Deren Derya: “Əliyevin Avropa Parlamenti haqqında dediklərinin cavabı yerindəcə verilib”

Mayın 7-də Avropa Parlamentinin insan haqları alt komitəsində Azərbaycanda insan haqlarının vəziyyətinə dair dinləmələr keçirilib. Bu müzakirələr Milli Məclisin Avropa Parlamenti ilə bütün istiqamətlərdə əlaqələrin dayandırılması ilə bağlı verdiyi qərardan bir həftə sonraya  təsadüf edir. 

Dinləmələrdə Avropa Birliyinin Azərbaycanla iqtisadi münasibətlərinin fonunda hüquq müdafiəçiləri və müstəqil mediaya qarşı basqılar, eləcə də 2025-ci ilin dekabrında Bəhruz Səmədov və İqbal Əbilovla bağlı Avropa Parlamentinin qəbul etdiyi qətnamədən sonrakı vəziyyət müzakirə olunub. 

İnsan haqları üzrə alt komitənin sədri Mounir Satouri deyib ki, Avropa Parlamentinin son qətnaməsində akademik aradırmaçılar Bəhruz Səmədov, İqbal Əbilov, Qubad İbadoğlu və Fazil Qasımovun və müxalifət lideri (AXCP)  sədri Əli Kərmlinin həbsi pislənilsə də, yaxşılığa doğru hər hansı dəyişiklik olmayıb.

Azərbaycan vətəndaş cəmiyyətindən bu dinləmələrə  “Free Voices Collectiv”i təmsil edən, eləcə də Almaniyada yaradılan mühacir azərbaycan mediası Qəzetçi-nin baş redaktoru Leyla Mustafayeva, III Respublika Platformasının həmtəsisçisi, Azərbaycan Siyasi Mühacirlərinin Müdafiəsi Komitəsinin idarə heyətinin üzvü, hüquqşünas Səməd Rəhimli iştirak edib.

Səməd Rəhimli bildirib ki, 20 ildir Azərbaycan hökuməti müxalifəti mütəşəkkil şəkildə məhv etmək məqsədilə müxtəlif formalarda sistemli repressiyalar həyata keçirib, amansız təzyiqlər nəticəsində ölkə daxilindəki strukturları demək olar ki dağıdıb. 

Rəhimli qeyd edib ki, ölkə daxilində mövqelərini itirməsinə baxmayaraq, Azərbaycanın demokratiya tərəfdarı olan şəxslər möhkəmlik nümayiş etdirib və mühacirətdə fəaliyyətlərini davam etdirirlər və onların davamlı beynəlxalq siyasi dəstəyə ehtiyacları var.

Azərbaycan hökumətinin cinayət canunvericiliyindən tənqidçiləri susdurmaq, məhkəmələrdən hələ də demokratik qüvvələri sıradan çıxarma üçün silah kimi istifadə etdiyini bildirən Səməd Rəhimli tənqidçilərin ölkədən çıxışına qadağa qoyulduğun, həbsxanalarda tibbi xidmətə çıxışın kəsildiyini, polis bölmələrində saxlanılanlarla pis rəftarın davam etdiyini, bölgədəki ölkələrin hakimiyyətlərindən bu repressiyalarda istifadə olunduğunu, mühacirətdəki fəallara qarşı transmilli represiyaların davam etdiyini, onların ailələrinə təzyiqlər göstərildiyini də qeyd edib. 

“Həbs qətimkan tədbirlərindən preventiv tədbir kimi yox, cəza üsulu kimi istifadə olunur, vəkillər kollegiyadan çıxarılmaq təhlükəsi ilə qarşılaşır, məhkəmələrdə qaldırılan vəsatətlər birmənalı rədd edilir, ictimai fəaliyyəti maliyyələşdirmə cinayət hesab olunur, xaricdəki tənqidçilərə siyabi hökmlər oxunur”, – deyə Səməd Rəhimli vurğulayıb.

Leyla Mustafayeva isə bildirib ki, Avropa Parlamentinin son qətnaməsindən sonra Azərbaycanda repressiyalar dərinləşib. O, bildirib ki, həm Bəhruz Səmədovun, həm də İqbal Əbilovun həbsi Azərbaycan hökumətinin mədəni hüquqları və akademik azadlığı boğmaq üçün milli təhlükəsizlik qanunvericiliyindən açıq şəkildə sui-istifadə etdiyini göstərir. Azərbaycan həbsxanalrında 30-dək jurnalistin həbsdə olduğunu qeyd edən Mustafayeva əlavə edib ki, həmin  jurnalistlər hökuməti tənqid etdiklərinə və apardıqları korrusiya araşdırmalarına görə cəzalandırılıblar. Saxta ittihamlarla həbs olunmaqla yanaşı, jurnalistlər saxlandıqları həbsxanalarda da təzyiqlərə məruz qalırlar.

