Avropa İnsan Haqları Məhkəməsi Azərbaycan hökumətinə qarşı “Pegasus” casus proqramı işi ilə bağlı şikayətləri araşdırmağa başlayıb. Bu haqda vəkil Fariz Namazlı feysbuk səhifəsində məlumat yayıb.
2021-ci ildə “Amnesty International”, “Forbidden Stories” və “OCCRP” 50 000-dək mobil telefon nömrələrini araşdırarkən məlum olmuşdu ki, İsrailin “NSO Group” şirkətinin hazırladığı “Pegasus” proqramı Azərbaycandan olan 1 000-dək şəxsin telefonuna yoluxdurulub. Telefonlarına casus proqramı yüklənənlərin 245-i hüquq müdafiəçisi, jurnalist, müxalif siyasətçi, hüquqşünas və araşdırmaçı olub.
“Həmin müdaxilənin qurbanı olan şəxslər Baş Prokurorluğa şikayət edərək müdaxilənin qanunsuz hesab olunmasını tələb ediblər. Şikayətlərə mahiyyəti üzrə baxılmadığından onlar Avropa Məhkəməsinə müraciət edib”, – deyə Fariz Namazlı bildirib.
Vəkil qeyd edib ki, Azərbaycandan bu işlə bağlı Avropa Məhkəməsinə 59 nəfərin şikayəti daxil olub. Məhkəmə Avropa İnsan Haqları Konvensiyasının 8-ci (şəxsi həyata müdaxilə), 13-cü (səmərəli müdafiə vasitələri) 18-ci (hüquqlardan sui-istifadə), bəzi işlərdə də 10-cu (ifadə azadlığı) və 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) maddələrinin pozuntusu ilə bağlı tərəflərə suallar ünvanlayıb.
“Pegasus” proqramı adətən cinayətkarları izləmək üçün hüquq-mühafizə orqanları tərəfindən istifadə olunur. Proqram istifadəçinin xəbəri olmadan onun mobil cihazına yüklənilir və şəxsin mesajlarına, fotolarına, zəng zamanı mikrofon və kamerasına tam çıxış imkanı verir.
Azərbaycandan casus proqramına məruz qalan “III Respublika” platformasının təsisçiləri Akif Qurbanov və Ruslan İzzətli, seçki ekspertləri Anar Məmmədli, Bəşir Suleymanlı, hüquq müdafiəçisi Rüfət Səfərov, siyasi fəal Bəxtiyar Hacıyev, “Abzas Media”nın direktoru Ülvi Həsənli, saytın baş redaktoru Sevinc Vaqifqızı, “Kanal-13” Yutub kanalının rəhbəri Əziz Orucov və jurnalist Fatimə Mövlamlı, Meydan Tv-nin baş redaktoru Aynur Qəmbərova, jurnalist Natiq Cavadlı 2023-cü ildə başlayan reprerssiya dalğasında siyasi motivlərlə həbs olunublar.
Avropa Məhkəməsi Azərbaycana qarşı „Pegasus“ casus proqramı işini araşdırmağa başlayıb
