Azərbaycanın iri dövlət şirkətlərinin 2026-cı il oktyabrın 1-nə dövlət büdcəsinə vergi borcu 715,5 milyon manata çatıb.
Hesablama Palatasının rəyinə əsasən, ilin əvvəli ilə müqayisədə dövlət şirkətlərinin vergi öhdəliyi 3 dəfə artıb.
Büdcəyə olan borcun böyük hissəsi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payına düşür. Belə ki, cari ilin ilk 9 ayında SOCAR və onun törəmə müəssisələrinin dövlət büdcəsinə vergi borcu 490 milyon manat təşkil edib.
Hesablama Palatasının rəyində qeyd olunur ki, SOCAR-ın dövlət büdcəsi qarşısında öhdəliklərinin artması bütövlükdə neft-qaz sektoru üzrə vergi borclarının əhəmiyyətli dərəcədə böyüməsinə səbəb olub.
Nəticədə neft-qaz sektoru üzrə vergi borcları ilin əvvəli ilə müqayisədə 8,4 dəfə artaraq 505,1 milyon manata çatıb. Bu məbləğin 97 faizi SOCAR və onun törəmə müəssisələrinin payına düşür. Hesabatda SOCAR-ın vergi borcu olan törəmə şirkətlərinin adları açıqlanmayıb.
Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) əsasında fəaliyyət göstərən “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsinin podratçı şirkətlərinin oktyabrın 1-nə vergi borcu isə 8,9 milyon manat təşkil edib.
AÇG layihəsinin podratçıları SOCAR (35,30%), Böyük Britaniyanın “bp” (30,37%), Macarıstanın “MOL Group” (9,57%), Yaponiyanın “INPEX” (9,31%), ABŞ-nin “ExxonMobil” (6,79%), Türkiyənin TPAO (5,73%) və Hindistanın “ONGC Videsh” (2,92%) şirkətləridir.
Qeyd edək ki, SOCAR-ın dövlət büdcəsinə vergi borcu ilə yanaşı, xarici kreditlər və qiymətli kağızlar üzrə öhdəlikləri də əhəmiyyətli dərəcədə böyüyüb. Şirkətin 2025-ci il üzrə maliyyə hesabatında bu istiqamətdə ümumi borcun 25,1 milyard manata çatdığı göstərilir.
Hesablama Palatasının rəyinə görə, qeyri-neft sektorunda fəaliyyət göstərən dövlət şirkətlərinin vergi borcu 225,5 milyon manat təşkil edib:
• “Azərsu” ASC-nin – 23,3 milyon manat
• Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan qurumların – 88,7 min manat
• “Azərenerji” ASC-nin- 2,9 min manat
• “Azərbaycan Dəmir Yolları” QSC-nin- 1,0 min manat
• Büdcə təşkilatlarının- 19,9 milyon manat
Hesablama Palatası dövlət şirkətlərinin 182,2 milyon manatlıq vergi borcunu isə “digər vergi ödəyiciləri” kateqoriyasına daxil edərək siyahını tam təqdim etməyib.
Özəl sektorun da vergi borcu ilin əvvəli ilə müqayisədə 15 faiz artaraq 3 milyard 532 milyon manata çatıb.
Ümumilikdə, 2026-cı il oktyabrın 1-nə dövlət büdcəsinə vergi borclarının həcmi 4 milyard 248 milyon manat təşkil edib. İlin əvvəli ilə müqayisədə bu məbləğ 939,3 milyon manat və ya 28,4 faiz artıb.Əslində isə, dövlət büdcəsinə vergi borcu bu göstəricidən daha yüksəkdir.
Hesablama Palatası əvvəlki dövrlər üzrə Dövlət Vergi Xidməti tərəfindən təqdim edilmiş məlumatlara istinadən bildirir ki, vergi borclarının əhəmiyyətli hissəsi cinayət işi açılan, məhkəmə və mübahisələndirmələr nəticəsində yaranan borclardan ibarət olub.
Vergi orqanları tərəfindən təmin edilən büdcə gəlirləri barədə hesabat formasında məhkəmələrin qərarları əsasında əmlaka yönəldilən borc məbləğlərinin hesabat dövrünün əvvəlinə və sonuna olan qalıqların tərkibinə aid edilməsi nəzərdə tutulmayıbş.
Hesablama Palatası bildirir ki, məhkəmələrin qərarları əsasında əmlaka yönəldilən borc məbləğləri barədə zəruri məlumatlar “Büdcə zərfi”nə əlavə edilməyib. Bu da vergilər üzrə qeydə alınmış 4 milyard 248 milyon manat məbləğində borcun əslində daha yüksək məbləğlərlə ifadə olunmasını deməyə əsas verir.
Hesablama Palatasının rəyində vurğulanır ki, vergi borcunun bu sürətlə artması vergi ödəyicilərinin maliyyə öhdəliklərini yerinə yetirmə imkanlarının zəiflədiyini göstərir.
