Rusiya vətəndaşı olan etnik talış Hafiz İsmayılov Bakının Binəqədi rayonunda yaşayan bacısının evindən qardaşı ilə bərabər Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları tərəfindən aparılıb.
Bu haqda sosial media hesabında paylaşım edən talış ictimai xadim Əli Ağayev bildirib ki, Hafiz İsmayılovun yerini bir neçə həftə ərzində müəyyən etmək mümkün olmayıb.
Sentyabrın 27-də paylaşım edən Əli Ağayev qeyd edib ki, Hafiz İsmayılov Azərbaycana atasının il mərasimində iştirak etmək üçün gəlib.
“Hafiz İsmayılov qardaşı ilə bərabər saxlanılsa da, qardaşı sonradan azad olunub, ancaq o, məhkəməyə çıxarılaraq barəsində həbs qəti-imkan tədbiri seçilib”,– Əli Ağayev yazıb.
Onun hazırda DTX-nın təcridxanasında saxlanıldığını vurğulayan Əli Ağayev Qəzetci-yə bildirib ki, Hafiz İsmayılov ixtisasca hüquqşünas olub və o, uzun illər Rusiyada hüquq-mühafizə orqanlarında işləyib.
“Onun hər hansı bölücü fikirləri də olmayıb. Bir neçə dəfə hüquqşünas olduğu üçün hansısa “YouTube” kanalında çıxışları olub. Vəssalam. Hafiz İsmayılovun nə üçün saxlanıldığı mənim üçün qaranlıq qalıb”, – Əli Ağayev deyib.
Hafiz İsmayılovun “Facebook”dakı hesabında Azərbaycandakı sosial-iqtisadi vəziyyət və həbs olunan talış fəallarla bağlı materiallar paylaşdığı görünür.
Onun hökumət əleyhinə hər hansı çağırış etdiyi və ya dini, milli, irqi ayrı-seçkiliyi təbliğ edən materiallar paylaşdığı müşahidə olunmur.
Əli Ağayev Qəzetci-yə bildirib ki, saxlanıldıqdan sonra DTX tərəfindən Hafiz İsmayılova dövlət tərəfindən vəkil təyin olunub. Ancaq ailə sonradan vəkil Tural Məmmədovla müqavilə bağlayıb.
Tural Məmmədov isə Qəzetci-yə bildirib ki, o, sentyabrın 21-də Hafiz İsmayılovun ailəsilə müqavilə bağlayıb və sənədlərini DTX-ya təqdim edərək cavab gözləyir.
“Mən hələ ki, Hafiz İsmayılovla görüşməmişəm. Ona görə konkret heç nə deyə bilmərəm. Hələ ki, görüş üçün məni dəvət etməyib”, – deyə Tural Məmmədov bildirib.
Onun sözlərinə görə, Hafiz İsmayılov Rusiya vətəndaşıdır və orada polis əməkdaşı kimi fəaliyyət göstərib.
Hafiz İsmayılovun sosial media hesabında da paylaşdığı şəkillərdə onun Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşı geyimində olduğu görünür.
Mərkəzi Seçki Komissiyasının seçicilərlə bağlı siyahısında da Hafiz İsmayılovun adı qeyd olunmayıb.
Vəkili Hafiz İsmayılovun hansı maddə üzrə ittiham olunduğundan xəbərsiz olduğunu deyib.
“Məndə olan məlumata görə, elə bir ciddi məsələ yoxdur, hansısa “Whatsapp” qrupunun üzvü olub və orada nələrsə deyib. Ancaq mənim araşdırmama görə, o qədər də ciddi məsələ deyil”, – Tural Məmmədov vurğulayıb.
Əli Ağayevin Qəzetci-yə bildirdiyinə görə, Hafiz İsmayılov Cinayət Məcəlləsinin 283-cü maddəsilə ittiham olunur. Bu maddəyə əsasən o, milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasında və milli ləyaqətin alçaldılmasına, eləcə də digər məsələlərdə günahlandırılır.
