Təyyarə qəzası qurbanlarının ailələri Rusiyanın 50 000 dollarlıq kompensasiya təklifindən narazıdırlar

AZAL-ın qəzaya uğrayan təyyarəsinin bələdçisi Hökumə Əliyeva dəfn olunur. Foto: AP

Şəffaflıq olmadığından Rusiya və Azərbaycan ödənişləri mürəkkəb və uzun çəkən proses vasitəsilə həyata keçirib

2024-cü ilin dekabrında Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarə qəzasında həlak olanların ailələri itkilərə görə kompensasiya almağa çalışsalar da, bu çox çətin proses nəticəsində baş tutub.

Bakıdan “J2-8243” reysi ilə Qroznıya uçan AZAL təyyarəsi 2024-cü il dekabrın 25-də Rusiya zenit raketləri tərəfindən  vurulduqdan sonra Qazaxıstanın Aktau şəhəri yaxınlığında  qəzaya uğrayıb. Təyyarədəki 67 sərnişinin 35-i Azərbaycan vətəndaşı, 5-ii isə heyət üzvü olub. 

Rusiya qəzaya görə məsuliyyətini yalnız 2025-ci ilin oktyabrında etiraf edib. Zərərçəkənlərin ailələrinə kompensasiya ödənişi isə 2026-cı ilin aprelində iki ölkənin xarici işlər nazirlikləri tərəfindən razılaşdırılıb. 

Bu haqda verilən birgə bəyanatda minimal detallar yer alıb və yalnız tərəflərin “kompensasiyanın ödənilməsi də daxil olmaqla nəticələrin müvafiq həlli barədə razılığa gəldikləri” bildirilib.

OC Media Rusiya tərəfindən qurbanların ailələrinə müqavilədə nəzərdə tutulan sığorta ödənişlərinə əlavə olaraq adambaşına 50.000 dollar kompensasiya təklif edildiyini öyrənib. Bu məbləği nə Rusiya, nə də Azərbaycan hakimiyyəti rəsmi olaraq təsdiqləyib.

AZAL-ın təyyarəsi Aktauda qəzalı eniş edəndən sonra. 2024-cü ilin dekabrı. Foto: AP

Ödənişlər AZAL vasitəsilə həyata keçirilib. Qurbanların ailə üzvlərinin sözlərinə görə, onlar bu ödəniş təklifini 2026-cı ilin iyununda almağa başlayıblar. OC Media-ya anonimlik şərtilə danışmağa razı olan bəzi ailələr təklif olunan kompensasiya məbləğini yetərli hesab etmədiklərini bildiriblər.

“2025-ci ilin mayında onlarla barışıq müqaviləsi imzaladıq. Sənəd mənim, AZAL və [sığorta şirkəti] “AlfaStrakhovanie” tərəfindən imzalanıb. Bu razılaşmaya əsasən, mən 183.000 manat almalı idim”, – qəzada həlak olan Əlinin (ad dəyişdirilib) atası OC Media-ya deyib. 

Ailəyə AZAL-dan hissə-hissə verilən təzminatın necə hesablandığı və vəsaitin mənbəyi izah edilməyib. Ata deyir ki, ailəyə AZAL tərəfindən son ödənişin 50.000 dollar olacağı və həmin məbləğin Əlinin həyat yoldaşı və valideynləri arasında bölünəcəyi bildirilib. O, hələlik bu son məbləği qəbul etməyib və əlavə ödəniş almaq hüququna malik olub-olmadığı ona aydın deyil.

“Bizə manatla – hər birimizə 28.000 manat ödəyəcəkləri deyildi. Bu, kifayət deyil”, – Əlinin atası deyir. “Oğlumun sağ qalmasını istərdim, amma faciə artıq baş verib və biz onun ölümünə görə belə bir məbləğ almaq istəmirik”.

Atanın ən çox narazı qaldığı məsələlərdən biri də imzaladıqları barışıq müqaviləsində təyyarənin Rusiya tərəfindən raketlə vurulduğunun qeyd olunmamasıdır. Müqavildə təyyarənin qəza etdiyi qeyd olunub. 

“Bu necə ola bilər? Hətta Prezident İlham Əliyev də təyyarənin Rusiya tərəfindən vurulduğunu söylədi. Bütün ailələr bu məsələdən narazıdırlar. Heç kim bizə bunun niyə bu cür ifadə olunduğunu izah etməyib”, – deyə ata vurğulayıb. 

Azərbaycan Prezidenti İlham Əliyev və Pusiya Prezidenti Vladimir Putin Tacikistanın paytaxtı Düşənbədə görüşür, 9 oktyabr 2025-ci il Foto: president.az

İran İslam İnqilabı Keşikçiləri Korpusu Tehrandan Kiyevə uçan Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarəni vurandan sonra İran 176 qurbanın ailəsinə 80.000 dollar təzminat təklif etdi. Nəticədə iki ölkə hər bir qurbana 150.000 dollar ödəmək barədə razılığa gəldi.

