Azərbaycan İran sərhəddinə əlavə hərb qüvvələr yığır

ABŞ və İsrailin İranla başladığı müharibədən sonra Azərbaycanın Silahlı Qüvvələri döyüş hazırlığı vəziyyətinə gətirilib. İranla sərhəddə əlavə hərbi qüvvələr cəlb olunub.

Qazetçi-nin bir neçə mənbə ilə təsdiqlədiyi məlumata görə,  Azərbaycanın Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və Fövqəladə Hallar Nazirliyi bir nömrəli döyüş hazırlığı rejiminə keçib.

Əsgər, gizir və zabit heyətinin məzuniyyətləri ləğv edilib. Məzuniyyətdə olan zabitlərin isə geri cağırıldığı bildirilir. İranla sərhəddə dron və aşağı yüksəklikdə uçan aparatlara qarşı müdafiə sistemləri yerləşdirilib.

İranın Bakıdakı səfiri Müctəba Dəmirçilu martın 2-də keçirilən mətbuat konfransında Azərbaycandan hücum gözləmədiklərini deyib. “Azərbaycan ən ali şəkildə mövqeyini bəlli edib ki, onun ərazisindən İrana qarşı heç bir hücum təşkil edilməyəcək”, – “oxu.az” səfirə istinadən yazıb.

Eyni gündə Yaponiyanın Bakıdakı səfirliyi  regionda yaranan gərginliklə bağlı konsulluq fəaliyyətini müvəqqəti olaraq dayandırdığını açıqlayıb.

“Orta Şərqdəki vəziyyətin gərginləşməsi ilə əlaqədar olaraq, ziyarətçilərin və əməkdaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyi bu gün və sabah (2 mart, 3 mart) konsulluq şöbəsini müvəqqəti olaraq bağlayır”, – deyə səfirliyin rəsmi internet səhifəsində yazılıb.

Azərbaycanın Müdafiə Nazirliyi qoşunların İranla sərhəddə cəmlənməsinə dair rəsmi açıqlama verməyib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Eyvazov Qəzetçi-nin zənglərinə və saytın əməkdaşının sorğusuna cavab verməyib.