Bakıda dövlət bağçasına gedən uşağın qanında psixotrop maddə aşkarlanıb

Foto: Azərbaycan müəllimi

Sentyabrın 1-də  Bakının Yasamal rayonunda 98 saylı bağçaya gedən 3 yaşlı uşağın qanında psixotrop maddə aşkarlanıb. 

“Xəzər TV”nin məlumatına görə, uşağın anası Nurgül Məmmədova hadisə ilə bağlı deyib ki, övladını üç həftə əvvəl uşaq bağçasına qoyub. 

İki həftə sonra uşağın hərəkətlərində qəribəlik hiss etdiyini bildirən Nurgül Məmmədovanın sözlərinə görə, tibbi analizlərin nəticəsindən sonra övladının qanında psixotrop tərkibli dərman aşkarlanıb.

“Uşaq iki həftə dövlət bağçasına getdi. Birinci həftə yarım gün qaldı, ikinci həftə isə saat 16:00-17:00-dək bağçada oldu. Məhz ikinci həftədən sonra uşaqda kəskin halsızlıq, yuxululuq, yeriyəndə ayağının ayağına dolaşması, bir nöqtəyə uzun-uzun baxması və əsəbilik yarandı”, – deyə ana vurğulayıb.

Nurgül Məmmədova övladının bağçadakı müəlliminə məlumat versə də, o azyaşlının adaptasiya dövründə olduğunu və bu halın normal sayıldığını deyib.

“Lakin şübhələrim keçmədiyi üçün Toksikologiya Mərkəzinə gedib analiz verdik. Analizin cavabında psixotrop tərkibli dərmanlar çıxdı. Bu dərmanlar orqanizmdə bir həftə qalır, lakin bağçada hələ də heç kimi analizə göndərməyiblər”, – deyə Nurgül Məmmədova bildirib. 

98 saylı uşaq bağçası isə öz “instagram” hesabında sosial media istifadəçilərini  yayılan xəbərlərə inanmamağa çağırıb. Bağçanın yaydığı bəyanatda deyilir ki, uşaqların sağlamlığı, təhlükəsizliyi  önəmlidir və valideynlər uşaqlarını tibbi yoxlamadan keçirə bilərlər. 

Bununla yanaşı, bağçanın paylaşımına münasibət bildirən sosial media  istfadəçilərinin bəziləri onların yazdığı tənqidi şərhlərin silindiyini iddia ediblər.

Ötən ilin noyabrında bağça ilə bağlı daha bir tənqidi xəbər mediada yer alıb. Sözügedən bağçada həmin uşaqların ac saxlanıldığı, onların yetərli qida ilə təmin edilmədiyi deyilib. 

Daha bir xəbərdə isə bağçanın keçmiş direktoru Elnurə Əliyevanın 2018-2022-ci illərdə mənimsəmə və vəzifə saxtakarlığı ilə üzləşdiyi qeyd olunub.

Hadisə ictimailəşdiriləndən sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu sosial şəbəkə hesabında yazaraq məsələnin nəzarətə götürüldüyünü bildirib. 

​“Faktın bütün təfərrüatları ilə birlikdə obyektiv və hərtərəfli araşdırılması, eləcə də azyaşlının hüquq və mənafelərinin qorunmasının təmin edilməsi məqsədilə Dövlət Komitəsi tərəfindən Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa rəsmi müraciətlər ünvanlanmışdır”, – deyə Teymur Mərdanoğlu qeyd edib. 

O, hazırda aidiyyəti dövlət qurumları tərəfindən zəruri tədbirlərin davam etdiyini və nəticədən asılı olaraq qanunvericiliyin tələblərinə uyğun, müvafiq addımlar atılacağını deyib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi isə müvafiq araşdırmaların aparıldığını və nəticələr  barədə əlavə məlumat veriləcəyini vurğulayıb.