“Avropa Şurasından ədliyyə sistemində islahatlar üçün 23 milyon avro ayrılmasına baxmayaraq, Azərbaycanda işgəncə, pis rəftar və tibbi yardımdan imtina halları hələ də davam edir. Meydan TV-nin jurnalistləri Aytac Tapdıq, Xəyalə Ağayeva və Aysel Umudova, həmçinin jurnalist Ülviyyə Əli həbsdə olunanda və sonra cinsi qısnamaya məruz qalıblar. Media mütəxəssisi Ələsgər Məmmədli, araşdırmaçı jurnalist Hafiz Babalı və Meydan TV-nin baş redaktoru Aynur Elgünəş ciddi sağlamlıq problemləri var və onlar təcili müayinə olunmalıdırlar. 

Ümumilikdə isə, tək  jurnalistlər və media işçiləri yox, təlimlərdə iştirak edən gənclər və onlara təlim keçənlər də hədəfə alınır, polisə çağırılır, dindirilir və saxlanılırlar. “USAID”in (ABŞ Beynəlxalq İnkişaf Agentliyinin) dəstəyilə müstəqil jurnalistlərə rəqəmsal təhlükəsizlik təlimləri keçən İT mütəxəssisi İlqar Əliyev 2023-cü ildə saxta narkotik ittihamı ilə həbs olunmuşdu. O, ötən həftə həbsxanada ölü tapılıb”, – deyə Mustafayeva vurğulayıb. 

Avropa Xarici Əlaqələr Komissiyasına bağlı olan Moldova, Belarus, Gürcüstan, Ermənistan və Azərbaycan qrupunun rəhbəri Deren Derya isə bildirib ki, elm adamlarının hədəf alınması tək ölkənin daxili ilə bağlı məsələ deyil, bu həm də xaricə bir siqnalıdr. O bildirib ki, Səmədov və Əbilov keysləri ayrıca bir keys deyil, alimlər, tədiqiqatçılar və tələbələrin azad, təhlükəsiz şəkildə öz fəaliyyətlərini həyata keçirməsinə təminat verilməlidir. 

Aropa Birliyinin Azərbaycanda getdikcə daralan azadlıqlar haqqında naraharlıq keçirdiyini vurğulayan Deren Derya qeyd edib ki, onlar hələ də jurnalistlərə vətəndaş cəmiyyətinə təzyiqlər, ifadə və toplaşma azadlığını məhdudlaşdıran tədbirlərlə bağlı xəbərlər alırlar. 

“Bu hallar Azərbaycanın üzərinə götürdüyü öhdəliklərlə ziddiyyət təşkil edir. Bu mənada, Azərbaycanın Avropa Şurası üzvlüyünü və ATƏT-in işində iştirakını yenidən xatırladırıq. Götürülən öhdəliklər seçim imkanı vermir. Bu beynəlxalq birliyə üzvlük müqabilində götürülən cavabdehlikdir”, – deyə Derya vurğulayıb.

Deren Derya əlavə edib ki, insan haqlarına hörmət və qanunun aliliyində çatışmazlıq qaldıqca, Azərbaycanla partnyorluq tam olaraq öz potensialına çata bilməyəcək. 

Sosialist və Demokratik Proqressiv Ayans qrupunu təmsil edən deputat Sanches Amour Avropa Birliyinin Azərbaycanla iqtisadi əlaqələrinə toxunaraq deyib ki, Avropa Birliyinin 10-dək ölkəsi Azərbaycandan qaz alır. O qeyd edib ki, buna baxmayaraq, Avropa Birliyi 21-ci maddənin üzərində dayanmalı və məsələ neft-qaz  olsa da, olmasa da Avropa ittifaqı ancaq bir səslə danışmalıdır. 

