SOCAR adı korrupsiyada hallanan keçmiş naziri İtaliyadakı şirkətin direktoru təyin edib

Azərbaycanın dövlət neft şirkəti SOCAR İtaliyanın “API Holding”dən aldığı “Italiana Petroli” şirkətinə yeni baş icraçı direktor təyin edib. “Policy Maker” yazır ki, söhbət Gürcüstanın keçmiş iqtisadiyyat naziri Levan Davitaşvilidən gedir.

Levan Davitaşvili 2021-ci ildən 2025-ci ilədək Gürcüstanın baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri vəzifələrində çalışıb. O, nazir postunu tərk edəndən sonra 2025-ci ilin noyabrından SOCAR prezidentinin müşaviri vəzifəsini icra edib.

Gürcüstanda fəaliyyət göstərən “Radio Marneuli” yazır ki, Davitaşvilinin adı korrupsiya qalmaqalında hallanıb. Keçmiş nazir 2026-cı ilin fevralında Dövlət Təhlükəsizlik Xidmətinin Anti-Korrupsiya Agentliyində aparılan istintaq çərçivəsində dindirilib.

Amma Davitaşvili, dindirmədən sonra jurnalistlərə qaz təchizatı məsələsinin müzakirə edildiyini bildirsə də, Dövlət Təhlükəsizlik Xidməti keçmiş nazirin konkret cinayət işi üzrə dindirildiyini açıqlayıb. Dindirmənin ertəsi günü ölkəni tərk edən Levan Davitaşvili bir daha Gürcüstana qayıtmayıb.

SOCAR “Italiana Petroli” (IP) şirkətinin səhmlərinin 99,82 faizini alıb. Mayın 8-də alqı satqı-prosesi yekunlaşıb. SOCAR aldığı səhmlərin dəyərini açıqlamayıb. Amma “Reuters” yazırdı ki, “Italiana Petroli”nin dəyəri 2.9 mlrd. dollar civarında olub.