Ruben Vardanyan Azərbaycanın Ombudsmanına çağırış etdi: Heç olmasa, öz qanunlarınıza əməl edin

Videodan götürülmüş bu kadrda, 2023-cü ildə süqutundan əvvəl Dağlıq Qarabağdakı separatçı erməni administrasiyasında yüksək vəzifə tutmuş, əslən erməni olan milyarder bankir Ruben Vardanyan 17 fevral 2026-cı ildə Azərbaycanın Bakı şəhərində keçirilən məhkəmə iclasında iştirak edir. Reuters TV/via REUTERS

Umbakı Penitensiar Kompleksində saxlanılan  Qarabağda erməni seperatcı rejiminin dövlət naziri olmuş Ruben Vardanyan Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyevaya müraciət edib. 

Ermənistanın“news.am” nəşrinin yaydığı  müraciətdə Vardaanyanın Umbakı Penitensiar Kompleksində saxlanılan digər 18 erməni  məhbusla birlikdə bir sıra hüquqlarının pozulduğunu bildirib. 

O, Ombudsman Aparatının 916 nömrəli qaynar xəttinin işləmədiyini bildirib.

“Mənə yalnız 1 dəfə iyulun 19-da o nömrədən istifadə etməyə icazə verdilər. Lakin sizin ofisinizdən hər hansı bir reaksiya olmayıb. Mənim vəkilim də sizə məlumat göndərib. Sizdən də hər hansı bir reaksiya göstərilməyib. Bundan əlavə bildirilib ki, sizin 20 mindən çox məhkumunuz var. Bu o anlama gəlir ki, nə zaman sizin vaxtınız olacaq, bizə növbə çatacaq. Bu o deməkdir ki, qaynar xətt imitasiyadır və o işləmir”, – deyə Vardanyan bildirib.

Vardanyan müraciətində bildirib ki, erməni məhbusların telefon zəngləri və video danışıqla bağlı hüquqları pozulur: “Qanunun 81.1 maddəsinə əsasən ailələri ilə qısa müddətli görüş imkanı olmayan məhbusların görüşü vide- görüntülü danışıqla əvəz edilə bilər. Nəzərinizə çatdırıram ki, buradakı məhbusların bəziləri 3 ildən artıqdır həbsdədir və övladlarını görə bilmir. Mənim kamera yoldaşım həbs ediləndə onun övladı 10 aylıq idi, indi (uşağın yaşı) 3 yaşdan çoxdur və atasını görməyib. Bunu insan haqlarının kobud şəkildə pozuntusu hesab edirəm”. 

Vardanyan həbsxana rəhbərliyindən hansı hüquqlarının olduğunu, qaydaları pozduğu üçün hansı cəza ilə üzləşəcəyi barədə informasiya ala bilmədiyindən şikayətlənib. Hüquqi yardımdan, o cümlədən notarius xidmətindən məhrum olunduğunu bildirən Vardanyan oğluna etibarnamə verə bilmədiyini bildirib.

Vardanyan müraciətində deyir ki, öz hesabına tibbi xidmətdən istifadə edə bilmir. 

“Mən xəstəliklərimlə bağlı bütün zəruri analizləri verə bilmirəm. Mənə analizlərdən keçməyə imkan vermirlər. Həm mənim, həm də vəkilimin müraciətlərinə baxmayaraq, indiyədək analizləri verə və onların nəticələrini ala bilməmişəm. Halbuki, bu müayinələrin pulunu öz hesabıma ödəməyə hazıram”, – deyə o, bildirib.

Vardanyan səhər gimnastikası, həftədə bir dəfə açıq havada olmaq, təhsil almaq və peşə hazırlığı keçmək hüquqlarından da məhrum edildiklərini bildirib. O, həmçinin qeyd edib ki, qəzet və jurnallar almaq və onlara abunə olmaq hüququ da məhdudlaşdırılıb: “Mən Azərbaycan qəzet və jurnallarına abunə olmaq istəyirəm. Lakin bu hüquqdan istifadə etməyimə də imkan verilmir”.

