Rusiya vətəndaşı olan talış fəal məhkəmədə Azərbaycanın ona saxta şəxsiyyət vəsiqəsi çıxardığını bildirib

Noyabrın 18-də talış fəal Cahid Kamal İsayevin Bakı Apellyasiya Məhkəməsində ona qarşı verilən hökmdən şikayəti üzrə hazırlıq iclası keçirilib. Bu haqda Qəzetçi-yə İnsan Haqları Naminə Həmrəylik Komitəsi məlumat verib. 

Cahid Kamal İsayev sentyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, dövlət əleyhinə yönələn açıq çağırışların qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi, milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə salınması və digər maddələrlə ittiham olunub. 

Məhkəmə prosesində iş materialları ilə tanışlıq zamanı Cahid Kamal İsayevin adına 2007-ci ildə verilmiş Azərbaycan vətəndaşlıq vəsiqəsinin olması üzə çıxıb. 

Cahid Kamal İsayev həmin sənədin saxta olduğunu bildirərək etiraz edib və Sovet İttifaqı dövründən Rusiyaya köçdüyünü və orada yaşadığını deyib. O, vətəndaşlığını da ilk dəfə Rusiya Federasiyasında aldığını bildirib. 

Onun həyat yoldaşı Aida İsayeva da Qəzetçi-yə bildirib ki, Cahid Kamal İsayevin məhkəmə qərarında onun 1998-ci ildən Azərbaycan vətəndaşlığı alması qeyd olunsa da o, həmin dövrdə Azərbaycanda yaşamayıb.

“Rusiya Federasiyası Prokurorluğu da Cahid Kamal İsayevin vətəndadşlığını araşdırıb və mənim özümə həyat yoldaşımın 1995-ci ildən Rusiya vətəndaşlığı  olduğunu bildirib. İndi bizim özümüzə də maraqlıdır ki, bundan sonra hansı şounu göstərəcəklər”, – Aida İsayeva bildirib.

Cahid Kamal İsayev məhkəmə prosesi zamanı ona qarşı irəli sürülən ittihamlarla razılaşmadığını, barəsində açılmış cinayət işinin saxta olduğunu deyib. 

Onun vəkili Nemət Kərimli də çıxış edərək müdafiə etdiyi şəxsin heç vaxt öz çıxışlarında Azərbaycan dövlətinin əleyhinə fikirlər səsləndirmədiyini vurğulayıb. 

Növbəti məhkəmə iclası noyabrın 25-nə saat 16:00-a təyin olunub.

Cahid Kamal İsayev 2025-ci ilin noyabrında Türkiyədə həbs olunaraq Azərbaycana gətirilib. O, əsasən Azərbaycan hakimiyyətini sosial mediada etnik azlıqlara münasibətlə bağlı tənqid edib. 

İnsan Haqları Naminə Həmrəylik Komitəsi Qəzetçi-yə Cahid Kamal İsayevin haqsız yerə həbs olunduğunu və onun ittiham olunduğu maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətmədiyini bildirlər.