Həbsdə olan iqtisadçı-alim Fazil Qasımov sentyabrın 22-də üç gündür başladığı aclıq aksiyasını dayandırıb. O, aclığa başlayanda tələbi dörd aydır Nərimanov Rayon Məhkəməsinə göndərdiyi şikayətin icraata götürülməsi və məhkəmə prosesində iştirakının təmin olunması idi. Nazim Qasımov Qəzetçi-yə bildirib ki, qardaşı Fazil Qasımovun tələbləri hələ də təmin edilməyib, amma o, səhətti pisləşdiyindən aclıq aksiyasını dayandırıb.
Fazil Qasımov cinayət işi ilə tanış olarkən imzasının saxtalaşdırıldığını üzə çıxarıb. Ailə iddia edir ki, ibtidai istintaq zamanı Fazil Qasımovun müdafisinə qoşulmaq istəyən vəkilləri Eldar Qədimi və Araz Allahverdiyevdən imtina ərizəsini Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müstəntiqi Yusif Yusifov onun adından yazıb. Sənədə Fazil Qasımovun imzasına oxşar imza atılıb və ailəsi həmin ərizədəki imzanın ona məxsus olmadığını sübut etmək üçün ekspertizaya müraciət edib. Məlum olub ki, müstəntiq imzanı saxtalaşdırıb.

2023-cü il sentyabrın 11-də tərtib olunmuş və imzalanmış ərizədə Fazil Qasımovun istintaqın əvvəlki mərhələsində onun hüquqlarını müdafiə etmiş Eldar Qədimi və Araz Allahverdiyevdən imtina etdiyi, hüquqlarının isə yalnız vəkil Anar Qasımlının müdafiə etməsini istəndiyi qeyd olunub. Sənədin sonunda həm vəkil Anar Qasımlının, həm də Fazil Qasımovun adından imzalar qeyd olunub.
Sənədi aşkarladıqdan sonra Fazil Qasımovun adından aprel ayında Alternativ Ekspertiza Mərkəzində xətti-ekspertizaya müraciət olunub. Qəzetci-nin əldə etdiyi ekspertiza rəyinə əsasən, Fazil Qasımovun vəkillərindən imtina ilə bağlı ərizədə çəkilən imzanın “Fazil Qasimov tərəfindən deyil, başqa şəxs tərəfindən düşünülmüş formada” icra edildiyi qeyd olunub.

İqtisadçı alim bu məsələ ilə bağlı müstəntiqin hərəkətindən öncə Baş Prokurorluğa və Nərimanov Rayon Məhkəməsinə müraciət edib. Ailəsi bildirib ki, sonuncu dəfə bu iş üzrə sentyabrın 16-na təyin olunmuş məhkəmə iclasına Fazil Qasımov aparılmayıb. Nazim Qasımov bu hadisədən sonra qardaşının aclıq elan etdiyini bildirib.
Fazil Qasımovun qardaşı Nazim Qasımov Qəzetci-yə bildirib ki, cinayət işində bir neçə saxtakarlıq üzə çıxıb.
“Onlardan biri də müstəntiq Yusif Yusifovun iddiası ilə bağlı olub”, – deyə Nazim Qasımov vurğulayıb.
Onun sözlərinə görə, Yusif Yusifov iddia edib ki, Anar Əliyev guya Fazil Qasımova verdiyi saxta dollarları “Şeyda” adlı kitabın arasında Qubad İbadoğludan götürüb və həmin görüntüləri şəhərdəki təhlükəsizlik kamerası qeydə alıb. Nazim Qasımov deyir ki, məhkəmələr zamanı qardaşı həmin video görüntülərin məhkəmə zalında göstərilməsini tələb etsə də, hakim Mahirə Kərimova onun tələbini qəbul etməyib.
2025-ci ilin sonunda Fazil Qasımov cinayət işi materialları ilə tanış olarkən həmin video görüntülərinin olmadığını aşkar edib. Hakim isə həmin görüntülərin 4-cü cild 54-cü vərəqdə qeyd olunduğunu deyib. Bununla əlaqədar Fazil Qasımov Ali Məhkəməyə müraciət edib.
“Sentyabrın 21-də Fazil Qasımov Ağır Cinayətlər Məhkəməsinə gətirilib və həmin video görüntülər təqdim olunub. Fazil Qasımov dedi ki, video görüntülərdə Anar Əliyevin Qubad İbadoğlunun avtomobilinə yaxınlaşdığı və ona nə isə dediyi görünür. Qubad İbadoğlu avtomobildən düşür və onunla təxmini 15 dəqiqə söhbət edir. Həmin söhbət zamanı da Qubad İbadoğlu nə Anar Əliyevə pul verir, nə də ondan pul alır”, – deyə Nazim Qasımov bildirib.
Onun sözlərinə görə, bu məsələnin özü də Fazil Qasımova açılan cinayət işinin saxta olmasını və belə bir cinayətin olmadığını göstərir.
Fazil Qasımov iqtisadçı alim Qubad İbadoğlu ilə eyni cinayət işi üzrə 2023-cü il avqustun 8-də İstanbulda saxlanılaraq Bakıya gətirilib. Hər iki şəxs mütəşəkkil dəstə tərəfindən saxta pul hazırlama, əldə etmə, satma maddələrilə ittiham olunublar. Fazil Qasımov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qubad İbadoğlu isə 2024-cü ilin aprelində ev dustaqlığına buraxılıb, sonra onun barəsində polis nəzarətinə vermə qətimkan tədbiri seçilib. Avqust ayında isə onunla bağlı cinayət işi ümumi icraatdan ayrılıb.
