Talış mədəniyyətinin tədqiqatçısı 1 il müddətinə qapalı həbsxanaya göndərilib

Talış mədəniyyətinin tədqiqatçısı İqbal Əbilov cəzasının 1 il müddətini qapalı tipli cəzaçəkmə müəssisəsində keçirəcək. Onun Hüquqlarının Müdafiə Komitəsinin yaydığı məlumata görə, bu qərar noyanrın 2-də Qaradağ Rayon Məhkəməsi verib. Qərar Penitensiar Xidmətin 12 saylı Cəzaçəkmə Müəssisəsinin İqbal Əbilovun 3 il müddətinə qapalı tipli həbsxanaya göndərilməsi ilə bağlı verdiyi təqdimat əsasında çıxarılıb.

Hakim Teymur Qurbanovun sədrliyi ilə keçən prosesə 12 saylı CÇM-nin nümayəndəsi onlayn qatılıb. İqbal Əbilov çıxışında cəzaçəkmə müəssisəsinin ona qarşı irəli sürdüyü intizam pozuntusu iddialarının əsassız olduğunu, bir sıra cəza qərarları ilə bağlı ondan izahat alınmadığını vurğulayıb. Əbilov ona qarşı sürülən iddiaların yoxlanılması üçün digər məhkumların şahid ifadələrinin alınmasını və müşahidə kameralarının görüntülərinə baxılmasını tələb edib.

Əbilov çıxışında cəzaçəkmə müəssisəsində ona qarşı tətbiq olunan təzyiqlərin talış dilində danışması və ana dilində şeir yazılmış köynək geyinməsi ilə əlaqəli olduğunu qeyd edib. Tədqiqatçı üzərində talış dilində şeir yazılmış köynəklə bağlı hadisəyə toxunaraq bildirib ki, köynəyin üzərindəki misralar heç bir çağırış xarakteri daşımır. O, həmin sözlərin ekspertizadan keçirilməsini tələb edib.

“Bunlar mənim ifadə azadlığımı pozur, mənim və ana dilimin diskriminasiyaya məruz qaldığını sübut edir”, – deyə o, vurğulayıb.

İqbal Əbilov həmçinin cərimə kameralarında saxlanıldığı müddətdə səhhətinin pisləşdiyini, tibbi yardım və müayinə tələblərinin təmin edilmədiyini bildirib. O, həmçinin  məhkəmədən qapalı tipli həbsxanaya göndərilməsi ilə bağlı təqdimatın rədd olunmasını tələb edib.

Məhkəmə Penitensiar Xidmətin 12 saylı CÇM-nin təqdimatını qismən təmin edərək İqbal Əbilovun 1 il müddətinə qapalı tipli həbsxanaya göndərilməsi barədə qərar qəbul edib.

İqbal Əbilov məhkəmə prosesində talış dilində danışıb. Onun çıxışı Azərbaycan dilinə tərcümə edilib.

2024-cü ilin iyulun 22-də saxlanan İqbal Əbilov dövlətə xəyanətdə ittiham olunaraq Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 18 il müddətinə azadlıqdan məhrum edilib.

Beynəlxalq insan haqları təşkilatları İqbal Əbilovun həbsini Azərbaycanda milli azadlıqlara basqı kimi qiymətləndirir və onu siyasi məhbus kimi tanıyır.