Vardanyan bildirib ki, ərizə, şikayət və təkliflərinə yazılı cavab ala bilmir.
O,  deyib ki, ən ciddi problem Bakıda vətəndaşı olduğu dövlətin (Ermənistanın) diplomatik nümayəndəliyinin olmamasıdır.

“Sonuncu və ən vacib məsələ – şəxsi məsələlərlə bağlı öz dövlətinin diplomatik nümayəndəlikləri və ya məhbusların himayəsini üzərinə götürmüş beynəlxalq təşkilatlarla əlaqə saxlamaq hüququdur. Təəssüf ki, Azərbaycan Respublikasında Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyətinin dayandırılmasından sonra, 2025-ci ilin iyunundan etibarən ailələrimizdən hər hansı formada əşyalar, geyim, ərzaq, fotoşəkillər, məktublar və digər zəruri şeyləri almaq imkanımız yoxdur.

Yalnız 2025-ci ilin dekabrında çox qısa və qeyri-formal bir görüş keçirildi və həmin zaman bizə heç nə ötürməyə icazə verilmədi.
Halbuki, sizin öz qanunlarınızda nəzərdə tutulduğu kimi, bizim dəfələrlə bağlama və banderollar almaq, yaxınlarımıza göndərişlər yollamaq, o cümlədən uzunmüddətli görüşlər keçirmək və telefonla danışmaq hüququmuz var.


2026-cı ilin yazında sizə yazdığım və bildirdiyim kimi, yaranmış vəziyyətdə 19 məhbusla onların ailələri arasında humanitar körpü rolunu öz üzərinə götürə biləcək yeganə qurum sizsiniz.


Ailələrin böyük əksəriyyəti ötən ildən bəri nə bağlama almaq imkanına malikdir, nə də mağazadan ərzaq almaq və ya telefon zəngləri etmək üçün kifayət qədər vəsaiti var. Bu vəziyyət onların ümumi psixoloji durumuna çox ciddi təsir göstərir.


Təəssüf ki, 8 avqust 2025-ci ildə imzalanmış sülh sazişinə və iki ölkənin nümayəndələri arasında əlaqələrin yaradılmasının nəzərdə tutulmasına baxmayaraq, bu məsələ hələ də həllini tapmayıb”.

Ruben Vardanyan həyat yoldaşının Ombudsmana etdiyi müraciətin də cavabsız qaldığını xatırladıb.

“Təəssüf edirəm ki, Rusiya Federasiyasının vətəndaşı olan həyat yoldaşımın açıq müraciətinə cavab vermək üçün imkan və ya vaxtınız olmadı. O, daha bir neçə şəxslə birlikdə Azərbaycana gəlməyə, 19 məhbusa yazılan minlərlə məktubu, həmçinin məhbuslara lazım olan digər əşyaları gətirməyə hazır idi. Bu, bizim üçün çox vacib idi. Çünki belə bir imkanın yaradılması məhbusların ailələri ilə əlaqə saxlamasına və normal həyat şəraitini müəyyən dərəcədə qorumasına kömək edə bilərdi”, – deyə Vardanyan vurğulayıb. 

O, müraciətinin sonunda Səbinə Əliyevanı qanunlara əməl etməyə çağırıb: “Umbakıda daha nə qədər vaxt keçirəcəyimizdən asılı olmayaraq, xahiş edirəm, heç olmasa öz qanunlarınıza əməl edin. Bu, yalnız bizim üçün deyil, bütün Azərbaycan cəmiyyəti üçün düzgün addım olardı”.

Ruben Vardanyanın 2023-cü il sentyabrın 27-də Qarabağdan Ermənistana gedərkən Azərbaycanın Dövlət Sərhəd Xidməti tərəfindən saxlanılıb. Terrorçuluqda ittiham olunan Ermənistan vətəndaşı Vardanyan fevralın 17-də Bakı Hərbi Məhkəməsinin hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum edilib. Vardanyan 2022-2023-cü illərdə üç ay separatçı Dağlıq Qarabağ Respublikasının dövlət naziri olub.