Prezident İlham Əliyevin keçmiş kürəkəni Emin Ağalarov “Sea Breeze” layihəsini Şahdağa doğru genişləndirməyə hazırlaşdığı bir dövrdə ölkədə hotelçilik sahəsində böyük vergi güzəştlərinin, subsidiyaların tətbiqinə başlanılır.
Emin Ağalarov sosial media hesablarında Qusarda “Sky Breeze Shahdag” layihəsinə start verilməsi barədə paylaşımlar edib. Bu ərazidə yeni hotellərin, konsert zallarının və əyləncə mərkəzlərinin tikilməsi nəzərdə tutulur.
Vergi Məcəlləsinə ediləcək dəyişikliyə əsasən, gələn ildən etibarən beş il müddətinə mehmanxana və mehmanxana tipli müəssisələrə 50 faizə qədər vergi güzəştləri tətbiq ediləcək. Lakin bu güzəştlər heç də bütün hotellər və sanatoriyalar üçün eyni dərəcədə əlçatan olmayacaq.
Dəyişikliyə görə, mehmanxana və sanatoriyaların xarici turistlərə göstərdikləri xidmətlərin ümumi dövriyyədəki payına uyğun gəlir və mənfəət hissəsi vergidən azad ediləcək.
Layihədə göstərilir ki, bu sektorda fəaliyyət göstərən fərdi sahibkarların gəlirlərinin və hüquqi şəxslərin mənfəətinin turistlərə göstərilən xidmətlər üzrə formalaşan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə mütənasib olan hissəsi vergidən azad olunacaq.
Sadə dillə izah etsək, hotel qəbul etdiyi xarici turistlərin ümumi müştəri kontingentindəki payına uyğun vergi güzəşti əldə edəcək. Müqayisə üçün, müştərisinin 20 faizi əcnəbilərdən ibarət olacaqsa, hotelin dövriyyədən əldə etdiyi gəlirin və mənfəətin də 20 faizi güzəştə düşəcək.
Bu göstərici 40 faiz olarsa, vergidən azad edilən hissə də 40 faiz təşkil edəcək. Lakin güzəştin maksimum həddinin 50 faiz olacağı gözlənilir. Yəni xarici turistlərə göstərilən xidmətlərdən əldə olunan gəlir mehmanxananın ümumi gəlirlərinin 60-70 faizini təşkil etsə belə, onun yalnız 50 faizi vergidən azad olunacaq.
Dövlət Statistika Komitəsi Azərbaycanda hotellərdə gecələmələrin ümumi sayında əcnəbi turistlərin payının 55-57 faizi keçmədiyini göstərir. Məsələn, 2024-cü ildə bu göstərici 54,8 faiz, 2025-ci ildə və 2026-cı ilin yanvar-sentyabr aylarında isə 57 faiz təşkil edib. Yeni dəyişikliklərdən sonra bu gecələmələrin maksimum 50 faizi vergi güzəşti əldə ediləcək.
Ümumiyyətlə, 2030-cu ilə qədər ölkədə hotel və turizm sektoruna böyük dövlət dəstəyinin göstərilməsi gözlənilir. Yeni qəbul edilmiş “Azərbaycanda turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda turizm məqsədli investisiyalar həyata keçirən təşkilatlara və sahibkarlara dövlət subsidiyalarının verilməsi nəzərdə tutulur. Buraya otellər, sanatoriya-kurort müəssisələri, qış idmanı stadionları və arenaları, konqres və peşəkar sərgi layihələri üçün alınmış kreditlər üzrə faiz subsidiyaları daxildir.
Bundan əlavə, turizm əhəmiyyətli konsertlərin, festivalların və əyləncə proqramlarının təşkilatçılarının xərclərinin bir hissəsinin ödənilməsi üçün subsidiyaların verilməsi gözlənilir.
Habelə, Dövlət Proqramında yeni tikilərək istifadəyə verilən hər hotel otağına görə investorlara birbaşa subsidiyaların verilməsi məsələsi də yer alır.
Deməli, vergi güzəştlərindən sonra hökumətin növbəti addımı subsidiyalarla bağlı qaydaların müəyyən edilməsi ola bilər.
Bəs bütün bu güzəştlərdən və dövlət dəstəyindən ən çox kim faydalanacaq?
Azərbaycanda rəsmi şəkildə 840-a yaxın mehmanxana və mehmanxana tipli müəssisə fəaliyyət göstərsə də, xaricdən daha çox turist cəlb etmək, onların əyləncəsini təşkil etmək və konsert proqramları keçirmək imkanları Prezident İlham Əliyevin ailə üzvlərinə məxsus şirkətlər üçün daha genişdir.
Emin Ağalarova məxsus “Agalarov Development” şirkətinin böyük “Sea Breeze” layihəsi artıq Bakının hüdudlarını aşaraq, regionlara doğru genişlənməyə başlayıb. Avropanın ən böyük kazinosunu tikməyə iddialı olan layihədə xaricdən gələn qonaqların gecələməsi üçün yeni hotellər və rezidensiyalar inşa ediləcək.
Bundan əlavə, Emin Ağalarov “Jara” adı ilə ölkənin ən iri miqyaslı musiqi festivallarından birini təşkil edir və hər il MDB məkanından xeyli sayda turist cəlb edir onların əyləncəsini təşkil edir.
