Kyiv şəhərinin Peçersk rayon prokurorunun vəsatəti əsasında Rusiya vətəndaşı olan iş adamına məxsus dəyəri 700 min ABŞ dolları məbləğində olan daşınmaz əmlaka həbs qoyularaq Aktivlərin Axtarışı və İdarə Edilməsi Agentliyinin idarəçiliyinə verilib.
Ukraynanın Baş Prokurorluğunun rəsmi internet səhifəsində yer alan məlumatda Rusiyadan olan iş adamının adı çəkilməsə də, həmin şəxsin sanksiyalar altında olan Rusiya neftini Birləşmiş Ərəb Əmirliklərində qeydiyyatdan keçmiş şirkətlər vasitəsilə satdığı bildirilir.
Ukrayna mediasının yaydığı məlumata görə, üzərinə həbs qoyulan mənzil Kyivin elit “Klovski” yaşayış kompleksində yerləşir. Hündürlüyü 168 metr olan yaşayış kompleksi Ukraynanın ən böyük göydələni hesab olunur.
Ukrayna mediası, Baş Prokurorluğun məlumatında dərc edilən blurlaşdırılmış fotoya və əldə etdikləri məlumatlara əsasən, həmin şəxsin Azərbaycan əsilli neft treyderi Tahir Qarayev olduğunu müəyyən ediblər.
Ukrayna Baş Prokurorluğunda olan mənbənin “Економічної правди” nəşrinə verdiyi məlumatda əmlakına həbs qoyulan şəxsin Tahir Qadir oğlu Qarayev olduğunu təsdiq edib. O həmçinin qeyd edib ki, Tahir Qarayev Rusiya neftinin qanunsuz yollarla ticarətinə görə Ukraynanın sanksiyalar siyahısına salınıb. Tahir Qarayevin bir sıra ölkələrin, o cümlədən Rusiya, Malta və Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlığına malik olduğunu vurğulayıb.
Tahir Qarayev sanksiyalar altında olan Rusiya neftinin qanunsuz satışını həyata keçirən beynəlxalq şəbəkənin qurucusu hesab olunur. Onun təsis etdiyi “Coral Enerji” və “2Rivers DMCC” şirkətləri Avropa Birliyi daxil olmaqla bir çox ölkələrin sanksiyalar siyahısına daxil edilib.
“Financial Times” qəzetinin bu ilin fevralında dərc etdiyi araşdırmaya görə, aralarında Tahir Qarayevin də yer aldığı şəbəkə dəyəri 90 milyard dollardan çox olan Rusiya neftinin qanunsuz satışını həyata keçirib. Qəzet açıq qeydiyyat məlumatları vasitəsilə 442 veb domen müəyyən edib. Domenlərdən biri “TahirQarayev.com” olub.
Tahir Qarayev fərd olaraq Avropa Birliyi, Böyük Britaniya, ABŞ, Kanada, İsveçrə, Yaponiya və digər ölkələrin sanksiyalar siyahısına salınıb.
Əfqan Muxtarlı
