Azərbaycan 2025-ci ilə Avropa Şurasına üzv dövlətlər arasında məhbus sayına görə liderlik edən iki ölkədən biridir.
Mayın 19-da Avropa Şurasının Lozanna Universiteti ilə birlikdə yaydığı hesabata görə, Azərbaycanda əhalinin hər 100 min nəfərinə 271 məhbus düşüb. Bu göstəriciyə görə, Azərbaycan ancaq qonşu Türkiyədən (458 məhbus) geri qalır.
Cənubi Qafqaz regionuna gəlincə, Gürcüstan analoji metodologiyaya görə, 232 məhbusla 4-cü yerdədir. Ermənistan isə 126 məhbusla siyahının 36-cı pillədə qərarlaşıb ki, bu da aşağı göstərici hesab olunur.
Türkiyə həbsxanaları məhbus sıxlığına görə də liderlik edir. Bu ölkədə cəzaçəkmə müəssisələrində hər 100 yerə 131 məhbus, Azərbaycanda 98, Gürcüstanda isə 90 məhbus düşür.
Orta həbs müddətinə gəlincə, Azərbaycan Ukraynadan sonra 2-ci yerdə qərarlaşıb. Ukraynada orta həbs müddəti 39 ay, Azərbaycanda 36 ay, Ermənistanda isə 25 ay təşkil edir. Azərbaycanda orta həbs müddəti Avropa ölkələrinə nisbətən 4 dəfə çoxdur.
Hesabatda qeyd olunur ki, 13 ölkədə aparılan monitorinqlər zamanı məhbusların sayının əvvəlki illərə nisbətən artdığı da qeydə alınıb.
Statistikaya görə, Türkiyə 29 faizlə qabaqdadır. Ermənistanda bu göstərici üzrə 5.8 faiz artım qeydə alındığı halda, Gürcüstanda 11faiz azalma müşahidə olunub.
Məhbuslar arasında yaş statistikasına görə, Azərbaycan və Türkiyədə məhbusların təxminən 11-13 faizi yaşı 51-dən yuxarı olan məhkumlardır. Gürcüstanda isə bu göstərici 20-22 faiz təşkil edir.
Hesabatda qeyd edilir ki, 2024-cü ilin yanvarından 2025-ci ilin yanvarınadək Avropa Şurasına üzv dövlətlərdə qadın məhbusların sayında da artım qeydə alınıb.
Azərbaycanda ümumi məhbusların 3.1 faizi, Ermənistanda 2.6 faizi, Gürcüstanda təxminən 3-4 faizi, Türkiyədə isə 4-5 faizi qadınlardır.
Azərbaycan həbsxanalarında məhbusların 16.8 faizi istintaq təcridxanalarında saxlanılır. Ümumi məhbusların 2.2 faizi isə əcnəbilərdir.