İşğaldan azad olunmuş ərazilərdə inşa edilən mehmanxanalar dövlət büdcəsi hesabına tikilsə də, bu gün onların, demək olar ki, hamısı Prezidentin qızlarına məxsus “Pasha Holding”ə bağlı şirkətlərin idarəçiliyindədir.
Bu hotellərdə yerləşdirilən əcnəbilərə göstərilən xidmətlərdən əldə olunan qazancdan və tətbiq ediləcək vergi güzəştlərindən hərtərəfli faydalanan tərəf də Prezident ailəsi olacaq.
Dövlət Statistika Komitəsinin 9 aylıq məlumatlarından məlum olur ki, Azərbaycanda əcnəbilər ən çox Bakı, Naftalan, Qusar və Qəbələdəki mehmanxanalarda gecələyiblər. Bu bölgələrdə xarici turistlər üçün ən lüks və əlçatan infrastruktura malik hotellər də hakim ailənin nəzarətindədir.
Qəzetçi İlham Əliyevin ailəsinin ölkə boyu sahib olduğu mehmanxana və mehmanxana tipli müəssisələri təqdim edir.
1. “Pasha Holding”in tabeliyindəki “Pasha Real Estate” şirkətinin, eləcə də onun törəmə şirkəti olan TABIA Group-un (əvvəlki adı “PMD Hospitality”) və ICF Group-un idarəçiliyində olan hotel kompleksləri aşağıdakılardır:
Bakıda 14 hotel yerləşir:
- Art Gallery Hotel Baku
- Badamdar Hotel and Residences
- Baku Marriott Hotel Boulevard
- Boutique 19 Hotel
- Central Point Hotel
- Courtyard by Marriott Baku
- Excelsior Hotel & Spa Baku
- Four Seasons Hotel Baku
- Hilton Garden Inn Baku
- JW Marriott Absheron Baku
- Flame Towers / Alov Qüllələri (“Fairmont Baku”)
- Sheraton Baku Intourist
- The Merchant Baku Hotel
- The Ritz-Carlton, Baku
Qusarda – 2 hotel:
- Park Chalet, Shahdag
- Pik Palace, Shahdag
Şamaxıda – 2 hotel:
- Meysari Grand Hotel & Spa
- Şamaxı Palace Şərədil
Naftalanda – 3 hotel:
- Çinar Hotel & Spa
- Garabagh Resort & Spa
- Qaşaltı Sağlamlıq Mərkəzi
Ağdamda – 2 hotel:
- Aghdam City Hotel
- Hilton Garden Inn Agdam
Şuşada – 2 hotel:
- Şuşa Hotel Kompleksi
- Yasəmən Hotel
Qəbələdə – 1 hotel:
- Chenot Palace (Nohurqışlaq)
Gəncədə – 1 hotel:
- Ramada Plaza by Wyndham Gence
Göygöldə – 1 hotel:
- Goygol Lake Resort (Göygöl Milli Parkı)
Lənkəranda – 1 hotel:
- Lankaran Springs Wellness Resort
Şabranda – 1 hotel:
- Qalaalti Hotel & Spa
Yevlaxda – 1 hotel:
- Yevlakh City Hotel
2. İdarəçiliyi Prezidentin İşlər İdarəsində olan, lakin dolayısı ilə İlham Əliyevin nəzarətində olduğu bildirilən hotellər və sanatoriyalar da mövcuddur.
- Şəkidə “Marxal” Müalicə-İstirahət Kompleksi
- Kəlbəcərdə “İstisu” Müalicə-İstirahət Kompleksi
- Xankəndi Mehmanxana Kompleksi (3 hotel):
“Qarabağ”
“Palace”
“Bulud”
- “Şabran” İstirahət Kompleksi
- “Laçın” İstirahət Kompleksi
- “Agalarov Development” şirkətinin “Sea Breeze” ərazisindəki mehmanxana və mehmanxana tipli müəssisələri . (Bura gündəlik kirayə verilən mənzillər və villalar daxildir)
- “The Grand” Hotel
- Lighthouse
- White Villas
- Park Residences
- Sea Breeze Villas
Qeyd edək ki, indiyədək ölkədə otelçilik sektorda müəyyən vergi güzəştləri mövcud olub. Belə ki, Bakı, Sumqayıt və Xırdalan şəhərləri, eləcə də Abşeron rayonu istisna olmaqla, digər şəhər və rayonlarda mehmanxana, hotel və sanatoriya fəaliyyətində istifadə edilən daşınmaz əmlaka görə əmlak vergisi 2024-cü il yanvarın 1-dən etibarən üç il müddətinə 75 faiz azaldılıb. Mövcud güzəştlərin 2029-cu ilə qədər uzadılması gözlənilir.
Bundan başqa, işğaldan azad edilmiş ərazilərin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətinə mənfəət, əmlak, torpaq və sadələşdirilmiş vergilərdən azad ediliblər. Belə olan halda, bu vergi azadolmaları Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında fəaliyyət göstərən mehmanxana sahiblərinə də şamil edilir.
Beləliklə, İlham Əliyevin ailəsinə məxsus şirkətlər indiyədək bu sektorda nəinki monopoliya yaradıb, işğaldan azad olunmuş ərazilərdə büdcə vəsaitlərindən müstəsna şəkildə istifadə edərək öz hotelçilik bizneslərini inkişaf etdiriblər.
