Avropa Parlamenti hakimiyyəti müxalifət lideri və akademikləri azad etməyə, Avropa Birliyini isə sanksiya tətbiq etməyə çağırıb

Dekabrın 18-də Avropa Parlamenti Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin, talış tətqiqaçı İqbal Əbilovun, Çexiyanın Çarlz Universitetinin doktorantı Bəhruz Səmədovun və iqtisadçı alim Qubad İbadoğlunun azadlığa buraxılmasını tələb edən qətnamə qəbul edib. 

Qətnamədə Qubad İbadoğluya qarşı açılan cinayət işi ilə əlaqədar Fazil Qasımovun da ədalətsiz şəkildə həbs olunduğu vurğulanıb. Bildirilib ki, 2025-ci ildən etibarən Azərbaycanda siyasi məhbusların sayı 400-ə çatıb, siyasi mötivlərlə həbs olunanlar arasında vətəndaş cəmiyyəti fəalları, müxalifət liderləri, jurnalistlər və hüquq müdafiəçiləri də var.

Talış Milli Akademiyası satyının baş redaktoru və talış milli azlığına mənsub olan tədqiqatçı İqbal Əbilov və Bəhruz Səmədovun məhkəmə prosesləri bağlı qapılar arxasında keçirilib, Əbilov 18, Səmədov isə xəyanət ittihamı ilə 15 il azadlıqdan məhrum edilib.

Qeyd edilir ki, dekabrın 1-də tanınmış müxalifət lideri Əli Kərimlinin dövlət çevrilişi ittihamı ilə həbs olunması Azərbaycanda artan avtoritarlaşmanın nümunələrindən biridir. 

Qətnamədə həm də jurnalistlərə, fəallara, akademiklərə, hüquq müdafiəçilərinə və mühacirətdə olanlar da daxil olmaqla, qanunsuz olaraq həbs edilmiş digər şəxslərə qarşı repressiyalara son qoymaq tələb olunur, Avropa İttifaqına vətəndaş cəmiyyətinə dəstəyi artırmaq tövsiyyə edilir və bildirilir ki, Azərbaycanda insan hüquqları və demokratik idarəçilik daha çox dəstəklənməli və diplomatik əlaqələr Avropa İttifaqının əsas dəyərlərinə uyğun aparılmalıdır.

“Gələcək tərəfdaşlıq müqaviləsində insan hüquqları, qanunun aliliyi, Avropa İttifaqının dəyərlərinə və prinsiplərinə hörmət , o cümlədən siyasi məhbusların azad edilməsi və məhdudlaşdırıcı qanunvericiliyin ləğvi şərti qoyulmalıdır. Avropa İttifaqı insan hüquqlarını pozan və bu yöndə siyasi qərarlar verən azərbaycanlı dövlət rəsmilərinə sanksiyaların tətbiq olunması ilə bağlı müzakirələrə başlamalıdır”, – deyə sənəddə vurğulanır.

553 deputatın iştirak etdiyi iclasda səsverməyə qoyulan qətnamə səs çoxluğu ilə qəbul olunub. 447 deputat qətnamənin qəbul olunmasına səs verib. Azərbaycanın hökumət rəsmiləri hələlik qətnamənin qəbuluna münasibət bildirməyiblər.