DTX-ya total nəzarət səlahiyyəti verilir

Dövlət Təhlükəsizlik Xidmətinə Azərbaycan vətəndaşları və ölkədə yaşayış icazəsi olan şəxslərin şəxsi məlumatlarına çıxış imkanı verilir.

Qurumun Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edən Əsasnamə Azərbaycan prezidentinin rəsmi saytında dərc olunandan qısa müddət sonra silinib.

Tədqiqatçı jurnalist Cavid Ağa Əsasnamənin əslini silinməzdən əvvəl arxivləşdirə bilib. Həmin Əsasnaməyə görə, DTX Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə dövlət qurumlarının məlumat bazalarından aşağıdakı məlumatlara çıxış əldə edəcək:

1. Şəxsiyyət və hərəkətə dair: 
Şəxsiyyət vəsiqələrində və ümumvətəndaş pasportlarında qeyd edilən məlumatlar, fotoşəkillər, şəxsin yaşayış yerinin qeydiyyatı tarixçələri, sürücülük vəsiqələri, şəxsin mülkiyyətində olan nəqliyyat vasitələri haqqında məlumatlar, sərhəd keçmə uçotu, səyahət məhdudiyyətləri və Təhlükəsiz Şəhər sistemindən real vaxt rejimində video nəzarət məlumatlarına daxil olmaq

2. Ailə və şəxsi statusa dair: Bütün ailə üzvlərinin şəxsiyyət məlumatları və fotoşəkilləri, doğum, ölüm, nikah, boşanma, atalığın müəyyən edilməsi, vətəndaşlıq bəyannamələri və ad və soyadlardakı hər hansı dəyişikliklər, ailə tərkibi


3. Vətəndaşlıq və immiqrasiyaya dair: Vətəndaşlığın alınması, bərpası və vətəndaşlığa xitam verilməsi, vətəndaşlığı olmayan şəxslərin şəxsiyyətinə dair məlumatlar, o cümlədən mənşə ölkəsi, xarici yaşayış yeri, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə verilən iş icazələri, müvəqqəti qalma müddətlərinin uzadılması və girişi qadağan edilmiş və ya çıxışı məhdudlaşdırılmış əcnəbilərin məlumatları

3. Cinayət işlərinə dair: Barəsində həbs qətimkan tədbiri seçilmiş şəxslər, məhkumlar, həbs və cəzanın icrası statusu, məhkəmə hökmləri və yekun qərarlar, axtarışda olan şəxslər, cinayət işləri və cəzanın icrası ilə bağlı ödənişlər

4. Sağlamlıq məlumatlarına dair: Narkoloji və ya psixiatrik müalicə üçün qeydiyyata alınmış şəxslərin sağlamlıq vəziyyəti haqqında məlumatlar

5. Maliyyə və iqtisadi məlumatlara dair: Elektron imzalanmış əmək müqavilələri, pensiya və sosial müavinət ödənişləri, elektrik enerjisi, su və təbii qaz üçün kommunal xidmətlərə abunəliklər, vergi qeydiyyatı, biznes fəaliyyətləri və ünvanları, hüquqi şəxsin qeydiyyat məlumatları və şirkət direktorları haqqında məlumatlar daxil olmaqla məşğulluq statusu

6. Təhsil və peşəkarlığa dair: Təhsil sənədləri və təhsil haqqında dövlət sənədlərinə dair məlumatlar, xüsusən də dövlət qulluqçuları üçün məşğulluq fəaliyyəti, dövlət xidməti qeydləri, elmi fəaliyyətlər, xarici dil bacarıqları, konfranslarda iştirak, təltif və mükafatlar və intizam tədbirləri haqqında məlumatlar

7. Şəxsi məlumatlara dair: Mülki silahların qeydiyyatı və buna dair icazə və sertifikatlar, dini qurumların qeydiyyatı, otellər və tur operatorları daxil olmaqla turizm xidməti təminatçıları, təyyarə operatorlarından sərnişin və heyətə dair məlumatlar, radiotezlik bölgüsü qərarları və əməliyyat icazələri və pilot lisenziyaları daxil olmaqla mülki dronların qeydiyyatına dair məlumatlar