Ukrayna həmçinin təyyarənin vurulmasında günahkar olanlar üçün 13 il həbs cəzası tələb etdi. 

Azərbaycan da Rusiyaya qarşı oxşar tələblər irəli sürüb.

Məqalənin dərc edildiyi vaxt hadisə ilə bağlı rəsmi araşdırma davam edib və Azərbaycan mediası sızdırılan məlumatlara istinadən təyyarənin vurulmasında günahkar olduğu iddia edilən rus zabitlərinin adılarını çəksə də, bu haqda rəsmi açıqlama verilməyib. 

Amma İlham Əliyev və digər ölkə rəsmiləri müxtəlif vaxtlarda verdikləri açıqlamalarda təyyarənin qəsdən vurulmadığını iddia ediblər. Hazırda təyyarəyə atəş açan və ya atəş əmri verən hərbçilərin məsuliyyətə cəlb edilməsində hansısa irəliləyişin əldə edilib-edilmədiyi məlum deyil.

Ailənin əsas dolanışığını təmin edən oğlu həlak olandan  sonra anası 61 yaşlı Zeynəbə 28.000 manat ödəniş təklif olunub; o, bu məbləğin onun xərclərini ödəmək üçün kifayət etmədiyini deyir. Azərbaycan qanunlarına görə, Zeynəb, 65 yaşına çatana qədər dövlət pensiyası ala bilməyəcək.

Ana OC Media-ya bildirib ki, oğlunu heç bir məbləğin geri qaytarmayacağını başa düşsə də, yaşamaq və başqalarının köməyindən asılı olmamaq üçün müəyyən məbləğə ehtiyacı var.

Mürəkkəb sığorta prosesi

Qurbanların və sağ qalanların ailələrin hekayəsi Rusiyanın ödədiyi kompensasiya ödənişi ilə bitmir. AZAL və onun sığortaçısı olan “AlfaStrakhovanie” şirkətindən ayrıca sığorta ödənişləri də gözlənilir. 

Sığorta ödənişləri, şəraitdən asılı olmayaraq, aviaşirkətlərin təyyarə qəzaları qurbanlarına kompensasiya ödəmək üçün məsuliyyət müəyyən edən Montreal Konvensiyasına uyğun olaraq həyata keçirilir. Həm Rusiya, həm də Azərbaycan bu konvensiyanı imzalayıb. 

Foto: AP

Bundan əlavə, hər bir ölkə üçün milli qanunvericiliyin tələbləri də mövcuddur. Azərbaycan qanunvericiliyinə görə, AZAL zərərçəkənlərə sığorta kompensasiyası ödəməyə borcludur. Qəzadan sonrakı gün “Sonxeber” AZAL-a istinadən yazıb ki, zərərçəkənlərin ailələrinə 40.000 manat, sağ qalanlara isə 20.000 manat ödəniləcək.

Eynilə, “AlfaStrakhovanie” Rusiya qanunvericiliyinə uyğun olaraq zərərçəkənlərə 2 milyon rubl (26.000 dollar) ödəməyə borclu idi. Lakin, kompensasiyanın məbləği konkret olaraq ailədən ailəyə dəyişə bilir. 

2014-cü ildə Malayziya Hava Yollarına məxsus 370 nömrəli reysin itməsi ilə bağlı kompensasiya iddiaları ilə bağlı CNN-in icmalında qeyd olunurdu ki, “kompensasiyanın məbləği hər bir sərnişinin ailə vəziyyətindən asılı olaraq müxtəlif ailələr üçün əhəmiyyətli dərəcədə dəyişə bilər: yaşı, ailə vəziyyəti, məşğulluğu və gəlir səviyyəsi nəzərə alınmaqla”.

“Təyyarədə 14 fərqli millətdən olan sərnişinlər və heyət üzvləri olduğundan, ödənişin məbləğinə də təsir edə biləcək hüquqi fərqlər mövcuddur”, – CNN-in Malayziya Hava Yollarına məxsus təyyarə ilə bağlı xəbərində deyilir.

“AlfaStrakhovanie”yə görə, 2025-ci ilin fevralına qədər qurbanlara və mərhumun qohumlarına sığorta ödənişləri olaraq ümumilikdə 358,4 milyon rubl (4,7 milyon dollar) ödənilib.

AZAL-ın ödənişləri praktikada necə görünür?

Qəzaya uğrayan təyyarədə 67 sərnişinin olduğunu və onların 38-nin həlak olduğunu nəzərə alsaq, edilən bütün ödənişlərin hesablanması və qeydiyyatı mürəkkəb bir prossesdir.

Əlinin atası deyir ki, AZAL əvvəlcə onlara 94.000 dollar kompensasiya təklif edib; aviaşirkət bu vəsaitlərin dəqiq mənbəyini izah etməyib, lakin məbləği hissə-hissə ödəyib.

