Azərbaycan dron hücumundan sonra İrana giriş-çıxışı bağlayıb, bir gün sonra isə açıb

Martın 5-də 500-dən çox sürücü İranla sərhəddə yerləşən Astara sərhəd buraxılış məntəqəsindən Azərbaycana keçə bilmədiklərini deyib.

“Bizi Azərbaycana buraxmırlar. İlişib qalmışıq. Mal yanır maşının içində. Yanacağımız qurtarıb. Burda İranda bizə deyirlər ki, Azərbaycan qəbul etmir maşınları”, – sosial mediada yayılan videoda sürücülərdən biri şikayətlənir.

Həmin gün Nazirlər Kabinetinin qərarı ilə İranla Azərbaycan arasında dövlət sərhədindən bütün növ nəqliyyat vasitələri üçün yüklərin daşınması, o cümlədən tranzit məqsədilə giriş-çıxış müvəqqəti olaraq dayandırılmışdı.

“Biz dağıstanlı sürücülərik. 15 sutkadan çoxdur İrandayıq. 500-dən çox maşın var burda. Yanacağımız bitir. Pulumuz qurtarıb. Bizi buraxmırlar. Səfirliyə zəng etdik. Heç kim götürmür”, – deyə digər bir sürücü kömək istəyirdi.

Sərhəddə yaranan bu gərginlikdən bir gün sonra, martın 6-da Nazirlər Kabneti məlumat yayaraq, İranla Azərbaycana məxsus  yük avtomobillərinin Astara, Biləsuvar və Culfa sərhəd  məntəqələrindən buraxılışının başladığını bildirilib.

Qəzetçi-nin əməkdaşları martın 6-da sərhəddə olan sürücülərlə əlaqə saxlaya bilib. Onlardan biri deyib ki, gecə saat 2 radələrində Astara sərhəd keçid məntəqəsində 1500-dək maşın olub.

“Maşınların 500-ə qədəri Azərbaycana məxsus yük maşınlarıdır. Minik maşını yoxdur, hamısı yük maşınlarıdır. Buraxılış başlayıb, amma hələ növbəmiz çatmayıb”, –  sərhəddə keçid üçün öz növbəsini gözləyən sürücülərdən biri Qəzetçi-yə bildirib.

Nazirlər Kabineti martın 5-də Naxçıvana dron hücumundan sonra İranla Azərbaycan arasında yüklərin daşınması, eləcə də tranzit  məqsədilə giriş-çıxışı müvəqqəti olaraq dayandırmışdı.

Azərbaycan XİN-i Naxçıvan aeroportu, yaxınlıqdakı hərbi hissəyə və məktəbin yaxınlığında partladılan  kamikadze dronlarına görə İranı günahlandırıb. İran tərəf isə bu iddianı təkzib etmişdi.