Avropa İttifaqı „Yelo Bank”a sanksiya tətbiq etdi, SOCAR-ın üzərinə isə öhdəlik qoydu

Azərbaycanda fəaliyyət göstərən “Yelo Bank” aprelin 23-də Avropa İttifaqı Komissiyasının Rusiyaya qarşı 20-ci sanksiyalar paketinə daxil edilib. Azərbaycan Dövlət Neft Şirkətinin üzərinə isə Rusiyanı sanksiyalardan yayındırmağa kömək etməyəcəyinə dair öhdəlik qoyub. 

Budəfəki sanksiya paketi Rusiya iqtisadiyyatını və sənayesini dəstəkləyən, yaxud Ukraynanın işğal olunmuş ərazilərində fəaliyyət göstərərək Ukraynanın ərazi bütövlüyünü pozan, yaxud Rusiya silahlı qüvvələrindəki hərbi qulluqçulara maliyyə xidmətləri təklif edən, və ya Aİ və ya tərəfdaş ölkələr tərəfindən tətbiq edilən məhdudlaşdırıcı tədbirlərin subyekti olan 20-dək banka şamil edilib.

“Yelo Bank” aprelin 23-də sanksiyaya məruz qalmasıyla bağlı açıqlama yayıb. Bildirilib ki, bank ABŞ Maliyyə Nazirliyi (OFAC), Avropa İttifaqı və BMT-nin sanksiya rejimlərinə, habelə AML/CFT üzrə beynəlxalq standartlara və yerli tələblərə ciddi şəkildə riayət etməkdə davam edir.

„Sözügedən qərar isə banklararası maliyyə mesajlaşma sistemindən istifadəyə dair sırf texniki xarakter daşıyır. Bankımız bu sistemə çox öncədən qoşulmuş olsa da, hazırda əməkdaşlığı rəsmi şəkildə dayandırıb və bu platforma üzərindən heç bir əməliyyat həyata keçirmir”, – deyə  açıqlamada bildirilir.

“Yelo Bank” Azərbaycan əsilli rusiyalı milyarder Vahid Ələkbərova bağlıdır. Bankın 2022-ci ilə dair maliyyə hesabatında qeyd olunur ki, 1994-cü ildə „Ulpar“ Kommersiya Bankı ASC kimi lisenziya alan bu bankın səhmlərinə 2002-ci ildə “Nikoil”  QSC və “Lukoil Azərbaycan“ QSC sahib olub. Bundan sonra “Nikoil” ASC adlandırılan bank Azərbaycanın Mərkəzi Bankının verdiyi lisenziya ilə tam olaraq bank fəaliyyəti ilə məşğul olmağa başlayır.

2008-ci ildə isə Vahid Ələkbərova məxsus „Topaz Investments Limited” QSC bankın səhmlərinə sahib olur. 2019-cu ildən isə “Nikoil Bank” rebrendinq nəticəsində „Yelo Bank” adlandırılır.

“Yelo Bank” ın səhmlərinin 95.68%-i “Topaz İnvestment Limited” MMC-yə, 0.10%-i  qeyri-maliyyə sektorunda fəaliyyət göstərən “İISR Holdinq MMC”yə, 4.22%-i Bankın müşahidə şurasının sədri Marina Kulişovaya məxsus idi. 2022-ci ilin martında isə “Topaz Investments Limited” QSC-nin səhmləri Maria Kulişova və Anar Həsənova satılır. Bankın rəsmi internet səhifəsində Marina Kulişova Azərbaycan vətəndaşı kimi göstərilsə də, o Bakıya Rusiyadan gəlib. “ISR Holdinq MMC”nin  sahibi də Azərbaycan əsilli Rusiyalı milyoner İsgəndər Xəlilovdur.

“Yelo Bank”ın 2026-ci ilə dair maliyyə hesabatında “ISR Holdinq MMC”nin səhm payı olduğu kimi qalsa da, resident səhmdar olan fiziki şəxslərin səhm payında dəyişiklik edilib. Bundan sonra “Yelo Bank”da ən böyük (98,94 %) və ən kiçik (0,96 %) səhmə sahib olan şəxslərin adları gizlədilib.

“Yelo Bank”dan fərqli olaraq SOCAR-ın Gürcüstanda Qara dəniz sahilində yerləşən Kulevi neft terminalı son anda sanksiyalar siyahısından xaric edilib. Buna səbəb Gürcüstan hökumətinin və SOCAR-ın Rusiya nefti ilə bağlı Aİ-nin tələblərinə əməl edəcəyinə dair öhdəlik götürməsi olub.

Aİ-nin sanksiyalar üzrə xüsusi nümayəndəsi Devid O’Sallivan mart ayında Gürcüstanın xarici işlər naziri Maka Boçorişviliyə ünvanladığı məktubda Gürcüstan hökumətinin və SOCAR-ın Rusiyanı beynəlxalq sanksiyalara əməl edəcəyi barədə vədindən sonra neft terminalının sanksiyalar siyahısından çıxarıldığını vurğulayıb.

Avropa İttifaqı Şurasının aprelin 23-də verdiyi qərarla “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus “Zaqatala” gəmisi, eləcə də ASCO ilə SOCAR-ın birgə müəssisəsinə məxsus “Şuşa”, “Qarabağ”, “Xankəndi” və “Zəngəzur” gəmilərinə tətbiq edilmiş sanksiyalar ləğv olunub. Qərara əsasən, sözügedən gəmilər Avropa İttifaqının sanksiya siyahısından çıxarılıb. Bu tankerlərə Rusiya neftinin daşınmasına və satışına görə 2025-ci ildə məhdudiyyət tətbiq edilmişdi.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin yaydığı məlumatda bildirilir ki, tankerlərin sanksiyadan çıxarılması Azərbaycanın Prezident Administrasiyası, XİN, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, AZCON Holding şirkətlərindən olan ASCO, eləcə də SOCAR tərəfindən koordinasiyalı şəkildə həyata keçirilmiş diplomatik və hüquqi fəaliyyət nəticəsində mümkün olub.