“İki gündür gecələr Biləsuvar şəhərində sahibsiz itləri güllələyirlər. İcra başçısının göstərişi ilə ov tüfəngləri ilə silahlanmış xüsusi dəstə iki gecədə azı 15 it öldürüb”.
Anonimlik şərtilə avqustun 8-də Qəzetçi-yə məlumat verən Biləsuvar sakini iddia edib ki, itləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarəsinin əməkdaşları rayon icra hakimiyyətinin göstərişilə öldürüb.
“İtləri icra başçısının göstərişi ilə ekologiyanın əməkdaşları öldürür. İcra başçısı qərarını vətəndaşların şikayəti ilə əsaslandırır. Guya vətəndaşlar sahibsiz itlər barədə şikayət edir”, – deyə sakin bildirib.
Biləsuvar sakininin sözlərinə görə, öldürülən itlərin cəsədləri səhər açılmamış Mənzil-Kommunal Təsərrüfatı İdarəsinin əməkdaşları tərəfindən yığılır, qan izlərini isə su ilə yuyurlar.
Qəzetçi-nin məsələ ilə bağlı Biləsuvar Rayon İcra Hakimiyyətinə göndərdiyi sorğuya cavab verilməyib.
Son aylarda mediada Biləsuvarda sahibsiz itlərin vətəndaşlara hücum etməsi ilə bağlı xəbərlər yayılıb. Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının verdiyi məlumata görə, bu ilin aprelində 25 rayon sakinini it dişləyib. Amma itlərin Biləsuvarın hansı ərazisində sakinlərə hücum etməsilə bağlı məlumat verilməyib.
Azərbaycanda sahibsiz heyvanların qorunması ilə bağlı xüsusi qanun mövcud deyil. Onların qorunması, mühafizəsi və peyvəndlənməsi işi “Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında” və “Baytarlıq haqqında” qanunlarla tənzimlənməlidir.
Sahibsiz heyvanların mühafizəsi ilə birbaşa məşğul olan ölkə miqyaslı dövlət yaxud ictimai təşkilat da mövcud deyil.
Nazirlər Kabinetinin 29 aprel 2025-ci il 142 saylı qərarı ilə Bakı Şəhər İcra Hakimiyyəti nəzdində “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” publik hüquqi şəxs yaradılsa da, qərar elə kağız üzərində qalıb.
Prezident İlham Əliyevin 10 iyun 2026-cı il tarixli sərəncamı ilə “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” ləğv edilərək yeni yaradılan “Bakı Şəhər Heyvanat Parkı”na birləşdirilib.
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” ləğv edildikdən sonra – 2 iyul 2026-cı il tarixində Yevlax şəhərində regional bölməsinin açılışında Prezident İlham Əliyevin qızı Leyla Əliyeva da iştirak edib.
APA yazırdı ki, Leyla Əliyevanın təşəbbüsü ilə yaradılan bölmə 2,5 hektar ərazini əhatə edir. Lakin məlumatda mövcud olmamış, Prezident tərəfindən ləğv edilən “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi”nin regional bölməsinin hansı əsaslarla və vəsaitlə yaradılması barədə məlumat verilməyib.
Leyla Əliyeva rəhbərlik etdiyi “IDEA” İctimai Birliyi “Toplan” və “IDEA Heyvanlara Qayğı Mərkəzi”ni təsis edib. Lakin hər iki qurumun fəaliyyəti heyvansevərlər tərəfindən davamlı tənqid olunur.
Heyvan haqları fəalı Nicat İsmayıl bu ilin iyununda sosial media hesabında “IDEA” İctimai Birliyini yeni doğulan itləri öldürməkdə ittiham edirdi.
“Bakıda hər gün 100-150 ədəd 5-10 günlük südəmər körpə itlər öldürülür. Bu işlə məşğul olur “IDEA” İctimai Birliyinin “IDEA” Heyvanlara Qayğı Mərkəzi. Həmin o Balaxanıdakı köhnə “Toplan”, ondan da əvvəlki “Собачий яшик”, – deyə fəal bildirib.
Nicat İsmayıl tənqidlərindən sonra polisin fiziki işgəncəsinə məruz qalmışdı.
Zaqatalada, 400-dən çox sahibsiz itə ev sahibliyi edən “Naynuxana Shelter” it sığınacağı isə bu yaxınlarda bağlanmaq təhlükəsi ilə üzləşmişdi.
Zaqatala rayonunun Aşağı Tala kəndində Nizami və Nərmin Ramazanovların təşəbbüsü ilə bir neçə ildir fəaliyyət göstərən sığınacaq maliyyə sıxıntısı çəkib.
Ölkədə və xaricdə yaşayan heyvansevərlərin dəstəyilə yetərli maliyyə toplayan Ramazanovlar iyunun 23-də keçmiş sığınacağa yaxın ərazidən 1,6 ha ərazi alıb.
Zaqatala Rayon İcra Hakimiyyətinin Ramazanovlara təklif etdiyi yer isə çay yatağı olduğu üçün sel zamanı sığınacağı su basacağından həmin ərazidən imtina ediblər.
Hazırda Ramazanovlar sığınacağın tikintisi ilə bağlı yenə də heyvansevərlərdən kömək istəyib. Onlar sığınacaq üçün ərazi alınsa da, tikinti üçün vəsaitlərinin olmadığını bildiriblər.
Əfqan Muxtarlı
