Heydər Əliyevin heykəlinə „Stalin“ yazan AXCP fəalı həbsxanada ölü tapılıb

Dekabrın 12-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü, siyasi məhbus Elbəyi Kərimli 2 saylı Cəzaçəkmə Müəssisəsində müəmmalı şəkildə ölü tapılıb. AXCP-dən “Qazetçi”yə verilən məlumata görə, mərhumun cəsədi saxlanıldığı həbsxananın tibb məntəqəsində asılı halda aşkarlanıb.

Rəsmi açıqlamada Elbəyi Kərimlinin intihar etdiyi iddia olunur. Ədliyyə Nazirliyindən “Qafqazinfo”ya bildirilib ki, faktla bağlı Xəzər Rayon Prokurorluğunda cinayət işi qaldırılıb.

Elbəyi Kərimli 2023-cü ilin avqustunda həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik maddə əldə etmə, saxlama, daşıma, göndərmə – satış məqsədilə törədildikdə) maddəsi ilə ittiham elan edilib.

Meydan TV hələ ötən il məhkəmədən yazırdı ki, Elbəyi Kərimli heykəli yazanda ətrafda təmizlik işləri aparan qadınlar onu görüb və səs-küy salıblar. Dərhal polis gəlib və onu 22-ci polis bölməsinə aparıblar. 

“Bölmədə sorğu-sual olunduqdan sonra qarşıma narkotik və silah qoydular ki, birini seçim. Xəbərdarlıq elədilər ki, yoxsa daha pis olacaq. Dedilər ki, mobil telefonuna hərbi obyektlərin fotolarını yükləyərik, hərbi əhəmiyyətli məlumatları Ermənistana, İrana göndərməkdə ittiham olunarsan”, – o məhkəməyə verdiyi ifadəsində demişdi. 

“Mən onun istintaq və məhkəmə dövründə vəkili olmuşam. Elbəyi ona qarşı irəli sürülən narkotik ittihamını qəbul etməyib. Milli Bankın binası qarşısında olan Heydər Əliyevin heykəli üzərinə “Stalin” sözü yazdığı üçün həbs edildiyini bildirirdi”, – deyə vəkili Nemət Kərimli “Qazetçi”yə bildirib.

Nemət Kərimli əlavə edib ki, saxlanılandan sonra Elbəyinin vəkili olmayıb və həmin dövürdə işgəncəyə məruz qalıb.
“Bu il iyulun 13-də “tubzon” kimi tanınan 3 saylı ixtisaslaşdırılmış müalicə müəssisəsində Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən gələn yoxlama önündə tənqidi çıxış edib və şərlənərək həbs olunduğunu deyib. O, çıxışından dərhal sonra döyülərək “karser”ə salınıb”, – deyə vəkili vurğulayıb.

2024-cü ilin aprelində Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Elbəyi Kərimli 6 il müddətinə azadlıqdan məhrum edilib. Daha sonra Ali Məhkəmə onun cəzasını 5 ilə endirib. Nemət Kərimli Elbəyi Kərimli haqqında verilən bu qərardan Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət göndərib.