Milli Məclisin Avropa Parlamenti ilə bütün sahələrədə əməkdaşlığın kəsilməsilə bağlı verdiyi qərar, prezident Əliyevin Avropa Parlamentinin Azərbaycanlıa bağlı çıxartığı qətnamələri “obsessiya” adlandırması da diqqətdən yayınmayıb. Səməd Rəhimli bildirib ki, Azərbaycanın mühacirətdəki vətəndaş cəmiyyəti hökumətin bu mövqeyini bölüşmür. 

“Azərbaycan hökuməti Avropa İttifaqını anti-Azərbaycan mövqeyinə görə günahlandırır. Bu, demokratik qüvvələrin və vətəndaş cəmiyyətinin, tənqidçi media və digər qrupların mövqeyi deyil. Bu, Əliyev hökumətinin azad və ədalətli seçkilərlə formalaşmayan Azərbaycan parlamenti vasitəsilə ifadə olunan mövqeyidir. Ona görə də, bu Azərbaycan xalqının mövqeyini də ifadə etmir”, – Rəhimli vurğulayıb.

Səməd Rəhimli deyib ki, Azərbaycan hökuməti Avropa institutları ilə əməkdaşlıqdan çəkilməsilə bağlı cavab verilməlidir. O qeyd edib ki, Azərbaycanın Avronestdən çıxması  Belarus modelində olduğu kimi onların mühacirətdə yaşayan müstəqil qruplara əvəzlənməsi ilə nəticələnməlidir. 

“Məsələ məhkəmələrin monitorinqi, ölkənin içində hakimiyyətin yaratdığı qeyri-hökumət təşkilatları ilə əməkdaşlıqla məhdudlaşmamalı, mühacirətdə olan müstəqil və tənqidçi qruplarla əməkdaşlıq açıq şəkildə artırılmalıdır”, – deyə Səməd Rəhimli vurğulayıb. 

Deren Derya deyib ki, Əliyevin Avropa Birliyinə qarşı tənqidinin cavabı elə yerindəcə, Avropa Parlamentinin rəhbəri Roberto Metsola tərəfindən verilib. Deputat həmçinin deyib ki, istənilən halda diplomatiya və əlaqələrin kəsilməməsinə  inanır və mayın 5-də vitse-prezident Kaya Kallasın Bakıya səfərini müdafiə edir. 

Leyla Mustafayeva isə bildirib ki, Azərbaycanla Ermənistan sülh müqaviləsi imzalamaq yolundadır və iki ölkə arasında konflikt dayandığından, yeni era başlayır, buna görə də, Avropa Birliyi Azərbaycanla bağlı yeni siyasi xətt müəyyənləşdirməlidir. 

“Azərbaycanın Ermənistan arasında müharibə birmiş olsa da, hökumət öz əhalisi və Avropa institutları ilə konfliktləri hələ də davam etdirir. Bugünə qədər insan haqlarının pozuntusunda əli olan siyasətçilərə, yüksək rütbəli məmurlara, ən azından siyasi motivli məhkəmə qərarları çıxaran hakimlərə qarşı sanksiyaların tətbiqini tələb etmişik, amma bu hələ baş verməyib. Onların Avropada mülkləri, banklarında pulları var. Artıq bu sanksiyaları tətbiq etməyin vaxtı çatıb”, – deyə Mustafayeva vurğulayıb.

Enerji və strateji əməkdaşlığa gəlincə, Mustafayeva bildirib ki, insan haqlarının durumu ən azı Avropa ölkələrinin enerji maraqları ilə paralel səsləndirilməlidir. Ölkə büdcəsinin və gəlirlərinin çox böyük hissəsinin Avropa Birliyinə ixrac edilən enerji resurslarından asılı olduğunu qeyd edən jurnalist Azərbaycanın Avropa bazarından çıxıb Asiya bazarında İran və Rusiya neftinin satışı ilə yarışa girəcəyinə inanmadığını da deyib.

Yaşıllar və Azad Avropa Alyansından deputat Katarina Vieira isə Azərbaycanın etibarlı tərəfdaş kimi təqdim olunmasına etiraz edib: “Vətəndaşları ilə bu cür rəftar edən hökumət etibarlı tərəfdaş ola bilməz. Qaz aldığımız üçün insan hüquqları pozuntularına göz yuma bilmərik”.

Qeyd edək ki, Milli Məclis mayın 1-də Avropa Parlamenti ilə əməkdaşlığı dayandırmaqla bağlı verdiyi qərarla yanaşı Avronest Parlament Assambleyasına üzvlüyünə xitam verilməsi barədə prosedur qaydalarının tətbiqinə başlayacağını da bəyan edib