Vens Əliyevdən Fərid Mehralızadənin azadlığa buraxılmasını istəyib

ABŞ-ın vitse-prezidenti Cey Di Vens bu ilin fevralında Bakıya səfəri zamanı prezident İlham Əliyevlə görüşündə Azadlıq Radiosunun əməkdaşı Fərid Mehralızadənin azadlığa buraxılması məsələsini qaldırıb.

Bunu Azadlıq Radiosunun prezidenti Stiv Kapus “X” sosial şəbəkəsində yazıb.

“Fəridin işi Bakıda Vens tərəfindən qaldırılıb. Azərbaycan rəhbərliyi bu haqsızlığı humanist şəkildə düzəltmək iqtidarındadır”, – deyə Stiv Kapus vurğulayıb.

Kapus qeyd edib ki, 2 il həbsdə saxlanıldığı müddətdə, Fərid qızının doğumunu görməyib, onunla keçirəcəyi ən vacib anlardan məhrum olub.

Fərid Mehralızadə “Abzas Media” işi üzrə həbs olunub. O qaçaqmalçılıq ittihamı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. Aprelin 3-də Apelyasiya Məhkəməsi “Abzas Media işi” üzrə həbs olunan jurnalistlər barəsində verilən hökmü qüvvədə saxlayıb.

Beynəlxalq və yerli hüquq müdafiə, eləcə də jurnalist təşkilatları Fərid Mehralızadə və “Abzas Media işi” üzrə həbs olunan jurnalistləri siyasi məhbus kimi tanıyıb.