Narışkin Əliyevə zəng edəndən sonra məni Azərbaycandan buraxdılar

Martın 2-də Bakı Ağır Cinayətlər məhkəmsinin 15 il qiyabi  həbs hökmü verdiyi  “Akkord İnşaat Sənaye” ASC-nin keçmiş sahibi İlqar Hacıyevin milyonlarla dəyəri olan əmlakı müsadirə olunub. 

“Qafqazinfo” yazıb ki, iş adamına məxsus Nərimanov rayonu Ağa Nemətulla küçəsində yerləşən qeyri-yaşayış binası, Badamdar qəsəbəsində yerləşən böyük bağ evləri və mənzilləri, eləcə də torpaq sahəsi, Yasamal rayonu Mətbuat prospektində və Nərimanov rayonu Ağa Nemətulla küçəsində olan mənzilləri dövlətin hesabına keçirilib.

İlqar Hacıyev Qəzetçi-yə deyib ki, müsadirə olunan  əmlaklarının dəyəri təxminən 30 milyon dollar dəyərindədir. Hazırda ABŞ-da mühacirətdə yaşayan Hacıyev əlavə edib ki, dövlətin hesabına keçirilən əmlaklarını 2017-ci ildən sonra ASAN xidmətdən çıxarışlar ala bilmədiyinə görə sata bilməyib.

“Onları satmaq istəyirdim. 2017-ci ilin mayında Serqey Narışkin, Elman Bayramovla Bakıya gəlmişdik. Ölkədən çıxanda hava limanında diplomatlar üçün keçiddən keçəndə sərhəd xidməti bildirdi ki, mənə ölkədən çıxış qadağası qoyulub. Narışkin Əliyevə, Əliyev də Baş Prokurorluğa zəng etdi. Güc-bəlayla Azərbaycandan çıxdım”, – deyə Hacıyev vurğulayıb. 

Serqey Narışkin Rusiya Xarici Kəşfiyyat İdarəsinin rəhbəridir. Elman Bayramov isə Azərbaycanın Baş Nazirinin birinci müavini Yaqub Eyyubovun qudasıdır. 2020-ci ildə Rusiyada müstəqil jurnalist araşdırmaları qrupu – “Proyekt” nəşri İlqar Hacıyevin sabiq iş ortağı azərbaycanlı milyarder Qod Nisanovun Narışkinlə yaxın əlaqələrinin olduğunu yazmışdı.

İlqar Hacıyevin Bakıdan Moskvaya uzanan yolu 20 il əvvəl başlayıb. 1994-cü ilədək tikinti materiallarının idxalı ilə məşğul olan Hacıyev 2005-ci ildə “Akkord İnşaat Sənaye” ASC-ni təsis edib. Hacıyevin rəsmi saytında yazılanlara görə, 2006-cı ildə Azərbaycanın Baş Prokuroru olan Zakir Qaralov onun biznesilə “maraqlanmağa” başlayıb.  2008-ci ildə ABŞ İnvestisiya Fondu “Kazimir” “Akkord”un dəyərini 4 milyard dollar həcmində dəyərləndirəndən sonra Qaralov təzyiqləri daha da artırıb. 

2010-cu ildə özünə və ailəsinə qarşı təhdidlərdən sonra Hacıyev şirkətin 75 faizini Azərbaycanın birinci ailəsinə bağlı şirkətlərə ötürməyə razılaşıb. Sonra Moskvaya köçən iş adamı 2013-cü ildən sonra Qod Nisanovla şərikli daşınmaz əmlak şirkəti işlədib.

İlqar Hacıyevin rəsmi internet saytında yazılıb ki, 2019-cü ildə Qod Nisanovun nümayəndələri şirkətə basqın ediblər. Nəticədə, Hacıyevin rəhbərlik etdiyi 3 tikinti layihəsi onun razılığı olmadan Qod Nisanovun və Prezident İlham Əliyevin oğlu Heydər Əliyevin adına keçirilib. Bundan sonra İlqar Hacıyev Rusiyanı tərk edərək ABŞ-a köçüb.  

Baş Prokurorluq Bakıda Hacıyevə qarşı ittihamı Azərbaycan vətəndaşı Vladislav Yusupovun 2019-cu ildə daxili işlər naziri Vilayət Eyvazova ünvanlanmş şikayəti əsasında irəli sürüb. Qəzetçi-nin nəzərdən keçirdiyi məktubda Yusupov Hacıyevin ona külli miqdarda zərər vurduğunu yazıb. Yusupov bildirib ki, İlqar Hacıyev 2017-ci ildə ondan 10 000 000  dollar pul götürüb, amma geri qaytarmayıb. Rusiyanın “RBK” televiziyası Yusupovun Qod Nisanovun yaxın qohumu olduğunu yazır.

İlqar Hacıyev Qəzetçi-yə deyib ki, məhkəmə prosesi onun müdafiəçisi olmadan keçirilib: “Mənə dövlət vəkili təyin edilmişdi. O, da Zakir Qaralovun bibisi oğlu Çingiz Mansurov idi. Təsəvvür edirsiniz? Bir neçə sənəd filan göndərdi, amma etibarnamə vermədim”.

Hacıyev hesab edir ki, o Azərbaycanı tərk edəndən sonra İlham Əliyevin ailəsini və siyasi eliyata bağlı məmurları tənqid etdiyinə görə hədəfə alınıb. İş adamı vəkillərilə məsləhətləşəndən sonra ondan alınan biznesi və əmlaklarıyla bağlı hüquqi addımlar atacağını deyir.