“Bizim Silahlı Qüvvələrimiz – Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, digər bütün Xüsusi Təyinatlı Qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib və istənilən əməliyyatı keçirməyə hazır olmalıdırlar”.
Prezident İlham Əliyev bu açıqlamanı Təhlükəsizlik Şurasının martın 5-də Naxçıvana olan dron hücumlarından sonra çağırılan iclasında bildirib. Prezident hərbi hazırlıqla bağlı əlavə detallar verməyib.
“Hələlik bu qədər”, – deyə İlham Əliyev səfərbərlik və döyüş hazırlığı ilə bağlı sözlərini yekunlaşdırıb.
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna görə, bir nömrəli səfərbərlik vəziyyəti dedikdə dövlətin hərbi təhlükəsizliyinə birbaşa təhdid yarandıqda ölkənin bütün hərbi-iqtisadi potensialının, silahlı qüvvələrinin və ehtiyatda olan hərbi vəzifəlilərin dərhal döyüşə hazır vəziyyətə gətirilməsi, silah altına çağırılması və müdafiə tədbirlərinə cəlb edilməsi nəzərdə tutulur.
Qəzetçi martın 2-də Azərbaycan Silahlı Qüvvələrinin bir nömrəli döyüş hazırlığı rejiminə keçdiyini, əsgər, gizir və zabitlərin məzuniyyətinin ləğv edildiyini, məzuniyyətdə olan zabitlərin isə geri çağırıldığını yazmışdı.
Müdafiə Nazirliyi bu informasiyanı nə təsdiq, nə də təkzib etmişdi. Qurumun mətbuat xidməti Qəzetçi-nin səfərbərliklə bağlı suallarını cavabsız qoymuşdu.
Amma hökumətə yaxın olan sosial media hesabları və səhifələr, teleqram kanalları bu məlumatın yalan olduğunu tirajlamışdı.
Beləliklə, prezident İlham Əliyev Qəzetçi-nin iki gün əvvəl səfərbərliklə bağlı öz mənbələrinə istinadən dərc etdiyi xəbəri bu gün təsdiqləmiş oldu.
