddi iqtisadi və sosial problemlərini həll etmədən aldadıcı məmnunluq və iftixar hissləri yaradır və yaşadır. 

Təxminən legioner hesabına qazanılan qızıl medallar  və ya Bayraq meydanında ucaldılan dünyada ən böyük və hündür bayraq kimi. Amma hakimiyyətin dünyada “ən böyük və hündür” milli bayraq ucaldaraq “uğur” və qürur mənbəyi yaratmaq cəhdi uğursuz cəhd oldu,  “Avroviziya-2011” qələbəmiz uğurlu, “Avroviyiza-2012”-yə ev sahibliyi etmək yenə uğursuz. Hakimiyyət dünyaya çağdaş, uğurlu, “yevropeyski”  Azərbaycanı göstərməyə çalışırdı, nəticədə dünya mediasında tənqid kampaniyası və Avroparlamentin insan haqlarıyla bağlı tənqidi xüsusi qətnaməsini aldı. 

Eyni zamanda, 2012-ci ildən sonra ölkədə korrupsiya, vətəndaş cəmiyyətinə basqı, və deməli, qorxu gücləndirildi. Üstdəki bəzək və parıltı artdıqca altdakı real həyat pisləşir, rəsmi görüntü ilə real həyat arasındakı uçurum dərinləşirdi… 

Məhz buna görə, “Avroviziya-2012” Qərbə belə ikili təsir yaratdı. Sadə turistlər möhtəşəm çağdaş şəhər, yeni modern memarlıq, şou və Azərbaycan mətbəxinə məftun oldular, amma bəsirətli xarici müşahidəçilər – jurnalist, siyasətçi və hüquq müdafiəçiləri Bakının bu parlaq fasadı arxasında sərt avtoritar sistem gördülər və susmadılar. 

Ancaq bundan da önəmli daha bir məsələ də var.

Xalqın yoxsa hakimiyyətin qələbəsi?

Musiqi müsabiqəsi və idman çempionatlarında qazanılan qələbələr xalqın ruhunu oxşasa da, milli natamamlıq kompleksini dəf və müalicə edə bilməz. Belə qələbələr neqativ milli natamamlıq kompleksi ovqatını müvəqqəti ovundurur. Yalnız müvəqqəti, çünki milli ləyaqət və qürur hissləri estrada səhnəsi, idman meydançalarında qələbə və eyforiyasından güclənə bilər, amma yarana bilməz. Bu duyğular daha dərin və güclü  dayaqlara söykənir, insanın ölkəsində özünü ev sahibi, güvənli, güclü, ləyaqətli, azad, hörmətli vətəndaş hiss etdiyi yerdə yaranır və möhkəmlənir. Bütövlükdə, öz ölkəsinə görə duyulan qürur kimi.

Əgər hər hansı döyüş, müharibə və başqa böyük qələbədən sonra insanlar daha yaxşı və azad yaşamağa başlayıbsa – qələbə onların qələbəsidir. Yox, qələbədən sonra insanlar daha pis, daha çox ehtiyat və qorxu içində yaşamağa başlayıbsa – qələbə xalqın yox, hakimiyyətin olub.

Azərbaycanda həm “Avroviziya” yarışlarından, həm də 44 günlük müharibədən sonra olduğu kimi. Sözlərimə inanmayan oxucu müharibənin əlil və qazilərindən soruşsun. İntihar edən yüzədək qazi bu cavabı artıq verib. 

Allah hamısına rəhmət eləsin!

Müəllif: Çingiz Sultansoy