“Məhkəmənin hökmü bu prosesin siyasi xarakter daşıdığını və hakimiyyətin sadəcə peşə fəaliyyətini həyata keçirən jurnalistləri qorxutmaq və repressiyaya məruz qoymaq niyyətini bir daha təsdiqləyir”.
Beynəlxalq Jurnalistlər Federasiyası (IFJ) və Avropa Jurnalistlər Federasiyası (EFJ) ədalətsiz şəkildə məhkum edilmiş media əməkdaşlarının dərhal azad olunması tələbilə bəyanat yayıb.
Beynəlxalq Jurnalistlər Federasiyası Avropa Jurnalistlər Federasiyası ilə birlikdə yaydığı birgə bəyanatlarında “Toplum TV işi” üzrə məhkəmə qərarı kəskin şəkildə pislənilib və həbs edilən jurnalistlərin dərhal azadlığa buraxılması tələb edilib.
İyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə həbs edilən Akif Qurbanov və Ruslan İzzətli 15 il, Ələsgər Məmmədli, Əli Zeynalov 14 il, Ramil Babayev, Müşfiq Cabbarov, İlkin Əmrahov 13 il, Fərid İsmayılov, Elmir Abbasov 12 il müddətinə azadlıqdan məhrum ediliblər.
İstintaq və məhkəmə prosesi dövründə polis nəzarətində olan Elmir Abbasov məhkəmə zalından həbs edilib. Məhkəmənin hökmünə qədər polis nəzarətində azadlıqda olan Abbasovun həbsindən sonra onun adından “Facebook”da paylaşım edilib.
“Bu günün nə vaxtsa gələcəyini və digər dostlarımın yanına gedəcəyimi, onlarla birlikdə həbs ediləcəyimi yaxşı başa düşürdüm. Nə bir qorxum var, nə də peşmançılığım. Ona görə də, bu gün buradan, məhkəmə zalından məni həbs edənlərdən fərqli olaraq alnıaçıq, başıdik çıxıram”, – onun əvvəlcədən yazıb qoyduğu ismarıcında deyilir.
Vəkil Elçin Sadıqov Qazetçi-yə məhkəmənin siyasi sifarişlə qərar qəbul etdiyini bildirib. O, həmçinin qeyd edib ki, proses boyunca hakimlər vəsatətlərin heç birini təmin etməyib.
“Vəsatətlər təmin edilsəydi, ittihamın saxta olduğu tam üzə çıxacaqdı”, – deyə vəkil vurğulayıb.
Elçin Sadıqov həmçinin qeyd edib ki, istintaq tərəfi qanunsuz sübutlardan, kserokopiyalardan istifadə edib.
“Müdafiə tərəfi buna icazə vermədiyi halda, qanunda buna yol verilmir. Cinayət-Prosessual Məcəlləsinin 135-ci maddəsi müdafiə tərəfinin icazəsi olmadan mənbəyi bəlli olmayan sənədlərdən, surətlərdən istifadəni qadağan edir. Bütün bunlara baxmayaraq, məhkəmə qanunsuz sübutlara istinad etdi və siyasi sifarişli hökm çıxartdı”, – deyə vəkil vurğulayıb.
Elçin Sadıqov qarşıdakı həftələrdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apellyasiya şikayəti verəcəklərini bildirib.
Avropa Jurnalistlər Federasiyasının Baş katibi Rikardo Qutyerres Azərbaycanda cəsarətli müstəqil səsləri susdurmağa xidmət edən bu məhkəmə prosesinin sırf siyasi mahiyyətini təsdiqləyən qeyri-adekvat həbs cəzalarından dərin sarsıntı keçirdiklərini bildirib.
“Bu məhkəmə qərarı jurnalistlərə, o cümlədən qadın media əməkdaşlarına qarşı amansız repressiya siyasətinin tərkib hissəsidir. Bunun ədalətlə heç bir əlaqəsi yoxdur”, – Dünya Jurnalistlər Federasiyasının Baş katibi Entoni Bellancer məhkəmə qərarına münasibət bildirərək belə deyib.
Söz və media azadlığının müdafiəsi ilə məşğul olan nüfuzlu beynəlxalq təşkilatlardan olan “Index on Censorship”in “X” hesabında paylaşılan bəyanatda “Toplum TV işi” üzrə hökm pislənilib.
“Qətiyyətlə bəyan edirik ki, müstəqil media qurumu “Toplum TV” ilə əlaqəli jurnalistlərə və media əməkdaşlarına 12 ildən 15 ilədək həbs cəzalarının verilməsini kəskin şəkildə pisləyirik. Onlar jurnalist fəaliyyətlərinə görə cəzalandırılıblar. Biz onların dərhal azadlığa buraxılmasına çağırış edirik”, – təşkilatın açıqlamasında vurğulanır.
Əvvəlcə qaçaqmalçılıqda ittiham edilən “Toplum TV işi” üzrə həbs olunan şəxslərə qarşı ittihamlar sonradan ağırlaşdırılıb. Təqsirləndirilən şəxslərin hər biri ittihamları rədd edir və siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər. Beynəlxalq jurnalist və insan hüquqları təşkilatları “Toplum TV” işi üzrə həbs edilənləri siyasi məhbus hesab edirlər.
Əfqan Muxtarlı
