Ələsgər Məmmədli Ombudsman Səbinə Əliyevaya müraciət edib 

İllüstrasiya: Azadlıq Radiosu

Toplum TV işi çərçivəsində 14 il müddətinə azadlıqdan məhrum edilən media hüququ üzrə ekspert Ələsgər Məmmədli Ombudsman Səbinə Əliyevaya saxlanıldığı Bakı İstintaq Təcridxanasından müraciət ünvanlayıb. Bu haqda məlumatı sentyabrın 30-da Ələsgər Məmmədlinin həyat yoldaşı Günay Məmmədli sosial media hesabında paylaşıb. Müraciətində Ombudsmanın məhkəmə monitorinq etmək səlahiyyətinin olduğunu xatırladan hüquqşünas Səbinə Əliyevanı oktyabrın 5-də Bakı Apellyasiya Məhkəməsində baş tutacaq növbəti məhkəmə baxışına dəvət edib.  

“Xahiş edirəm, həmin gün və ondan sonra Bakı Apellyasiya Məhkəməsində hakim Zəfər Əhmədovun sədrliyi ilə keçiriləcək məhkəmə iclaslarının monitorinqini aparasınız və 21 sentyabr saat 16:00 – da keçirilən məhkəmə iclasının audio-video yazısı ilə  tanış olub rəsmi münasibətinizi cəmiyyətə təqdim edəsiniz”, – deyə Ələsgər Məmmədli müraciətində vurğulayıb.

Avqustun 26-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apellyasiya şikayəti verdiyini deyən hüquqşünas bildirir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Zəfər Əhmədovun davranışları çoxsaylı hüquq pozuntuları ilə müşaiyət olunub. 

“Belə ki, 21 sentyabr 2026 – cı il tarixdə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti konvoyu tərəfindən Bakı Apellyasiya Məhkəməsinə aparılana qədər məhkəmənin həmin günə baxış təyin etdiyindən xəbərim olmayıb. Mənə bildiriş təqdim olunmalı idi və mən də məhkəməyə zəruri hesab etdiyim vəsatətləri hazırlamalı idim”, – deyə Ələsgər Məmmədli yazıb. 

O vurğulayıb ki, məhkəmə günü prosesə gələn şəxslər xüsusi olaraq “filtrlənib” və məhkəməyə keçəcək şəxslərin şəxsi məlumatları – şəxsiyyət vəsiqəsinin nömrəsi, qeydiyyat yeri, doğum yeri – “bəzi şəxslər” tərəfindən qeydə alınıb. Bunun qanuna zidd olduğunu bildirən media ekspert əlavə edib ki, həmin gün məhkəmə zalında da mikrofon və səs qurğusu işlək olmayıb.

“Salındığımız akvariumda nə hakimin səsi eşidilirdi, nə də bizim səsimiz hakimlərə, vəkillərə və digər iştirakçılara çatırdı. Mən bu vəziyyətdə effektiv müdafiə olunmağım üçün ləyaqətli şəraitin təmin olunmasını, işləməyən mikrofon və dinamiklərin təmir olunması üçün prosesə ara verilməsini, prosesin təmirdən sonra davam etməsini xahiş etsəm də, hakim Zəfər Əhmədov əhəmiyyət verməyib prosesə davam etdi”, – deyə ekspert vurulayıb.

Ələsgər Məmmədli bildirib ki, texniki heyətdən aldığı məlumata görə, bu hal 6 aydan çoxdur davam edir. 

Hakim Zəfər Əhmədovun prosessual hüququ kobud şəkildə pozuduğunu bildirən hüquqşünas, tərəflərin, onların hüquqlarını müdafiə edən vəkillərin təqdim etdikləri vəsatətlərin çatdırılmasına və hər vəsatətə ayrılıqda mövqe bildirilməsinə yol verilmədiyini yazıb. O qeyd edib ki, vəsatətlər kütləvi şəkildə rədd edilib. 

“Hakim Zəfər Əhmədov çox kobud və təhqiramiz formada təqsirləndirilən şəxsləri təhqir etdi, vəzifəsindən və səlahiyyətlərindən açıq şəkildə sui – istifadə etdi”, deyən həbsdəki media eksperti hakimin davranışı ilə bağlı Məhkəmə – Hüquq Şurasına şikayət ünvanladığını da bildirib. 

Ələsgər Məmmədli Ombudsmanı açıq məhkəmə prosesi zamanı yol verilən bu  “qanunsuz məhdudiyyətlərin aradan qaldırılmasına, fərdi məlumatları qanunsuz toplayan şəxslərin hüquqi məsuliyyətə cəlb olunmasına zəruri çağırış etməyə” dəvət edib. Ombudsman Aparatı hələlik ekspertin bu çağırışına reaksiya verməyib.