Azərbaycan rusiyalı milyarderlə bağlı Fransaya təzyiq göstərdiyinə dair iddiaları təkzib edib

Azərbaycan Prezidenti İlham Əliyev Yelisey sarayında Fransa Prezidenti Emmanuel Makron tərəfindən qəbul edilib. 20.07.2018. Foto: Reuters Julien Mattia / Le Pictorium

Fransa və Slovakiya Rusiyaya qarşı sanksiyaların 12 ay müddətinə artırılmasının qarşısını alıb. Fransa özbək əsilli rusiyalı oliqarx Alışer Usmanovun adının sanksiyalardan çıxarılmasını tələb edir. 

“Financial Times” sentyabrın 18-də yaydığı məlumatda qeyd edib ki, Fransanın bu addımı Azərbaycanın tələbi ilə bağlıdır. Belə ki, Rəsmi Bakı Azərbaycanda həbsdə olan Fransa vətəndaşlarının azad olunması müqabilində Usmanovun sanksiyalar siyahısından çıxarılmasını istəyib.

Sentyabrın 18-də adı anonimlik şərtilə “Reuters”ə danışan Azərbaycanın yüksək vəzifəli diplomatı rəsmi Bakının Alışer Usmanovun Avropa İttifaqının sanksiyalar siyahısından çıxarılması üçün Fransaya lobbiçilik təzyiqi barədə iddiaları təkzib edib. Diplomat həmçinin bildirib ki, Bakı Usmanovun Qərbin sanksiya siyahılarından çıxarılmasını açıq şəkildə dəstəkləyib, lakin Qərbin qərarvermə prosesinə təsir göstərməyib.

“Azərbaycan heç vaxt ABŞ və ya Avropa İttifaqında sanksiya proseslərinə müdaxilə etməyib və bu proseslərə cəlb olunmayıb”, – deyə diplomat vurğulayıb.

Sentyabrın 17-də Fransa Xarici İşlər Nazirliyi Azərbaycana səyahətlə bağlı xəbərdarlıq yayıb. Xəbərdarlıqda Fransa vətəndaşlarına bildirilib ki, Azərbaycanda “özbaşına saxlanılma və ədalətsiz mühakimə” risklərinə məruz qala bilərlər.

Bu gün Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat İdarəsinin rəisi Ayxan Hacızadə Fransa XİN-in xəbərdarlığına reaksiya verib.

“Fransa tərəfini Azərbaycanla bağlı əsassız və qərəzli iddialardan çəkinməyə, ölkəmizin suverenliyinə və daxili işlərinə hörmət etməyə və ikitərəfli münasibətlərə zərər vuran yanaşmalara son qoymağa çağırırıq”, – deyə Ayxan Hacızadə vurğulayıb.

Qeyd edək ki, hazırda Bakıda 2 Fransa vətəndaşı həbsdədir. Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən Martin Rayn Fransa xüsusi xidmət orqanına casusluqda ittiham edilib və 10 il müddətinə azadlıqdan məhrum olunub.

Rusiyalı milyarder Fərhad Əhmədovdan 6,14 milyon dollar rüşvət tələb etməkdə ittiham edilərək DTX tərəfindən 2024-cü ildə saxlanılan Fransa vətəndaşı, “SAUR” şirkətinin vitse-prezidenti Anass Derraz isə 12 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi iyunun 9-da onun cəzasını 9 ilə endirib.

“Financial Times” iddia edir ki, Fransa Azərbaycanla bu məhbusların mübadiləsini təmin etmək məqsədilə  Aİ-nin digər üzv ölkələrini Alisher Usmanovun sanksiya siyahısından çıxarılmasına razı salmağa çalışır.