Azərbaycanın Rusiyadan idxalı 42 faiz azalıb: qızıl, qaz və neft alışı dayandırılıb

Foto: Reuters

Azərbaycanın Rusiyadan idxalı son illərin ən aşağı səviyyəsinə düşüb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-iyul aylarında şimal qonşusundan Azərbaycana idxal olunan malların dəyəri 42 faiz azalıb. Əgər 2025-ci ilin yanvar-iyul aylarında bu ölkədən Azərbaycana 2,35 milyard dollardan çox məhsul idxal edilmişdisə, cari ilin eyni dövründə bu rəqəm 1,36 milyard dollara yaxın olub. 

2026-cı ildə Rusiyanın ölkə ixracındakı payı 4 faiz artsa da, idxalda kəskin azalma ümumi ticarət dövriyyəsinə ciddi təsir göstərib. Bu ilin yeddi ayının nəticələrinə görə, Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi 2,1 milyard dollar təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 31,2 faiz azalma deməkdir.

Beləliklə, Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olan və ölkənin ümumi ticarət dövriyyəsində ön sıralarda qərarlaşan Rusiyanın 2026-cı ildə mövqeyi xeyli zəifləyib. Onun yerini isə Çin əvəzləyib. Maraqlıdır ki, 2024-cü ilin dekabrında “AZAL”a məxsus sərnişin təyyarəsinin vurulmasından sonra rəsmi Bakı ilə Moskva arasında diplomatik qarşıdurmanın kəskinləşdiyi bir dövrdə belə, bu iki ölkə arasında ticarətdə əhəmiyyətli artım müşahidə edilirdi.

Dövlət Statistika Komitəsinin idxal statistikasından məlum olur ki, bu ilin birinci yarısında təxminən 1 milyard dollarlıq azalma qızıl, təbii qaz, neft və neft məhsulları, həmçinin diri iri və xırda buynuzlu heyvanların idxalının kəskin azalması ilə bağlıdır.

  • Ən kəskin azalma qızıl alışında baş verib. Ötən il Dövlət Neft Fondu Rusiyadan 440 milyon dollar dəyərində 4 752,95 kiloqram qızıl alaraq aktivlərinə daxil edib. 2026-cı ildə Fond qızıl alışını dayandırdığı üçün Rusiyadan bu istiqamətdə heç bir idxal olmayıb.
  • Azərbaycan şimal qonşusundan 2022–2025-ci illərdə aldığı təbii qazın idxalını da cari ildə dayandırıb. 2022-ci ildə rəsmi Bakı ilə Moskva arasında bağlanan müqaviləyə əsasən, “Gazprom Export”un SOCAR-a 1 milyard kubmetr qaz tədarük etməsi nəzərdə tutulmuşdu. 

2025-ci ilin birinci yarısında 21,2 milyon kubmetr qaz idxal olunmaqla müqavilə öhdəliyi başa çatıb. Ötən ilin birinci yarısında qazın idxal dəyəri 4 milyon dollar təşkil edib. Qərb mediası isə bu illərdə Azərbaycanı Rusiyadan aldığı qazı Avropaya yenidən satmaqda ittiham edirdi. Prezident İlham Əliyev ittihamlara cavabında qazın daxili tələbatın ödənilməsinə yönəldiyini açıqlamışdı.

  • Azərbaycan Rusiyadan neft və neft məhsullarının alışını da kəskin azaldıb. Belə ki, 2025-ci ilin ilk yarısında Rusiyadan 685,73 min ton xam neft alındığı halda, bu ilin eyni dövründə idxal 9 dəfə azalaraq 76,8 min ton təşkil edib. Dəyər ifadəsində isə xam neftin idxalı 328,15 milyon dollardan 43,83 milyon dollara qədər düşüb.

Benzin idxalında isə həm fiziki həcmdə, həm də dəyər ifadəsində 3 dəfə azalma var. 2025-ci ilin birinci yarısında 111,2 min ton benzin gətirildiyi halda, 2026 -cı ilin müvafiq dövründə bu rəqəm 35,4 min tona qədər düşüb. Valyuta ifadəsində isə xərc 88,2 milyon dollardan 30,48 milyon dollara enib. Ən kəskin azalma Aİ-92 markalı benzinin idxalında olub. Azərbaycan 2025-ci ilin ilk altı ayında Rusiyadan 64,8 min ton bu markalı benzin alıbsa, 2026-cı ildə bu rəqəm cəmi 3,4 min ton təşkil edib. 

Rusiyadan dizel yanacağının idxalı isə tam dayandırılıb. Azərbaycan bu ölkədən ötən il 13 milyon dollara yaxın dizel yanacağı almışdı. Cari ildə isə Moskva bu yanacağın ixracını dayandırıb.

Rusiyadan diri iri və xırda buynuzlu heyvanların idxalında da ciddi eniş var. Rusiyanın heyvan ixracına qoyduğu məhdudiyyətlər nəticəsində 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycan cəmi 400 baş qoyun və 1 443 baş iribuynuzlu heyvan ala bilib. Qoyun idxalı 99,4 faiz, iri buynuzlu heyvanların idxalı isə 95,7 faiz azalıb.

Yeni Avrasiya Strateji Mərkəzi yazır ki, 2026-cı ilin yazından Ukrayna dronları və raketləri intensiv şəkildə Rusiyanın neft emalı zavodlarını və xam neft bazalarına zərbələr endirir. Zavod hissələri vaxtilə ABŞ və Avropa Birliyi ölkələrindən alındığından onların təmirinin çox vaxt apardığı bildirilir. 

Hələ bu ilin mayında ötən ilin eyni dövrü ilə müqayisədə Rusiyada neftayırma zavodlarının 15 faiz az neft məhsulu istehsal etdiyi bildirilirdi. Müharibənin getdiyi bir şəraitdə Rusiya daxildə ehtiyaclar artdığından xarici ölkələrə ixracı azaltmaq məcburiyyətində qalıb.