“Bilirik ki, AZAL 40.000 manat , daha sonra isə başqa bir məbləğ ödəyib, amma bunun “AlfaStrakhovanie”dən sığorta ödənişi olub-olmadığını bilmirdik. İndi AZAL bizə son ödənişin 50.000 dollar olacağını və artıq ödəmə olmayacağını deyir”, –  ata bildirib.

Ailə OC Media-ya deyib ki, aldıqları kompensasiya ilə bağlı prezidentə müraciət etməyi planlaşdırırlar və bu məbləğin yetərli olmadığını düşünürlər. 

Zeynəbin ailəsi də OC Media-ya bildirib ki, ailə üzvünə görə ödənişlər dollarla deyil, manatla alınıb. Ödənişlərin məbləği Zeynəbin mərhum oğulları ilə qohumluq dərəcəsindən asılı olub: bacıları 24.000 manat, azyaşlı oğlu 85.489 manat, həyat yoldaşı 51.865 manat və anası 81.168 manat alıb. Ailə üzvlərinin sözlərinə görə, AZAL-ın nümayəndələri ciddi şəkildə onlara alınan ödənişlərin məbləğini açıqlamamağı tövsiyyə ediblər.

Qəza qurbanının digər bir qohumu OC Media-ya bildirib ki, AZAL müqavilə imzalamaqda və 50.000 dollarlıq ödənişi qəbul etməkdə israr edib, sağ qalan sərnişinlərdən biri isə anonimlik şərtilə nəşrə AZAL-ın onlara kompensasiya vəd etdiyini, lakin hələ heç nə almadıqlarını bildirib.

“İnsanlar manipulyasiya olunur”

Təyyarə qəzası ilə bağlı Azərbaycanla Rusiya arasında artan gərginliyin fonunda, 2025-ci ilin sentyabrında Rusiya “AlfaStrakhovanie” şirkətinin AZAL-a təyyarənin tam sığorta dəyərini, yəni 1 milyard rubl (13 milyon dollar) ödədiyini açıqlayıb. Bəyanatda həmçinin sərnişinlərə 358,4 milyon rubl (4,7 milyon dollar) ödənildiyi qeyd edilib.

Bu açıqlama Azərbaycan Xarici İşlər Nazirliyinin tənqidilə qarşılanıb. Nazirliyin sözçüsü Ayxan Hacızadə Rusiyanın açıqladığı məbləğlərin Rusiya hökumətindən deyil, sığorta ödənişləri ilə əlaqəli olduğunu bildirib.

Hacızadə “X” sosial media hesabında bu haqda paylaşım edərək qeyd edib ki, “Rusiya sığorta şirkətindən AZAL Hava Yollarına və sərnişinlərinə sığorta ödənişləri ilə ölkəmizin təyyarə qəzası ilə əlaqədar Rusiya hökumətindən kompensasiya tələb etməsi tamamilə fərqli şeylərdir”.

Hacızadə bilirib ki, sığorta ödənişlərini Azərbaycanın Rusiya hökumətindən tələb etdiyi kompensasiya ilə eyniləşdirmək cəhdləri yersizdir. XIN və digər Azərbaycan rəsmilərinin bu anlayışları qarışdırmaq cəhdlərinə etiraz etməsinə baxmayaraq, hökumətyönlü media o vaxtdan bəri mövzunu demək olar ki, işıqlandırmayıb və qəzada həlak olanların və yaralananların qohumlarına jurnalistlərlə danışmaqdan çəkinmək tövsiyə olunub.

AZAL yaranan suallarla əlaqədar OC Media-ya cavab verəcəyinə söz versə də, məqalə dərc olunana qədər sualları cavablandırmayıb. 

Təyyarə qəzasında dünyasını dəyişən Məhəmməd Yeqanov Foto: AP

Hüquqşünas Yalçın İmanov hökuməti müxtəlif ödənişlərlə bağlı şəffaflığın olmamasına görə tənqid edərək bildirib ki, barışıq müqaviləsi və ya məhkəmədənkənar razılaşma məxfi ola bilməz. 

“Belə bir məxfilik təsnifatının verilməsi tamamilə yersizdir; insanlar yanlış istiqamətləndirilir. Burada heç bir məxfi məlumat yoxdur”, – deyə o iddia edir.

O, həmçinin qəzanın səbəbləri ilə bağlı rəsmi araşdırma başa çatmazdan əvvəl barışıq müqaviləsinin imzalanmasının “problemli” olduğunu da vurğulayıb. 

Azərbaycan Xarici İşlər Nazirliyi də OC Media-nın sorğusuna cavab verməyib. 

OC Media hadisə ilə bağlı zərər çəkmiş Qazaxıstan və Qırğızıstan vətəndaşlarına ödənilən kompensasiya ilə bağlı əlavə məlumat əldə etməyə çalışsa da, həmin ölkələrin müvafiq qurumlardan cavab ala bilməyib.

Məqalənin əsli OC Media-da dərc olunub.