Fazil Qasımov ittiham aktında müstəntiq Yusif Yusifovun 4 saxta protokol tərtib etdiyini üzə çıxarıb

Fazil Qasımov Foto: sosial media

İstanbul Universitetinin doktorantı, həbsdə olan iqtisadçı Fazil Qasımovun ailə üzvləri  onun ittiham aktında rast gəldiyi saxtakarlıqlarla bağlı yazdığı məktubu Qəzetci-yə təqdim ediblər. 

Fazil Qasımov Qubad İbadoğlu ilə eyni cinayət işi üzrə təqsirləndirilərək 2023-cü ilin avqustunda İstanbulda saxlanılaraq Bakıya gətirilib. Ona qarşı mütəşəkkil dəstə tərəfindən saxta pul hazırlama, əldə etmə, satma maddələrilə ittiham irəli sürülüb. O, 2023-cü ilin martında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. 

Fazil Qasımovun məktubunda deyilir ki, o, Bakı Apellyasiya Məhkəməsinin 29 sentyabr 2025-ci il tarixli qərarına yeni açılmış hallar üzrə baxılması üçün ərzə yazıb. Ərizədə o, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 mart 2025-ci il tarixli hökmündə və Bakı Apellyasiya Məhkəməsinin 29 sentyabr 2025-ci il tarixli qərarında iddia edilən hallara aydınlıq gətirmək istəyib. 

Hər iki məhkəmədə iddia edilib ki, Fazil Qasımov Qubad İbadoğlu ilə 2023-cü ilin iyununda İstanbulda görüşüb və görüş zamanı Qubad İbadoğlu ondan 210 ədəd 100 ABŞ dolları saxta pul əskinası götürüb. Azərbaycana qayıdan Qubad İbadoğlu iyulun 17-i 2023-cü ildə həmin əskinaslardan 1000 dollarını saat 17:30 radələrində Bakı şəhəri Səbail rayonunun Nizami küçəsində yerləşən Həbib Mahmudbəyov adına 2 saylı liseyin yaxınlığındakı avtomobil dayanacağında Anar Əliyevə verib. 

Fazil Qasımov öz məktubunda bildirir ki, Anar Əliyevin 22 iyul 2023-cü il tarixli ifadəsinin yerində yoxlanılması zamanı həmin avtomobil dayanacağında Daxili İşlər Nazirliyinin (DİN) Təhlükəsiz Şəhər Xidmətinə aid TŞİ-081 nömrəli kamerasının olduğu müəyyən edilib.

“15 sentyabr 2023-cü il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsinin baş müstəntiqi Yusif Yusifov TŞİ-081 nömrəli kameranın 16-18 iyul 2023-cü il tarixlərində saat 16:30-18:30-dək olan müddət ərzində qeydə aldığı görüntülərə baxış geçirib. Onun baxışdan sonra tərtib etdiyi protokolda Qubad İbadoğlunun saat 17:37-dən etibarən Bakı şəhəri Həbib Mahmudbəyov adına 2 nömrəli liseyin yaxınlığındakı avtomobil dayanacağına əlində çanta ilə getdiyi qeyd olunub”, – Fazil Qasımov məktubunda yazıb. 

O, bildirib ki, müstəntiqin qeydinə əsasən, həmin ərazidə Qubad İbadoğlu  “Sedan” markalı  avtomobilinə əyləşən zaman Anar Əliyev ona yaxınlaşıb və saat 17:38-dək, yəni təxminən 1 dəqiqə 50 saniyə ərzində söhbət ediblər.

“Həmin video görüntünün saxlanıldığı yaddaş diski müsləntiq Yusif Yusifov tərəfindən qəbul edilmiş 8 aprel 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarla maddi sübut kimi tanınıb. Ancaq hakim Mahirə Kərimovanın sədrliliyə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə istintaqı zamanı həmin video görüntüyə baxış keçirilməmiş, habelə müdafiə tərəfinin həmin video görüntülərlə tanış olmasına şərait yaradılmayıb”, – deyə o, bildirir. 

Fazil Qasımov məktubunda bildirir ki, Anar Əliyev məhkəmə istintaqında Qubad İbadoğlu ilə söhbətnin 15 dəqiqə çəkdiyini və Qubad İbadoğlunun orada avtomobildən çıxaraq ona 10 min ABŞ dolları həqiqi pul əskinası və “Şeyda” adlı dini kitabın arasında 1000 ABŞ dolları saxta pul əskinası verdiyini iddia edib. 

“Qubad İbadoğlu 23 iyul 2023-cü il tarixdə Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində şahid qismində dindirlərkən isə Anar Əliyev adında adam tanımadığını, belə bir adama heç vaxt nağd pul vermədiyini bildirib. Ancaq məhkəmə kollegiyası TŞİ-081 nömrəli kameranı qeydə aldığı və iş üzrə maddi sübut kimi tanınmasına baxmayaraq, görüntülərə baxış keçirmədən Anar Əliyevin iddialarını həqiqət kimi qəbul edib”, – Fazil Qasımov məktubunda qeyd edib. 

