Mühacirətdəki medialara şərh yazan Azərbaycan vətəndaşlarına 15 və 25 sutka həbs cəzası verilib

Yanvardan etibarən 15 Naxçıvan sakininə həm pul cərimələri, həm də inzibati həbs cəzası verilib, “Azərbaycan Saatı”nın instaqram səhifəsinə polis haqqında şərh yazan hesab isə bağlanıb

“Azərbaycan Saatı” internet televiziyasının instaqram səhifəsinə şərh yazan Bakı sakini 15 sutka, bloger Mehman Hüseynovun “Youtube” kanalına rəy bildirən Naxçıvan sakini isə 25 sutka müddətinə inzibati həbs edilib.

Sabunçu Rayon Məhkəməsinin iyulun 2-də verdiyi qərarda qeyd edilir ki, “ülvi_.585” adlı sosial media istifadəçisi polis tərəfindən saxlanılaraq barəsində inzibati protokol tərtib edilib.

Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsinin inspektoru məhkəməyə verdiyi ifadəsində göstərib ki, saxlanılan şəxs  “Azərbaycan Saatı”nın instaqram səhifəsinin şərh bölməsinə nalayiq ifadələr yazaraq polis əməkdaşlarını təhqir edib.

Beləliklə, Şərur rayonunun Yengicə kənində qeydiyyatda olan, amma Sabunçu rayonunda yaşayan 32 yaşlı Ü.V Sabunçu Rayon Məhkəməsinin qərarilə 15 sutka müddətinə inzibati qaydada həbs olunub. 

Məhkəmə hesab edib ki, yazılmış şərh kütləvi nümayiş etdirilən sosial şəbəkədə yayıldığından ifadənin ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən əxlaqsız ifadələrin səsləndirilməsi ümumilikdə polis əməkdaşları ilə bərabər dövlət orqanlarının vəzifəli şəxslərinə yönəlib, həmin ifadə birbaşa ictimai mənəviyyata təsir göstərib. 

Məhkəmə bu qərarı verərkən İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsinə istinad edib. Bu o deməkdir ki, istifadəçi “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunla internetdə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verib.  

“Azərbaycan Saatı” kanalının aparıcısı, jurnalist Qənimət Zahid Qəzetçi-yə deyib ki, Azərbaycanda müstəqil fikirli jurnalistlərin həbs edildiyi, digərlərinin isə ölkədən sürgün olunduğu bir vaxtda sosial mediada fəallıq göstərən vətəndaşların təqib edilməsinin məqsədi ölkədə etirazçı kəsimi tamamilə susdurmaqdır.

Hüquqşünas Emin Aslan Qəzetçi-yə açıqlamasında bildirib ki, tətbiq edilən məhdudiyyətlər konstitusiya ilə ziddiyyət təşkil etdiyindən ləğv olunmalıdır. 

“Azərbaycanın Konstitusiyasının 47-ci maddəsində fikir və söz azadlığına qoyulan məhdudiyyətlərin siyahısında İnzibati Xətalar Məcəlləsində qeyd edilən məhdudiyyətlər (anlayışlar) yer almayıb. Maddənin 3-cü bəndində ifadə və söz azadlığına gətirilən məhdudiyyət belə ifadə edilib: “İrqi, milli, dini, sosial və hər hansı digər meyara əsaslanan ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir.” Buradan göründüyü kimi, Konstitusiyada “cəmiyyətə açıqca hörmətsizlik ifadə edən ifadə, ictimai mənəviyyatı təhqir, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər və sair kimi anlayışlar (məhdudiyyətlər) yer almayıb. Bu baxımdan, İnzibati Xətalar Məcəlləsinin həmin maddələri açıq aşkar anti-konstitusion maddələr kimi ləğv edilməlidir.”, – deyə hüquqşünas vurğulayıb.

İyulun 18-də  Naxçıvan Şəhər Məhkəməsinin bloger Mehman Hüseynovun “YouTube” kanalına şərh yazan Babək rayon sakini ilə bağlı verdiyi qərarında da hüquq-mühafizə orqanlarının təhqir olunduğu yazılıb. 

Bunun əsasında “ferid.qasmv” adl istifadəçiyə 25 sutka inzibati həbs cəzası verilib. Qərarda qeyd edilir ki, 23 yaşlı təqsirləndirilən şəxs həm də polisin qanuni əmrlərinə tabe olmayıb.

Bloger Mehman Hüseynov Qəzetçi-yə deyib ki, Azərbaycanda güc strukturlarının tərkibində sosial şəbəkələrə nəzarət edən şöbələr yaradılıb.

“Total nəzarət həyata keçirilir. Yalnız tanınmış jurnalistlərin, blogerlərin və müxalifət fəallarının səhifələri izlənmir. Adi vətəndaşlar da nəzarət altındadır”, – deyə bloger vurğulayıb.

2025-ci ilin dekabrından “kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə dair məlumatlar”ın yayılması xuliqanlıq kimi qanunvericiliyə əlavə edilib.

İnzibati xəta hesab edilən bu davranışlara görə 50 manatdan 2000 manatadək cərimələr tətbiq edilir. Hazırkı qonunvericiliyə görə, bu hərəkətlərə görə 30 günə qədər, təkrar törədildikdə isə iki aya qədər inzibati həbs cəzası verilir.

“Human Rights Watch” və “Amnesty International” təşkilatlarının 2026-cı illərdə yaydıqları hesabatlarında vurğulanıb ki, “Azərbaycan hökumətinin qəbul etdiyi qanun və düzəlişlərdə yeni hüquqi mexanizmlər hökumətə internetdə yayılan məlumatlara daha geniş müdaxilə imkanı verir”.

Qanunda yer alan “ictimai mənəviyyat”, “hörmətsiz hərəkətlər”, “əxlaqa zidd davranış” kimi anlayışların hüquqi tərifinin olmadığını bildirən hüquqşünas Fəriz Namazlı  qanunun yeni qüvvəyə mindiyi zaman OC Media-ya demişdi ki, “inzibati məsuliyyət cinayət məsuliyyətindən daha operativ tətbiq olunduğuna görə hökumət üçün daha təsirli vasitəyə çevrilə bilər”.

Mehman Hüseynovun “YouTube” kanalına yazılan şərhdən sonra, Qəzetçi-nin əməkdaşları Naxçıvan Şəhər Məhkəməsinin bu ilin yanvarından iyulunadək verdiyi qərarları monitorinq ediblər. Məlum olub ki, internet resurslarında “ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən əxlaqsız ifadələrin səsləndirilməsinə…” görə azı 15 Naxçıvan sakini barəsində pul cəriməsindən tutmuş 25 günədək inzibati həbsə qədər müxtəlif cəza tədbirləri görülüb.

Naxçıvan Şəhər Məhkəməsinin qərarlarında yer alan sosial media istifadəçilərinin hesablarını yoxlayanda isə məlum olub ki, məhkəməyə təqdim olunan videolar və şərhlər silinib, “Azərbaycan Saatı”na şərh yazan hesab isə tamamilə bağlanıb.  

Əfqan Muxtarlı