Ermənistanın Xarici Kəşfiyyat Xidməti Azərbaycanda dövlətə xəyanət ittihamı ilə 15 il azadlıqdan məhrum edilən tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovla əlaqələrinə dair ittihamları təkzib edib.
“OC-Media“ yazır ki, bu açıqlama ermənistanlı jurnalist Jirar Vaskanyanın ötən həftə öz ölkəsinin Kəşfiyyat Xidmətinə göndərdiyi sorğusuna cavabda bildirilib.
„Azərbaycan vətəndaşları da daxil, sorğuda adı çəkilən şəxslərlə hər hansı bir əlaqə yoxdur və olmayıb da“, – deyə Ermənistanın Xarici Kəşfiyyat Xidmətindən bildirilib.
Bu, Bəhruz Səmədov həbs olunandan bəri rəsmi Yerevandan verilən ilk təkzibdir. Buna qədər, fəal 2025-ci ilin aprelində Ermənistanın baş naziri Nikol Paşinyana açıq müraciət ünvanlayaraq onun Ermənistanın Kəşfiyyat Xidmətinə işlədiyinə dair iddiaları təkzib etməsini xahiş etmişdi.
OC-Media bununla bağlı Paşinyanın ofisinə sorğu göndərsə də, cavab ala bilməmişdi.
Xatırladaq ki, Bəhruz Səmədova qarşı ittihamda onun Ermənistanın Kəşfiyyat Xidmətinə işləyən 3 erməni qadın tərəfindən ələ alındığı bildirilirdi.