Onun bildirdiyinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinə, Bakı Apellyasiya Məhkəməsinə, Məhkəmə Hüquq Şurasına, Ombudsman Aparatına, Baş Prokurorluğa və digər qurumlara çoxsayılı müraciətlərindən sonra 2026-cı il sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində TŞİ-081 nömrəli kameranın görüntülərinə baxış keçirilib. Bu zaman Qubad İbadoğlunun həmin gün saat 17:37-də avtomobil dayanacağında “99 ZR 828” dövlət qeydiyyat nişanlı “Volksvagen Passat” markalı avtomobilinə əyləşdikdən sonra Anar Əliyevin onun avtomobilinə yaxınlaşdığı görünüb. Bundan sonra Qubad İbadoğlu avtomobildən düşərək Anar Əliyevlə söhbət edib.

“Ən əsası video yazıdan aydın şəkildə görünür ki, Qubad İbadoğlu avtomobil dayanacağında Anar Əliyevə heç bir əşya verməmiş və Anar Əliyev 1 dəqiqə 50 saniyə sonra əliboş şəkildə Qubad İbadoğlunun avtomobilinin yanından kənarlaşmışdır. Beləliklə, Anar Əliyevin 2023-cü il 22 və 31 iyul tarixli ifadələrində yazılanların həqiqəti əks etdirmədiyi və böhtan xarakterli məlumatlar olduğu təsdiqini tapıb”,– Fazil Qasımov yazıb. 

Onun vurğuladığına görə, 2026-cı il sentyabrın 21-də t Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işinin materialları ilə tanış olarkən, müstəntiq Yusif Yusifov tərəfindən tərtib edilmiş 15 avqust 2023-cü il tarixli 4 ədəd saxta protokol aşkar edib.

“21 iyul 2023-cü il tarixdə müstəntiq Yusif Yusifov tərəfindən Anar Əliyevin yaşadığı mənzildən götürülən 6 ədəd 100 ABŞ dollarına oxşar pul əskinası üçün Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi ekspert rəyi müstəntiqə daxil olduqdan sonra mənə təqdim edilməyib. Buna baxmayaraq, 15 avqust 2023-cü il tarixdə müstəntiq Yusif Yusifov tərəfindən mənim ekspert rəyi ilə tanış edilməyin barədə saxta protokol tərtib edilib və həmin protokolda mənim və vəkil Anar Qasımlının adının qarşısında müstəntiq Yusif Yusifov tərəfindən imza atılıb”, – deyə o, bildirir. 

Fazil Qasımov qeyd edir ki, ittiham aktında Anar Əliyevin yaşadığı mənzildən götürülən “Şeyda” adlı kitab üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən verilən ekspert rəyini də müstəntiq Yusif Yusifov saxta protokol tərtib edərək imzalayıb.  

Bundan əlavə, Fazil Qasımov bildirir ki, Qubad İbadoğlunun qeydiyyatda olduğu mənzildən götürülən, onun kompüterdən aşkar olunduğu iddia olunan “Peyğəmbərlərin Tarixi” adlı kitabı üçün verilən ekspert rəyini müstəntiq Yusif Yusifov Fazil Qasımova təqdim etmədən protokol tərtib edərək imzalayıb. 

“Həmin protokolda mənim və vəkil Anar Qasımlının adının qarşısındakı imzalar müstəntiq Yusif Yusifov tərəfindən atılmışdır. Bundan əlavə, Qubad İbadoğlunun qeydiyyatda olduğu mənzildən götürülən kompüterdən aşkar olunduğu deyilən dini materiallar üçün alınan ekspert rəyi də müstəntiq Yusif Yusifova daxil olduqdan sonra mənə təqdim edilməyib. Ancaq 15 avqust 2023-cü il tarixdə müstəntiq  tərəfindən mənim həmin ekspert rəyi ilə tanış edilməyim haqda saxta protokol tərtib edilib. Həmin protokolda da mənim və vəkil Anar Qasımlının adının qarşısındakı imzalar müstəntiq Yusif Yusifov tərəfindən atılıb”, – yazır Fazil Qasımov. 

Fazil Qasımov protokolların saxtalaşdırılması ilə bağlı 2026-cı il sentyabrın 29-da Baş Prokurorluğa ərizə ilə müraciət edərək müstəntiq Yusif Yusifov barəsində cinayət işinin başlanması haqqında qərar qəbul edilməsini xahiş edib. 

Qəzetçi vəkil Anar Qasımlıdan Fazil Qasımovun iddialarına münasibət öyrənmək istəsə də o, sualları cavabsız qoyub.