Ailəsi tərəfindən tutulan vəkilə Ruben Vardanyanla görüşməyə icazə verilmir. Qəzetçi-nin əldə etdiyi məlumata görə, yeni vəkili bir neçə dəfə Vardanyanın saxlanıldığı Umbakı Penitensiar Mərkəzinə getsə də, onun müvəkkili ilə görüşünə şərait yaradılmayıb.
Mənbənin bildirdiyinə görə, Ruben Vardanyana məhkəmə müdafiəsilə bağlı təzyiq var və o, məhkəmə tərəfindən təyin edilən vəkillə kifayətlənməyə məcbur edilir. Onun məhz bu təzyiq nəticəsində vəkili Avraam Bermandan imtina etdiyi bildirilir.
Vardanyan 2025-ci il oktyabrın 28-də keçirilən məhkəmə iclasında narazı olduğu üçün müdafiəçisi Avraam Bermandan imtina etdiyini bildirmişdi.
Hakimiyyətyönümlü medianın yazırdı ki, Vardanyan dövlət tərəfindən vəkillə təmin edilməsinə etiraz etməyib.
Ondan sonra məhkəmə Emil Babaşovu Vardanyana vəkil təyin edib. Lakin Ermənistan mediası Vardanyanın dövlət tərəfindən təyin edilən vəkildən imtina etdiyi barədə məlumat yayıb.
Qəzetçi Vardanyanın vəkili ilə görüşünə yaradılan problemlə bağlı Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətə sorğu göndərsə də, yazı dərc olunana qədər cavab ala bilməyib. Qurumun mətbuat katibliyinə edilən zənglər də cavabsız qalıb.
Dövlət Sərhəd Xidməti Ruben Vardanyanın 2023-cü il sentyabrın 27-də Qarabağdan Ermənistana gedərkən saxlanıldığını bildirib. Terrorçuluqda ittiham olunan Ermənistan vətəndaşı Vardanyan fevralın 17-də Bakı Hərbi Məhkəməsinin hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə istintaqı digər erməni məhbuslardan ayrı aparılan Vardanyanı qarşıda apellyasiya mərhələsi gözləyir. Onun müstəqil vəkilə çıxışının olmaması şikayətin Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilməməsilə nəticələnə bilər.
Ruben Vardanyan 2022-2023-cü illərdə üç ay separatçı Dağlıq Qarabağ Respublikasının dövlət naziri olub.
