Avqustun 6-də hazırda həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin keçmiş mühafizəçisi Bəhruz Həsənli Xarkov şəhər Apellyasiya Məhkəməsinin qərarı ilə 30 sutka müddətinə həbs edilib. Bu haqda məlumatı “Azadlıq” qəzeti yayıb.
Bəhruz Həsənli yulun 29-da Xarkov şəhərində Azərbaycan Baş Prokurorluğunun təqdimatı ilə saxlanılmış, iyulun 30-da isə Xarkov Şəhər Məhkəməsisi onu axşam yaşadığı evdə qalmaq şərtilə azadlığa buraxmışdı.
Bəhruz Həsənli azadlığa buraxılandan sonra Qəzetçi-yə demişdi ki, ona dələduzluq ittihamı ilə saxta cinayət işi açıblar.
“Guya mən bir nəfərlə əlbir olub dələduzluq etmişəm, sonra da bu işə başqalarını da qoşub külli miqdarda pulu Əli Kərimliyə vermişik. Bir nəfəri mənimlə münasibəti olduğu üçün həbs edib, bu ssenari üzrə cinayət işi açıblar”, – deyə o, bildirmişdi.
Bəhruz Həsənli hesab edirdi ki, hakimiyyət Əli Kərimliyə qarşı növbəti ittihamlar irəli sürmək istəyir: “Bu saxta işdə məqsəd “Ramiz Mehdiyev işi”ndən əvvəl Əli Kərimlini həbs etmək olub. Sonradan Əli bəyi həbs etsələr də, bu məsələ bağlanmamış qalıb. Üzləşmə protokolları var, istintaq gedib, adamı həbsdə saxlayırlar. Məni Azərbaycana aparıb işi yekunlaşdırmaq istəyirlər”.
Bəhruz Həsənov barəsində həbs-qətimkan tədbiri seçilən gün – avqustun 6-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukraynaya rəsmi səfərə gedib. Nazir rəsmi səfəri çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.
Görüş zamanı Azərbaycan ilə Ukrayna arasında strateji tərəfdaşlıq münasibətləri və inkişaf perspektivləri, siyasi dialoq, enerji, nəqliyyat, humanitar əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Ukraynalı tanınmış siyasi şərhçisi və jurnalist Leonid Şvets Bəhruz Həsənlinin Azərbaycanın xarici işlər nazirinin Kiyevə səfəri günü həbs edilməsinə diqqət çəkib.
“Nədənsə, əlbəttə ki, tamamilə təsadüfi şəkildə müxalifətçinin saxlanılması Azərbaycanın xarici işlər nazirinin Ukraynaya səfəri ilə üst-üstə düşdü. Yəni, sadəcə belə alındı, həyatda nələr olmur ki?”, – deyə jurnalist vurğulayıb.
Ukraynada fəaliyyət göstərən Xarkov İnsan Hüquqları Qrupu, Vətəndaş Azadlıqları Mərkəzi və Ukrayna Helsinki İnsan Haqları Birliyi Bəhruz Həsənlinin Azərbaycana ekstradisiyasının qarşısının alınmasını tələb edib.
Bu təşkilatlar Bəhruz Həsənlinin Azərbaycanda işgəncə, qeyri-ədalətli məhkəmə və siyasi təqib riski ilə üzləşə biləcəyindən narahatdırlar.
Əfqan Muxtarlı
